“Qoşulmama Hərəkatının Zirvə görüşü ölkə Prezidentinin gücünün, qüdrətinin təsdiqi oldu”-ELDAR İBRAHİMOV YAZIR

Dünyanı başına götürmüş, insanlıq üçün böyük bəlaya çevrilmiş koronavirus pandemiyası şəraitində belə ölkəmiz, dövlətimiz uğurlara, nailiyyətlərə, tarixi hadisələrə çevrilən qələbələrə imza atmaqdadır.

Belə ki, bir müddət öncə məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Əməkdaşlıq Şurası-Türk Şurasının dövlət və hökumət başçılarının videokonfrans şəklində tarixi fövqəladə Zirvə görüşü baş tutdu.

Zirvə görüşündə təkcə Türk Şurasının liderləri deyil, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru iştirak etdi. Həmin Zirvə görüşündə dövlət başçımız son dərəcədə əhatəli və məzmunlu nitq söyləyərək, koronavirus pandemiyası ilə mübarizə aparmağın yollarını göstərdi, öz təkliflərini irəli sürdü və həmin təkliflər hamısı yekun Bəyannamədə əksini tapdı.

Eyni zamanda, həm Türk Şurasının liderləri, həm də ÜST-ün rəhbəri tərəfindən Azərbaycanın bu məsələdə də örnək, nümunə olduğu bəyan olundu və bununla bir daha, ölkə Prezidentinin iradəsi, cəsarəti, Azərbaycanın gücü, qüdrəti bütün dünyaya bəyan edilmiş oldu.

Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, ölkəmiz hansı təşkilatda iştirak edirsə və ya sədrlik funksiyasını yerinə yetirirsə, ona mütləq şəkildə müsbət töhfələrini verir, verməkdədir və bundan sonra da verəcəkdir…

Təbii ki, belə də oldu, gözləntilər bir daha özünü doğrultdu. Həmin tarixi hadisədən bir az sonra Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans şəklində görüşü baş tutdu.

Bu görüş, bu təşəbbüs də məhz Azərbaycanın Avropadakı və dünyadakı yerini, nüfuzu, çəkisini göstərmiş oldu. Bu görüşün özü də ölkəmizin bütün çətin situasyalarda düşünülmüş və soyuqqanlı qərarlar verə bilməsinin əyani nümayişinə çevrildi.

Bankın prezidenti tərəfindən açıq və birmənalı şəkildə etiraf olunan “Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər, addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz”-sözləri Azərbaycanın gücü, qüdrəti, müstəqil inkişaf xətti ilə bağlı deyilənlərin təsdiqi oldu…

Daha bir uğur, daha bir nailiyyət…Cəmi iki gün dövlət başçısı yenə tarix yazdı, yenə zəfərə imza atdı. BMT-dən sonra dünyanın ikinci nəhəng və nüfuzlu təşkilatı olan, ətrafında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının videokonfrans formasında tarixi Zirvə görüşünə nail oldu. Bu Zirvə görüşü də təşkilata 3 illik sədrlik finksiyasını həyata keçirən müstəqil Azərbaycanın müdrik Lideri İlham Əliyevin təşəbbüsü və iradəsi nəticəsində baş tutdu.

Bu yerdə qeyd edim ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi. Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirildi.

Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürdü. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edildi.

Son Zirvə görüşü də bir daha bu yolda atılan ən mühüm addımlardan biri oldu. Azərbaycan Prezidenti növbəti dəfə parlaq, məzmunlu, gələcəyə hesablanmış nitq söyləməklə, Azərbaycanın pandemiya ilə mübarizədə qətiyyətli, bu məsələdə də dünyaya nümunə olduğunu nümayiş etdirdi. Eyni zamanda, pandemiyadan əziyyət çəkən Qoşulmama Hərəkatına üzv olan ölkələrə öz maddi yardım əlini uzatdı, əlavə 5 milyon dollarlıq ianənin ediləcəyini bildirdi.  

Eyni zamanda, ölkə rəhbəri tərəfindən  vurğulandı ki,  qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır.  Həmçinin, belə bir əminlik də ifadə olundi ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcək.

Bəli, Hərəkatın üzvü olan 40 dövlət başçısının, ÜST, Avropa Komissiyası və Afrika İttifaqı rəhbərliyinin iştirakı ilə baş tutan möhtəşəm Zirvə görüşü müasir tariximizə qızıl hərflərlə həkk olundu.

Beləliklə, Zirvə görüşü göstərdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

Bu görüş həm də Azərbaycanın, ölkə Prezidentinin gücünün, qüdrətinin təsdiqi oldu.

Bu güc, bu qətiyyət isə bizləri hələ daha çox uğurlara, nailiyyətlərə, qələbələrə imza atdıracaq!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü

14:06, 6 may

Etikxeber.az      

Read Previous

“Gənclik illərimdən bəri idmanla məşğulam və bütün qaydalara riayət edirəm”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Adəm övladının qərinələrdir başına gələnlər elə ən çox onun özünün xətası üzündən gəlib və gəlir”-JALƏ ƏLİYEVA ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir