“Qoyduğumuz pulları nə zaman çıxara biləcəyik?” – DEPUTAT

Vahid Əhmədov: “Azərbaycanın özünün investisiyaya çox böyük ehtiyacı var”

Serbiyada E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycanın bu ölkəyə ayırdığı kredit vəsaitlərinin istifadə müddəti 2 il artırılır.

Etikxeber.az xəbər verir ki, bu barədə noyabrın 17-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borc alan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında  2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişiklik edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, Serbiya tərəfindən iqlim şəraiti, lisenziyaların alınması və s. məsələlərə görə, yolun inşası müddəti uzanıb: “İndiyədək Azərbaycan tərəfi Serbiyaya 271 milyon avro kredit ayırıb. Kredit illik 4%-lə 15 il müddətinə verilib. İndiyədək Serbiya tərəfi kreditə görə Azərbaycan tərəfinə 40 milyon avro ödəniş edib. Noyabrın 23-dək isə növbəti 15 mln. avro ödəyəcək. Sazişə əsasən, yol istifadəyə veriləndən sonra 1 il sınaq müddəti olmalıdır. Bu sınaq müddəti başa çatanda sonuncu ödəniş edilir. Başqa sözlə, 2017-ci ilin sonunda Azərbaycan tərəfi Serbiyaya ayırdığı kreditin sonuncu tranşını köçürəcək”.

Azərbaycanın özünün investisiyaya ehtiyacı olduğunu deyən millət vəkili Vahid Əhmədov dünyadakı iqtisadi böhranın Azərbaycana təsirsiz ötüşmədiyini qeyd edib. Bunu əsas gətirən deputat Serbiyaya ayrılacaq vəsaitdən Azərbaycan tərəfinin qazancı ilə maraqlanıb: “Bu gün Azərbaycanın özünün investisiyaya çox böyük ehtiyacı var, nəinki xarici ölkəyə sərmayə qoyuluşuna.  Onun sözlərinə görə, Azərbaycan dövləti və hökuməti bu gün ölkənin bir sıra sənaye sahələrini yaratmaq üçün xarici investisiya axtarır. “Bu qərar dövlət başçısı tərəfindən verilib və müsbət də qərardır.Vəsaitin ayrılma müddəti niyə uzadılır ki? Axı yol artıq çəkilib, qurtarıb və istifadəyə də verilib. Hətta, bu gün mediada məlumat da getdi ki, serbiyalılar artıq yolu dağıtmağa başlayıblar. Niyə görə müddət uzadılır ? Əgər uzadılma ilə əlaqədar Azərbaycanın dövlət büdcəsinə vəsait daxil olacaqsa, bu, başadüşüləndir. İkincisi isə biz bu yola sərf etdiyimiz 300 milyon avrodan əlavə nə qədər vəsait götürəcəyik? Bunları bilməliyik”- deyə, millət vəkili vurğualyıb. O, əlavə edib ki, çünki Azərbaycan burada kreditor kimi çıxış edir:“Yəni, bu müqavilənin Azərbaycan üçün beynəlxalq əhəmiyyətini başa düşürük. Amma iqtisadi əhəmiyyəti çox maraqlıdır ki, Azərbaycan əgər əlavə vaxt verirsə, əlavə vəsait də buaradan götürülməlidir. Ümumiyyətlə, mən millət vəkili olaraq hazırki durumda Azərbaycanın ölkədən kənara sərmayə qoymasının tərəfdarı deyiləm. Azərbaycanın özünün çox böyük sərmayələrə ehtiyacı var. Bilmək istəyirəm ki, Serbiya ilə olan bu müqavilə nə zaman yekunlaşacaq və bura qoyduğumuz pulları nə zaman çıxara biləcəyik?”

Millət vəkilinin sualına cavab olaraq S. Babayev qeyd edib ki, Serbiya tərəfinə kredit 2012-ci ildə ayrılıb: “Həmin dövrdə Azərbaycan 1,5%-lik borclanmaya gedibsə, Serbiyaya 4%-lik kredit ayırıb. Yəni, bu kreditdən Azərbaycan tərəfi qazanır. Çin hökuməti Serbiyada iri layihə həyata keçirir. Serbiya hökuməti Azərbaycan şirkətinin burda keyfiyyətli iş görməsini əsas gətirib, Azərbaycan şirkətinin də bu layihədə iştirak etməsində maraqlı olduğunu bəyan edib”.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan tərəfi Serbiyaya ayırdığı kreditə görə, 150-200 mln. avro gəlir əldə edəcək.

Xatırladaq ki, Azərbaycan sözügedən yolun tikintisi üçün Serbiyaya 300 mln. avro kredit ayırıb.

Müzakirələrdən sonra sənəd MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Noyabrın 30-dan dövlət büdcəsinin müzakirələrinə başlanacaq

Read Next

Prezident: Özümüzü təqdim etmək üçün hələ çox işlər görməliyik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir