Qubanın İkinci Vətən Müharibəsi Şəhidləri: AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, SUBAY, 4 MEDALLI HƏMZƏ ƏLİYEV, EVİN 3 ÖVLADINDAN BİRİ, 4 MEDALLI, BİR QIZ ATASI, XTQ-ÇI, ŞUŞA FATEHİ RUSLAN BAYRAMOV – HƏMZƏ ƏLİYEVİN AİLƏSİ EVLƏ, MƏNZİLLƏ TƏMİN OLUNACAQMI, RUSLAN BAYRAMOVUN ORDEN HAQQI TANINACAQMI? – FOTOLAR

Bu gün, 12 yanvar tarixində Quba rayonunda daha iki Şəhidin ailəsini ziyarət etdik…

Və Şəhid ailələrinə baş çəkməzdən, onları ziyarət etməzdən öncə Quba Şəhidlər Xiyabanında olduq…

Birinci və İkinci Qarabağ Şəhidlərinin (bir qisminin) məzarlarını ziyarət etdik…

Ziyarətdə isə Qubalı Şəhidlərimizdən-İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Faiq oğlu Abduləlimovun anası Tünzalə xanım və onun qudası, Birinci Qarabağ Savaşının Şəhidi Hacıbaba Məmmədtağı oğlu Əliyevin qardaşı İbrahim kişi və qardaşı oğlu Mətləb bəy iştirak edirdi…

Ziyarət zamanı Şəhidlərimizin məzarları önündə ehtiramla baş əydik, onların müqəddəs ruhlarına dualar etdik, ailələrinə, əzizlərinə Allahdan səbr və dözüm dilədik…

Qeyd edim ki, Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən-50 Şəhiddən 18-i Şəhidlər Xiyabanında dəfn olunub…

Təxminən yarım saat çəkən ziyarətdən sonra Qubanın Aşağı Atuc kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından, iki oğlundan biri, dörd medallı, subay Həmzə Tərlan oğlu Əliyevin ailəsinə, anası Gülminaz xanıma baş çəkdik…

Şəhidimiz 1998-ci oktyabr ayının 1-də sadə, zəhmətkeş, olduqdca kasıb bir ailədə dünyaya gəlib…

Ailənin ikinci oğul övladı olub…

Atasını 2007-ci ildə, cəmi 9 yaşında itirib…

Və həmin gündən anası Gülminaz xanım ona və qardaşına həm analıq, həm də atalıq edib…

Onları zülm-zillətlərlə, çox əziyyətlərlə böyüdüb, onların yolunda saçlarını sözün əsl mənasında süpürgə edib…

Həmzə 2016-2018-ci illərdə hərbi xidmətdə olub, Vətənin keşiyini çəkib, sonra evinə, anasının və tək qardaşının yanına qayıdıb…

İkinci Vətən Müharibəsinə, 21 sentyabr səfərbərliyinə kimi fəhləliklə məşğul olub, ailəsinə kömək əli uzatmağa çalışıb…

Və 21 sentyabr tarixində səfərbərliyə cəlb olunub, İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib…

Və İkinci Vətən Müharibəsinin 25-ci günündə, oktyabrın 21-də Xocavəndin Düdükçü kəndi istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Və nəşi bir gün sonra, 22 oktyabrda Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Ziyarət zamanı Şəhidimizin anasına bir daha başsağlığı verdik, bir daha ona və bugünlərdə ailə həyatı quran tək övladına səbr dilədik…

Və qeyd etdiyim kimi, Şəhidimizin ailəsi çox çətin və çox acınacaqlı bir şəraitdə yaşayıb…

Necə deyərlər “ev” adına daxmada, kümədə yaşayıb və yalnız Həmzənin Şəhidliyindən sonra bir balaca “ev”ə əl gəzdirilib…

Ancaq əl gəzdirilsə də, “ev”in halı, vəziyyəti, şəraiti ortadadır və çox ürək ağrıdır…

Və Şəhidimizin ailəsinin yeni evlə, yeni mənzillə təmin edilməsi lazımdır və vacibdir…

Və inanmaq və ümid etmək istərdik ki, Şəhidin ailəsinin durumu, şəraiti gec də olsa, nəzərə alınacaq, onlara həssaslıq göstəriləcək və tez bir zamanda evlə, mənzillə təmin olunacaqlar…

Yenə də inanmaq və ümid etmək istərdik!

Təxminən 40 dəqiqə çəkən ziyarətimizdən sonra Şəhidimizin anası və yaxınları ilə sağollaşıb, Qubanın Əlibəyqışlaq kəndinə yol aldıq…

Əlibəyqışlaqın 3 İkinci Vətən Müharibəsi Şəhidindən biri, 24 yaşında Şəhidlik məqamına ucalmış, ali təhsilli hərbçi, Baş leytenant, 4 medallı, bir qız atası Ruslan Azər oğlu Bayramovun ailəsini, valideynlərini ziyarət etdik…

Qeyd edim ki, Ruslan ailənin 4 övladından biri olub…

1996-cı ilin oktyabr ayının 10-da anadan olub…

Ailədə iki bacı, iki qardaş olublar…

Bacıları Arzunu çox vaxtsız, iki yaş yarımlığında itiriblər…

Ruslan 9 illik təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib və oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub…

Ali Məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında (NMR) hərbi fəaliyyətə göndərlib, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) çalışıb- özü də düz bir il səkkiz ay…

Və İkinci Vətən Müharibəsinin ilk günündən XTQ-çı kimi döyüşlərdə, ən ağır nöqtələrdə olub…

Döyüş yolu da uzun və şərəfli olub…

Füzulidən Şuşayacan döyüş yolu keçib…

Və Şuşa fatehlərindən biri olub…

Və Şuşanın işğaldan azad olunmasından bir gün sonra, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, ayın 9-da qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib…

Atası və digər yaxınları Ruslanın Şəhidliyindən xəbət tutsalar da, anası Aygün xanımdan bu acı xəbəri 4 gün gizlədiblər…

Yalnız ayın 13-də oğlunun Şəhidliyindən xəbəri olub və bir gün sonra, 14 noyabr tarixində Ruslanın nəşi Əlibəyqışlaq qəbiristanlığında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 4 medalla təltif olunub…

Ruslan həm də ailəli, bir qız atası olub…

Qızına isə vəfat etmiş bacısının-Arzunun adını qoyub…

Arzusunun üzünü isə heç düz-əməlli görməyib…

Şəhidlik zirvəsinə ucalanda balaca Arzusu cəmi 3 ay yarımlıq olub…

Və Arzusu ailəsinə, canından çox sevdiyi ailəsinə əmanət qalıb…

Və bu gün balaca Arzusu bir yaş yarımlıqdır…

Atasının ruhu kömək olsun, atasının torpağı sanı yaşasın!

Ruslanın ailəsinə,valideynlərinə-anası Aygün xanıma və atası Azər kişiyə də başsağlığı verdik, onlara da bir daha səbr dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Onu da qeyd edim ki, Şəhidimizin ailəsi övladlarının Azərbaycanın ən yüksək ordenlərindən biri ilə təltif olunmasını istəyir və arzulayır…

Həmin günü səbrsizliklə və böyük ümidlə gözləyirlər…

Bildirirlər ki, övladları ən yüksək ordenlərdən birini HAQQ edir və bu baxımdan, Onun HAQQI verilməlidir…

Arzuları, istəkləri, tələbləri tam haqlıdır və yenə də inanmaq, ümid etmək istərdik ki, Şəhidimizin Haqqı yerini tutacaq, HAQQ etdiyi ordenlərdən biri ilə təltif olunacaq.

Allah hər iki Şəhidimizin və cəmi Qubalı Şəhidlərimizin məkanlarını bir daha cənnətlik etsin, bir daha məzarları Nurla dolsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Quba-Aşağı Atuc-Əlibəyqışlaq, 12.01.2021

Etikxeber.az

Read Previous

“Heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq…”-İlham Əliyevin yerli televiziya kanallarına-NÖVBƏTİ MÜSAHİBƏSİ – FOTO – YENİLƏNİB

Read Next

Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək-GƏLƏN AY – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir