“Biz yaxın zamanlarda ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi ciddi struktur islahatlarının şahidi olacağıq”.
Bu fikri Etikxeber.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan miillət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili deyib ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-də keçirilən referendumun nəticələrini təsdiqləyəcək. “Bildiyiniz kimi, MSK qanunvericiliyə uyğun olaraq 25 gün ərazində referendumun nəticələrini təsdiq etməlidir. Prezident və parlament seçkilərindən fərqli olaraq referendumun nəticələrini Konstitusiya Məhkəməsi təsdiq etmir. Referendumun nəticələri MSK tərəfindən təsdiqləndikdən qısa müddət sonra ciddi idarəetmə sistemində islahatlara start veriləcək”– deyə, millət vəkili vurğulayıb.
Onun dediyinə görə, ölkə başçısı 2016-ci ili “islahatlar ili” elan edib: “Lakin referendum bu islahatlara təkan verəcək. Belə ki, referendumun nəticələrinə uyğun olaraq idarəetmə sisteminin təkmiləşdirilməsi isitqamətində islahatlara başlanacaq”.
Millət vəkili əlavə edib ki, ölkə başçısının bu günlərdə son 9 ayın yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında da dediyi kimi, dünyada iqtisadi böhran hökm sürür, ancaq böhranlar öz-özlüyündə pis bir əlamət olsa da, bir sıra islahtların sürətli və səmərəli həyata keçirilməsində katalizator rolunu oynadı. “Ümumiyyətlə, həmin iclas çox tarixi və əlamətdar bir iclasdır. Orada ölkəmizdə, o cümlədən, bölgəmizdə və bütövlükdə dünyamızda baş verən proseslərlə bağlı çox ciddi fikirlər səsləndi, mesajlar verildi, çağırışlar edildi. Ölkə başçısı bir daha dünyada hökm sürən siyasi-iqtisadi-hərbi gərginliklərə, katakllizmlərə rəğmən Azərbaycanın ciddi inkişaf yolunda olduğunu, ölkəmizin heç nəyə fikir vermədən bundan sonra da öz yoluyla gedəcəyini, addımlayacağını inamla vurğuladı. Bu da onu deməyə tam əsas verir ki, biz qısa zamanda ölkədə islahatların növbəti dalğasının və bu islahatlar nəticəsində də Azərbaycan xalqının maddi- rifah halının bir daha yaxşılaşmasının şahidi olacağıq. Buna da hər kəs əmin olsun”– deyə, millət vəkili daha sonra bildirib.
Etikxeber.az