“Qoy Ermənistan tək qalsın…”-ZİYAFƏT ƏSGƏROV

Ziyafət ƏSGƏROV: “Biz dəfələrlə demişik, yenə də deyirik: hərb variantı gündəlikdən heç vaxt çıxmayıb və çıxmayacaq. Bu daim məsələ gündəlikdədir…”

Etikxeber.az Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun müsahibəsini təqdim edir:

-Ziyafət müəllim, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün 130-da çox ölkə tərəfindən dəstəklənməsini, o cümlədən, BMT rəhbərliyi tərəfindən buna reaksiyanı necə qiymətləndirirsiniz?

-Əvvəla, bu hadisəni çox müsbət, tarixi hadisə kimi qiymətləndirirəm. Bu, ölkəmizə, dövlət başçımıza olan növbəti etimadın göstəricidir. Bu təşəbbüs həm BMT tərəfindən, həm də 130-dan çox dövlət tərəfindən yüksək qiymətləndirilib, dəstəklənib. Hesab edirəm ki, BMT rəhbərliyi bu 130 dövlətin səsinə səs verəcək və ilk dəfə olaraq, həmin təşkilat səviyyəsində Azərbaycanın təşəbbüsü ilə COVİD-19-a qarşı birgə mübarizə ilə bağlı xüsusi sessiyanın keçirilməsi təşkil olunacaq. Mənim bildiyimə görə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Prezidentin bu müraciətinə cavab verməlidir və ondan sonra bu xüsusi sessiya keçirilməlidir. Çünki bu pandemiya elə bir bəladır ki, bir dövlətin gücüylə həll olunan məsələ deyil.

Bu, bütün planeti bürüyüb və planeti təşkil edən dövlətlərin də borcudur ki, yığışsınlar bu məsələni bir yerdə müzakirə eləsinlər. Azərbaycan irəli çıxıb, təşəbbüs irəli sürüb, bu təşəbbüsü dəstəkləyiblər, sağ olsunlar. İndi növbə BMT-nin və 130 dövlət də daxil olmaqla, digər üzv dövlətlərindir, yığışsınlar, məsələləri müzakirə etsinlər. Hesab edirəm ki, bu müzakirələrin çox böyük faydası ola bilər. Hər bir dövlət öz gördüyü işlə, öz təcrübəsi ilə bağlı məlumat verə, təcrübə mübadiləsi, əməkdaşlıq aparıla bilər. Eyni zamanda, belə bir sessiyanın çağırılması bu bəlanın qarşısının alınması gününü də yaxınlaşdıra bilər.

Əsas odur ki, bu sessiya baş tutsun və belə bir müzakirələr aparılsın. Mən bir daha hesab edirəm ki, bu, Azərbaycana edilən çox böyük hörmətdir, ehtiramdır, etimaddır. Azərbaycan, mən deyərdim ki, son illər dünyada sayılıb-seçilən dövlətlərdəndir. Onun başçısının şəxsiyyətinə, yəni, möhtərəm Prezidentimizin şəxsiyyətinə çox böyük hörmət var. Çünki dəfələrlə sınanılıb ki, Azərbaycan dövləti verdiyi sözü təkcə söz xatirinə verməyib, əməli ilə bunu yerinə, sübuta yetirib. Bizdə-Azərbaycan dövlətində, dövlətimizin başçısında söz və əməl həmişə vəhdət daşıyıb. Xarici dövlətlər, bizə ehtiram bildirən ölkələr də bilirlər ki, Azərbaycan bu məsələdə təşəbbüs göstəribsə, deməli, bu sessiya çağırılmalıdır.

Qeyd etdiyim kimi, koronavirus bütün dövlətləri təhdid edir. Bu koronavirus elə bir bəladır ki, hər bir dövlətin milli təhlükəsizlik məsələsidir. Hətta, hər bir dövlətin genefondunun təhlükəsizliyi məsələsidir. Çünki burada hər bir xalqın xəstəliyə tutulmuş övladının gələcəyi necə olacaq, hansı problemlər yaradacaq və sair, biz onu bilmirik. Bu xəstəliyi indiyə qədər tədqiq edən adam olmayıb. Bu xəstəliyin spesifik dərmanları, peyvəndi məlum deyil. Belə problemlər var. Hesab edirəm ki, bu problemlər hamısı orada müzakirə olunacaq və çalışılacaq ki, bu dərmanların, peyvəndin tapılması məsələsi də müzakirə edilsn…

-Ermənistanın bu təşəbbüsün əleyhinə çıxmasını necə qiymətləndirirsiniz?

-Bəli, Ermənistan bunun əleyhinə çıxıb. Təsəvvür edin ki, bu dilənçi dövlət, əgər ona dövlət demək mümkünsə, pandemiyaya qarşı pul dilənir, halbuki bu sessiyanın çağırılmasındakı məqsədlərdən biri elə imkansız dövlətlərə həm də yardım məsələsidir. Ona görə əslində Ermənistan bu təşəbbüsə ikiəlli qoşulmalı idi. Amma nə var, nə var bunu Azərbaycan edib, düşmənçiliyini göstərməlidir axı?! Odur ki, bunun əleyhinə çıxıb. Çıxsın, özü bilər. Amma 130 dövlət bizi dəstəkləyib. Qoy tək qalsın.

-Yeri gəlmişkən, bu sessiyada Qarabağ məsələsi də müzakirə mövzusuna çevrilə bilərmi?

– Biz hər bir platformadan istifadə edərək, bu məsələni qaldırırıq. Çünki, bu, bizim ərazi bütövlüyümüz məsələsidir. Bu, bizim suverenliyimiz məsələsidir. Bu, bizim müstəqilliyimiz məsələsidir. Sərhədlərimizin toxunulmazlığı məsələsidir. Ona görə də lazım gəlsə, bu məsələ də müzakirə oluna bilər.

-İndiki qarışıq, bir çoxlarının, supergüclərin başlarının özünə qarışdığı bir dövrdə Azərbaycan hərb variantına əl ata bilərmi?

– Biz dəfələrlə demişik, yenə də deyirik: hərb variantı gündəlikdən heç vaxt çıxmayıb və çıxmayacaq da. Bu məsələ gündəlikdədir.

-Eyni zamanda, həmin güclər Azərbaycanın hərb variantına əl atmasına sonacan imkan verərlərmi?

– İndi hər halda biz də hesablayırıq. Nə zaman, hansı şəraitdə, o, artıq bizim özümüzün işimizdir. Biz də reallıqları hesablayırıq, amma nə zaman hansı qərarın veriləcəyi bizdən asılıdır. Amma bu məsələ heç zaman gündəlikdən çıxamayıb.

18:05, 29 iyun

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Parlamentə xanım sədrin seçilməsi bugünkü Azərbaycan gerçəkliyinin bir göstəricisidir…”-MUSA QASIMLI

Read Next

“Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi: “Özəl şirkətdir, işlərinə qarışa bilmirik”- dedi…”-SABİR RÜSTƏMXANLI NARAHATDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir