Qayıdışınız mübarək, əziz Zəngilanlılar, Qayıdışın, Dik duruşun, Əzmin, Zəfərin mübarək, can Azərbaycan!

Biz qayıdacağıq dedik, biz qayıtdıq, biz qayıtmışıq!

Çox ürəkaçan, çox sevindirici, çox əlamətdar günlər, çox Qürurlu anlar, tarix yaşayırıq.

Düz bir ildir ki, artıq təqvimimizdə qara günlər, işğal günləri, işğal ildönümləri yoxdur.

Silindi tariximizdən, təqvimimizdən, həyatımızdan o qara, ləkəli günlər, sildilər öz qanları, öz canları ilə Vətən sevdalısı Oğullar həmin günləri təqvimimizdən, tariximizdən, həyatımızdan.

Sildilər üstümüzdəki ləkəni, silindi üstümüzdəki qara ləkə.

Düz bir ildir ki, işğaldan azad olunmuş yurd yerlərimizin Qürurunu, İftixarını, Fəxarətini, Sevincini yaşayırıq. Və son bir neçə gündə, son bir neçə həftədə də artıq torpaqlarımızın, yurd yerlərimizin işğaldan azad olunmasının, murdar yağı tapdağından qurtulmasının bir-bir, ard-arda ildönümlərini Fəxrlə, Qürurla qeyd edirik.

Suqovuşanın, Talışın, Cəbrayılın, Füzulinin, Zəngilanın…işğaldan azad edilməsinin, bizlərə – qanuni, hüquqi sahiblərinə qaytarılmasının ildönümlərini sevinc göz yaşlarıyla qeyd edirik, ruhumuzla, canımızla yaşayırıq.

Düz bir ildir ki, Cəbrayılsızlığa, Füzulisizliyə, Zəngilansızlığa…son qoyulub, son qoymuşuq. Düz bir ildir ki, hamımız Suqovuşanlıyıq, Talışlıyıq, Cəbrayıllıyıq, Füzuliliyik, Zəngilanlıyıq və Qarabağlıyıq.

Dağlı, aranlı Qarabağlı və Vahid Azərbaycanlıyıq!

Bizik bu torpaqların qanuni, hüquqi, əzəli və əbədi sahibləri, yiyələri.

Bizlərdən qeyrisi bu torpaqlara sahiblənə, yiyələnə bilməz.

Bu, mümkün deyil, mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq.

İmkan vermərik və imkan verməyəcəyik.

Biz qayıdacağıq dedik, biz qayıtdıq, biz qayıtmışıq!

Bizimdir bu gözəlim Vətən, bizimdir bu torpaqlar, bizimdir Qarabağ, bizimdir cəmi Azərbaycan!

***

Zəngi, Zəngin Zəngilan…

Cəmi iki gün öncə Zəngilana yenidən qovuşmağımızın ilk ildonümünü qeyd etdik.

Qələbə və Zəfərimizin banisi, müəllifi olan Müzəffər Ali Baş Komandan, Qalib, Xilaskar Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyev ən yaxın, ən sadiq silahdaşı Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə həmin əlamətdar gündə yenidən Zəngilana tarixi səfər etdilər.

Hər zaman Azərbaycan xalqının yanında olduqları kimi, Zəngilanın azad olunmasının ilk ildönümündə də Zəngilanlıların yanında oldular, onların sevinclərini birgə və bilrlikdə bölüşdülər.

Qeyd edək ki, bu səfər həm də son 10-11 ay ərzində dördüncü səfər idi Zəngilana… Hər səfər də bir tarix, hər səfər də bir Qələbə, bir Zəfər.

Bu səfərdə də sevinc sevincə, Qürur Qürura, açılış açılışa qarışdı.Növbəti açılışlar, növbəti təməlatmalar…

Belə ki, dövlət başçısı və birinci xanım öncə rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldular. Sonra “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etdilər.

Daha sonra isə Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlət başçısı Zəngilanlılarla görüşündə “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik”-dedi.

Əlbəttə, bu Qələbə, bu Zəfər elə-belə, boşuna olmadı. Uzun illər ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq.

“Mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm. Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq. Ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik. Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi”-deyən Müzəffər Ali Baş Komandan bildirdi ki, indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan həm də ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək.

Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar.

Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur.

Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları – bütün infrastruktur qurulacaq, paralel olaraq təbiətin qorunması, çayların qorunması.

Çıxışı zamanı dövlət başçısı “Bilirsiniz ki, Oxçuçayı ermənilər nə günə qoymuşlar. Oxçuçay təbii fəlakət zonasıdır. Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Biz bu çayları təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz”– deyərək, daha bir mesajını, xəbərdarlığını da səsləndirdi.

Bu mesaj və xəbərdarlıq da ondan ibarət idi ki, həmin xarici şirkətlərin  bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır.

Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb.

Odur ki, Ali Baş Komandanın dediyi kimi, biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Artıq beynəlxalq hüquqşünasları da bu prosesə cəlb etmişik.

Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür.

İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik.

Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək və gələn ildən etibarən Zəngilanlıların öz torpaqlarına qayıdışına start veriləcək.

Qayıdışınız mübarək, əziz Zəngilanlılar, Qayıdışın, Dik duruşun, Əzmin mübarək, can Azərbaycan!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Kürdəmirin sabiq icra başçısı 8 il 6 ay azadlıqdan-MƏHRUM OLUNDU

Read Next

İlham Əliyev, Mehriban Əliyeva və qızları Leyla Əliyeva İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir