“Qida təhlükəsizliyi” harada “ilişib” qalıb: AQTA-DA, YOXSA, KTN-DƏ?

Bu ilin yaz sessiyasında ilkin müzakirəsi gözlənilən qanun layihələri arasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi də var idi.

Qanun layihəsi Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin 2019-cu il qanunvericilik işləri planına da daxil edilmişdi.

Hətta, adıçəkilən komitənin sədri, professor Eldar İbrahimov da belə bir qanun layihəsinin müzakirəsi və qəbuluna ciddi ehtiyac olduğunu vurğulamışdı.

O, “Bəzi qaranlıq mərkəzlər tərəfindən xalqların, dövlətlərin məhv edilməsi, onların ələ və sözəbaxan, üçüncü dünya dövlətlərinə – “banan respublikaları”na çevrilməsi üçün geni dəyişdirilmiş, mənşəyi məlum olmayan ərzaq, qida məhsulları dövriyyəyə buraxılır, istehsal və ixrac edilir. Bunlar da xalqlara, dövlətlərə qarşı böyük güc mərkəzləri tərəfindən aparılan savaşın tərkib hissəsi və deyərdim ki, daha təhlükəli, qorxulu hissəsidir. Silahla, müharibə ilə, terror aktları ilə istəklərinə nail ola bilməyəndə məhz bunlar vasitəsilə öz məqsədlərinə çatmaq daha asan və daha rahat olur”-deyərək, bildirmişdi ki, ona görə belə təhlükələrdən, belə risklərdən qorunmaq üçün həm ərzaq, həm də qida təhlükəsizliyi ən vacib və ən prioritet məsələ olmalıdır.

Komitə sədri sonra “Çox sevindirici haldır ki, Azərbaycanda dövlət və hökumət rəhbərliyi səviyyəsində bu istiqamətdə addımlar atılmaqdadır. Bu gün Azərbaycan özünü bir çox ərzaq məhsulları ilə tam təmin etməkdədir. Ölkədə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərməsi və öz əhatə dairəsini genişləndirməsi əhalimizin istehlak etdiyi qidanın təhlükəsizliyinin təmin edilməsinə zəmanət verir. Ölkədə yerli emal müəssisələri, zavod və fabriklər işə düşməklə insanlarımızı öz məhsullarımızla, xüsusilə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etməkdədirlər. Bu gün bazarlarda, ən iri supermarketlərdə artıq geni dəyişdirilmiş məhsullara rast gəlinmir, əksəriyyət öz yerli məhsullarımızdır. Amma bu heç də arxayınlığa, durub sakitcə dayanmağa əsas vermir və verməməlidir. Bu istiqamətdə növbəti addımlar atılmalıdır. Təbii ki, hər bir addımın arxasında hüquqi baza dayanmalıdır”-deyə, bildirmiş və qeyd etmişdi ki,  qida təhlükəsizliyi ilə bağlı qanunun hazırlanması və qəbul olunmasını zəruri edən məqamlar da məhz bunlardır.

Qeyd edək ki, 2019-cu ilin yaz sessiyası başa çatsa da, o cümlədən, növbədənkənar sessiya başa çatmaq üzrə olsa da, adıçəkilən qanun layihəsindən bir xəbər yoxdur.

Onu da qeyd edək ki, adıçəkilən qanun layihəsinin hazırlanması ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və qismən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məşğul olacağı bildirilirdi.

Ancaq həmin qurumlardan da bu barədə hansısa bir açıqlama yoxdur.

Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə isə bu məsələ ilə bağlı iki qurum arasında fikir ayrılığı var, bu səbədən də, qanun layihəsinin ilkin variantının hazırlanıb, parlamentə göndərilməsi mümkün olmur.

aqta

kendteserrufatinazirliyi

meclis-5

“Amma bununla belə, həmin qanun layihəsinin hazırlanması, müzakirələrə çıxarılması yaxşı olardı. Bu, ciddi bir məsələdir. Bu məsələdə AQTA daha çox məsuliyyət daşıyır, onlar bu məsələni tezləşdirməlidirlər, bəhanə gətirməməlidirlər”-deyə, adının çəkilməsini istəməyən mənbə bildirib.

MM-in Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov da saytımıza açıqlamasında bildirib ki, qida təhlükəsizliyi günümüzün ən vacib məsələlərindəndir.

ELDENİZ-QARDAS

O, qeyd edib ki, bu, milli təhlükəsizlik məsələsi qədər önəmli bir məsələdir, çünki indiki və gələcək nəsillərin sağlam inkişafını şərtləndirən başlıca məqamlardan biri də insanların ekoloji cəhətdən təmiz məhsullarla, keyfiyyətli qidalarla təmin edilməsidir.

“Hər gün ətrafımızda, dünyamızda nələr yaşanır, hamımız canlı şahidiyik. Dünyamız sanki qan çanağına çevrilib, hər gün partlayışlar, terraktlar, bomba-silah-raket səsləri eşidilir… Bunlar da nəticə etibarı ilə ekologiyamıza böyük ziyanlar, zərbələr deməkdir. Ekologiya zəhərlənəndə, korlananda da ilk zərbəsi insanları təmin edəcək ərzaq, qida məhsullarına dəyir və bu da sonucda insanların səhhətini, sağlamlığını ciddi təhlükə altında qoyur. Odur ki, həm ərzaq təhlükəsizliyi, həm qida təhlükəsizliyi çox vacib məsələdir. Hər ikisinin də yüksək səviyyədə təmin edilməsi istqamətində ölkəmizdə çox önəmli addımlar atılır. AQTA-nın yaranması da elə bunun bir göstəricidisir. Bu baxımdan, inanıram ki, adıçəkilən qurum və digər strukturlar qida təhlükəsizliyi ilə bağlı qanun layihəsini hazırlayıb, parlamentə təqdim edəcəklər və  biz də öz növbəmizdə ona müsbət münasibətimizi bildirəcəyik”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

“İşğal olunmuş ərazilər”dən nə xəbər var?

Read Next

Narazı ərdoğançılar “Özgürlük və Hukuk”-da birləşir – LİDER BABACAN OLACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir