“Qorxulusu budur-peyvəndi, müalicəsi heç vaxt tapılmayacaq bəla budur…”-MİLLƏT VƏKİLİ YAZDI VƏ AŞPA MƏRUZƏÇİLƏRİNİ SƏRT TƏNQİD ETDİ

AŞPA məruzəçilərinin son açıqlamalarını absurd, qərəzli, əsassız hesab edirəm və məlum fikirləri  abstrakt səbəbdən, ehtimal olaraq demirəm. Bunu ona görə bu qədər əminliklə deyirəm ki, həmin manipulistləri şəxsən tanıyıram, onlarla zaman-zaman rəsmi statusda görüşmüşəm, üzbəüz gəlmişəm, müzakirə, fikir mübadiləsi aparmışam. Sonuc etibarilə də hər dəfəsində bu qənaətə gəlmişəm ki, saxta imiclə maskalanmış bu cür hüquq və azadlıq aşiqləri  Avropa dəyərlərinin təbliği və tətbiqi üçün deyil, məhz TƏHRİFİ üçün yetişdirilib, meydana buraxılıb və bu səbəbdən də öz ənənəvi missiyalarını reallaşdırmaq üçün neqativ anlamda əllərindən gələni əsirgəmirlər.

Etikxeber.az məlumat xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirərkən söyləyib.

“Azərbaycandakı münbit siyasi mühit nə Bakıdakı görüşümüzdə özünü hüquqşünasdan daha çox politoloq kimi aparan Sunna Evarsdottirin, nə siyasi düşüncəsi AXCP sədrinin donosları ilə formalaşan  Roger Galenin, nə də “dialoq” anlayışının məğzini və etiologiyasını AŞPAz kitablarından əxz edən, mənimsəyən Stefan Şennakın anlayacağı bir mühit deyil. Bu mühit əsl mühitdir. Bu mühit real mühitdir. Bu mühit gerçək dialoq mühitidir. Bu mühit hətta siyasi radikala da millət və dövlət naminə əl uzadılan mühitdir. Bu mühit Parlamentdəki bütün müxalif siyasi partiyaların ən üst mövqedə qərarlaşdığı, qərarlaşa bildiyi mühitdir.  Əlqərəz, bu mühit artıq ikili də deyil, məhz üçlü-beşli standartçıların, AŞPA-nın qərəzçi simalarının, məruzəçi qismində danışacaq yerdə ittihamçı kimi danışanların qavrama “dışında” olan bir mühitdir.

Cənab Prezident Milli Məclisdəki çıxışında nə deyirdi? Deyirdi, “biz həqiqətləri söyləyəndən bir neçə gün sonra hansısa təşkilat bəyənat verəcək, çirkin məqalələr yazılacaq, açıqlamalar olacaq ki, Azərbaycanda o pisdir, bu pisdir. Eybi yox, qoy desinlər. Amma biz indi həqiqətləri olduğu kimi deməsək, sabah bu bizim başımızda sınacaq, çatlayacaq”

Gördünüzmü, İlham Əliyevin proqnozları dərhal gerçəkləşdi. Özünü heç gözlətmədi. Çünki, ölkə rəhbəri daim müstəqil və demokratik siyasət yeritdiyi üçün paralel fonda belələrinin ədalətsiz mövqeyi ilə də az rastlaşmayıb, belələrini yaxşı tanıyır, onlarin xislətinə yaxşı bələddir. Səbəb budur.

Məruzəçilərin açıqlamasını oxuyandan sonra mən özüm üçün belə bir nəticə hasil etdim ki, onlar ölkədə hüquqi nihilizmin varlığını, siyasi mənsubiyyətə görə bütün ağır və orta dərəcəli cinayətlərdən azad olunmanı tövsiyyə edirlər. Onlar qanun qarşısında hər kəsin bərabər öhdəliklər daşımasını iqtidarın öz hakimiyyətini qorumaq cəhdi kimi qiymətləndirirlər… Bu da onların prizması və baxışıdr. Amma bir həqiqəti də bilsinlər ki, Azərbaycan bu cür mədəni şantajlara, təxəyyül uydurmalarına, saxta ittihamlara baş əysəydi indiki Azərbaycan olmazdı. Daha dəqiqi, bu günki qədər müstəqil, qəddi düz, inkişaf edən, daim irəli doğru yön alan Azərbaycan olmazdı!

Digər dövlətin daxili işinə qarışmaq bir qəbahət. Qarışdığında da ədalətin anasını ağlar günə qoyaraq qarışmaq – ikinci qəbahət! Öhdəlik başqa şeydir – “yükləmə” tam başqa bir şey.Dialoq mövzusunun ən parlaq dövründə dialoq ittihamı etmək, ölkənin başının vətəndaş qorumağa yönəldiyi ən həssas məqamda onu qurşaqdan aşağı vurmaq, Azərbaycanı Avropa Şurası ilə hədələmək, onun bu təşkilatdan çıxarılması təklifi ilə şantaj bayrağı yelləmək əgər bir ali təşkilatın ən üst nümayəndəsinin fikir istehkamı və istiqamət meyarıdırsa, o zaman koronavirusdan daha təhlükəli pandemiyaya indidən hazır olaq.

Qorxulusu budur. Peyvəndi, müalicəsi heç vaxt tapılmayacaq bəla budur. İnkubasiya dövrü illərlə davam edən, əlamətləri kvartalda 1 dəfə sezilən, sezildiyində də ressidiv forma alan ümumbəşəri xəstəlik budur. Və məlum siyasi pandemiyanın virus pandemiyasından əsas fərqi ondadır ki, burada MASKA tam başqa təyinatla taxılır!” – deyə, partiya sədri fikirlərinə davam edib.  

Etikxeber.az          

Read Previous

“AŞPA məruzəçilərinin beynində “nifrət virusu” formalaşıb və bu virus hətta koronavirusdan daha təhlükəlidir” – SƏMƏD SEYİDOV AŞPA PREZİDENTİNƏ ŞİKAYƏT ETDİ

Read Next

“Nə bizim radikalların xalq arasında, nə də həmməruzəçilərin AŞPA-da dəstəyi var, eyni durumdadırlar, ciddi qəbul edilmirlər” – SƏMƏD SEYİDOVDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir