Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) deputatları Jalə Əliyeva və Aydın Mirzəzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün oktyabrın 20-də Moldovanın paytaxtı Kişineu şəhərinə səfərə gedəcəklər.
Etikxeber.az-ın xəbərinə görə, tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik. İş yerlərinin yaradılmasının təşviqində dövlətin rolu” mövzusunda müzakirələr aparılacaq.
Toplantıda bir sıra təşkilati məsələlərə də baxılacaq.
Deputatlarımız iclasda qaldırılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər.
Səfər oktyabrın 23-də başa çatacaq.
Saytımıza qısa açıqlamasında isə J.Əliyeva QDİƏT PM-in mühüm platformalardan biri olduğunu, Azərbaycanın sözügedən qurumla səmərəli və effektiv əməkdaşlıq etdiyini xatırladıb:
“Bu gün dünyada bir sıra nüfuzlu beynəlxalq və regional səviyyəli qurumlar var ki, onlardan biri QDİƏT və onun Parlament Məclisidir. Ölkəmiz də bu qurumla neçə illərdir ki, uğurlu əməkdaşlıq edir və əslində bu qurumun təşəbbüskarlarından, təşkilatçılarından biridir. Dünyanın qloballaşdığı, qlobal risqlərin artdığı bir dövrdə bu tipli qurumlara və onlar çərçivəsində əməkdaşlığa ciddi ehtiyac var. Çünki bəzən beynəlxalq qurumlarda istəklərinə, məqsədlərinə çatmaq mümkün olmur və yaxud da, bu, uzun zaman tələb edir, amma bu tipli qurumlarda öz sözünü demək, fikrini, rəyini nəzərə aldırmaq daha tez və daha səmərəli olur.
Azərbaycan parlamenti də bu qurumla uğurlu əməkdaşlığa malikdir. Nümayəndə heyətimiz illərdir bu qurumda layiqincə təmsil olunur, bu qurum çərçivəsində Azərbaycan reallıqlarını, həqiqətlərini, uğurlarımızı, ən əsası, 31 ildən çoxdur üzləşdiyimiz Qarabağ problemini gündəmə, dilə gətirir. Bu quruma üzv olan ölkələrlə yanaşı, bütün dünya Azərbaycan, Qarabağ həqiqətlərinə bir daha şahidlik edir. Çox sevindirici haldır ki, Qarabağ məsələsində ən obyektiv mövqe sərgiiləyən qurumlardan biri də məhz QDİƏT PM-dir.
Qurumun iki il öncə Ukraynada keçirilən toplantısında baş verənlər, Ermənistanın ifşası yəqin ki, çoxlarının yadından çıxmayıb. Həmin vaxt QDİƏT PM Qarabağ məsələsində birmənalı və obyektiv mövqeyini ortaya qoydu, Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi sənəd qəbul etdi. Odur ki, digər qurumlar kimi. QDİƏT PM-lə də əməkdaşlığımız vacibdir, əhəmiyyətlidir. Həmçinin, Azərbaycan reallıqlarının və həqiqətlərinin ortaya qoyulması üçün mühün tribunalardan, kürsülərdən, platformalardandır. Biz də nümayəndə heyəti olaraq, öz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq və bundan sonra da belə olacaq, bu xətt davam etdiriləcək”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.
Etikxeber.az