“Qüdrətli Azərbaycan və onun müdrik lideri var” – ZİYAD SƏMƏDZADƏNİN ŞƏRHİ

Ziyad Səmədzadə: “Azərbaycan bundan sonra da bütün hədəflərinə çatacaq”

2008-ci ildən başlanan və dünyanı başına alan maliyyə-iqtisadi böhranın davam etməsinə, qlobal risqlərə və kataklizmlərə, siyasi, hərbi, qanlı qarşıdurmaların gündən-günə artmasına baxmayaraq, ötən illər ərzində Azərbaycan dinamik və sıçrayışlı inkişaf tempini qoruyub, saxlaya, öz iqtisadiyyatını gücləndirə, dayanıqlı edə, regionun, bölgənin sabitlik və təhlükəsizlik adasına çevrilməyə nail ola bilib. Düzdür, 2015-2016-cı illərdə dünyada neftin qiyməti kəskin şəkildə uçuzlaşsa və dalbadal iki ağır devalvasiya yaşansa da, Azərbaycan bir dövlət və cəmiyyət olaraq, bu prosesdən, bu mərhələdən, bu sınaqdan da uğurla çıxa bildi, dövlət başçısının son dərəcədə düşünülmüş və uzaqgörən siyasəti, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində ikinci mərhələyə start verilməsi ilə iqtisadi inkişaf tempi əvvəlki vəziyyətinə qaytarıldı, Azərbaycan regionun və bölgənin lider dövləti olaraq, dünyadakı yerini və mövqeyini daha da gücləndirdi. Elə ötən son 3 ildə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq siyasi, iqtisadi, humanitar, mədəni, hərbi təbdirləri buna misal göstərmək olar. Azərbaycan beynəlxalq humanitar forumlara, beynəlxalq musiqi-muğam festivallarına, dünya və Avropa çempionatlarına, 4-cü İslamiadaya, “Formula 1” yarışlarına, “Üçlər”in (söhbət Azərbaycan, Rusiya və İran prezidentlərinin “Üçlər” formatından gedir) və digər tədbirlərə çox möhtəşəm və ehtişamlı şəkildə evsahibliyi etdi, heç biri regional, beynəlxalq, transmilli layihənin yarımçıq dayandırılmasına, bu istiqamətdə işlərin axsadılmasına imzkan və izn vermədi. Ələt Azad İqtisadi zonasının yaradılması, may-iyul aylarında iki nəhəng layihənin- Cənub Qaz Dəhlinin və “TANAP”-ın təntənəli açılış mərasiminin düzənlənməsi, ötən ilin sonlarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttininin işə salınması, TAP-la bağlı işlərin sürətləndirilməsi və yekunlaşdırılması istiqamətində davamlı addımların atılması, düz 22 illik müzakirələrdən sonra Azərbaycanın da yaxından iştirakı, qatqısı və töhfəsi ilə Xəzəryanı 5 dövlət başçısın bir ayara gələrək, Aktauda Xəzərin hüquqi statusunu müəyyənləşdirən Bəyannaməyə imza atması və sairə ölkəmizin, dövlət rəhbərimizin nə qədər böyük güc və iradə sahibi olmasının əyani və bariz nümunəsidir.

Bunu  Etikxeber.az-a geniş açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib.

musa-ilya-1

O, qeyd edib ki, bütün deyilənlər və xatırladılanlar oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasıda və iclas zamanı ölkə prezidentinin etdiyi giriş və yekun çıxşılarında da bir daha özünün konkret rəqəmlərlə və faktlarla əksini tapıb:

“Bildiyiniz kimi, hər 3 aydan bir dövlət başçısının iştirakı və sədrliyi ilə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslar keçirilir. Bu da həmin iclaslardan, növbətilərindən biri idi və deyərdim ki, hər bir iclas özü bir tarixdir, bir hadisədir. Çünki bu iclaslarda, sadəcə,  quru rəqəmlər səsləndirilmir, sadəcə, sözlər deyilib, bununla kifayətlənilmir, bu iclaslarda Azərbaycanın daha da irəliyə getməsi, öz sabitliyini, təhlükəsizliyini, inkişafını daha da möhkəm və dayanıqlı etməsi yolunda konkret hədəflər müəyyənləşdirilir, çağırışlar edilir, mesajlar verilir. Bu dəfə də məhz belə oldu. Ölkə başçısı hər iki çıxışında çox dolğun, çox əhatəli, çox məzmunlu şəkildə ölkədə, ətrafımızda, dünyamızda yaşananlara münasibət bildirdi, növbəti və gələcək hədəflərimizin anonslarını verdi”.

Z. Səmədzadə sonra bildirib ki, artıq başa çatmasına 3 aydan da az vaxt qalmış 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra etdiyini diqqətə çatdıran ölkə rəhbəri ölkəmizin, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını dilə gətirib:

“Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır”-deyə, bəyan edən Azərbaycan prezidenti belə olan vəziyyətdə özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qoruduğumuzu və qorumalı olduğumuzu vurğuladı.

800px-Ziyad_Səmədzadə

O, “Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”-deyərək, bu istiqamətdə bir çox addımların, o cümlədən xarici siyasətlə bağlı addımların atıldığını və davam etdirilməli olduğunu söylədi. Dedi ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkə rəhbərləri, həmkarları ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşləri olub. Yəni, bu ilin doqquz ay ərzində 12 ölkəyə səfər edib, 15 dövlət və hökumət başçısı isə Azərbaycana səfərlərini reallaşdırıb. Bu yerdə onu da xatırlatmaq gərəkdir ki, bunlardan 4-ü elə Azərbaycan və Rusiya prezidentlərinin son 4 ayda 4 dəfə bir araya gəlməsidir. Bu görüş və səfərlər hər iki dövlətin və xalqın tarixində çox mühüm hadisələr kimi bundan sonra da öz sözünü deyəcək, müsbət töhfələrini verməkdə davam edəcək.

Dövlət başçısı da çıxşında “Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”-deyərək, fikirlərini davam etdirdi və bildirdi ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıb, qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlər olub və bu görüşlərdə əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələri möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Bununla yanaşı, müsəlman-Şərq ölkələri ilə əlaqələr həmişə olduğu kimi diqqət mərkəzində saxlanılıb. Çünki bu, Azərbaycanın xarici siyasətinin prioritet məsələlərindən birini təşkil edir.  Konkret şəkildə qeyd etməli olsaq, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal və dəyərli üzvü olmaqla, bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə İslam həmrəyliyini göstərir və bunu təbliğ edir. Təsadüfi deyil ki, keçən il ölkəmizdədə “İslam Həmrəyliyi İli” elan olunmuşdu.

Çıxşında bu istiqamətdə fikirlərini davam etdirən cənab prezident “Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik. Təsadüfi deyil ki, bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik, qiymətləndiririk. Eyni zamanda, əlbəttə ki, bu qərar bizim İslam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaqdır. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilmişdir və həm İslam aləmində, həm Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir, bu səylərin gözəl nəticələri var”-deyə, sözlərinə sözlərinə əlavə etdi.

mus-ilya

Eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atıldığını, doqquz ayın göstəricilərinə əsalanaraq,  Azərbaycan öz hədəflərinə, istədiyinə nail olduğunu, iqtisadiyyatın, yəni, Ümumi Daxili Məhsul (ÜDM) 0,8 faiz artdığını dilə gətirən dövlət rəhbəri qeyd etdi ki,  qeyri-neft sektorundakı artım 1 faiz təşkil edib,  sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Bu göstəricini Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsi kimi xarakterizə edən İlham Əliyev cənabları son illərdə  ölkədə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı, dəstək göstərildiyini, nəticədə də ardıcıl artımın müşahidə olunduğnu diqqətə çatdırdı. Həmçinin, ümid etdiyini ifadə etdi ki, növbəti illərdə bu artım daha da böyük olacaq.

Dövlət başçımız “Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir”-deyərək, bununla yanaşı, inflyasiyanın cəmi 2,6 faiz, əhalinin gəlirləri isə 9,5 faiz təşkil etdiyini,  gəlirlərin inflyasiyanı üstələdiyini sözlərinə əlavə etdi. Onu da bildird ki, inflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, Azərbaycanın maliyyə vəziyyəti çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.

Həmçinin, məlum oldu ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub və ən əsası sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Yəni, bunun özü iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək. Eyni zamanda, valyuta ehtiyatlarımız artdığı, valyuta ehtiyatlarımız 45 milyard dollara çatdığı, ilin əvvəlindən bəri  əlavə 3 milyard dollar yığıldığı məlum oldu.

Dövlət başcısı bu məqama da toxunaraq, “Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir.

Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır…”-deyə, fikirlərini davam etdirdi.

Bununla yanaşı, yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcəyi, bu zavoda çox 6 milyard dollardan çox vəsait qoyulduğu, oradan hər il yüz milyonlarla dollar gəlir götürə biləcəyimiz vurğulandı. Eyni zamanda, bu il qaz hasilatımızın artırılacağı,  konkret olaraq, “Şahdəniz-2”dən qaz gəldiyi və gələn il, ondan sonrakı illərdə qazın daha da artacağı məlum oldu. Həmçinin, qeyd edildi ki, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrasında da heç bir problem yoxdur.

Ölkə rəhbəri “Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq”-deyərək, bu yöndəki fikirlərini tamamladı”.

Z. Səmədzadənin qeyd etdiyinə görə,  çıxışı zamanı dövlət başçısı uğurlarla, nailiyyətlərlə yanaşı, bir çox həlli vacib olan məsələləri də dilə gətirib.

Xüsusilə, vergi orqanlarında ciddi struktur islahatları aparıldığını deyən ölkə prezidenti əsas vəzifənin kölgə iqtisadiyyatının aradan qaldırılması olduğunu xatırladıb:

“Dövlət başçımızın da qeyd etdiyi kimi,  heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Odur ki, Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır və bu addımlar sürətləndirilməlidir.

“Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər”-deyən ölkə rəhbəri bir daha anons etdi, sərt şəkildə mesaj verdi ki, heç kimə heç bir güzəşt edilmir və edilməyəcək.  Xüsusilə də, bəzi sahibkarların bəzi dövlət məmurlarına arxalandığını, amma o dövrün artıq keçdiyini vurğulan dövlər başçısı qətiyyətlə bildirdi ki, onlar bundan sonra heç kimə arxalanmasınlar. Yəni,  əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq.

“Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”-deyən cənab prezident sonra ölkədə uçot sisteminin yaradılması prioritet məsələlərdən biri olduğunu, əvvəlki illərdə də bu məsələni dəfələrlə  qaldırdığını, ancaq əfsuslar olsun ki, müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına nail ola bilinmədiyini söylədi. Bununla belə, dedi ki, indi bu sistem yaradılır,  qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün praktiki addımlar atılır.

“Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, – nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, – vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”-deyərək, Azərbaycan prezidenti səffaflığın vergi və gömrük orqanlarında tam təmin edilməli, struktur islahatlarının davam etdirilməli olduğunu da qarşıya bir vəzifə kimi qoydu. “Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir...”-deyə, ölkə rəhbəri sonra bildirdi.

Daha sonra iri fermer təsərrüfatlarında, taxılçılıqda, pambıqçılıqda, tütünçülükdə, meyvə-tərəvəzçilikdə nəticələrin çox yaxşı olduğunu, üzümçülükdə işlərin yaxşı getdiyini söyləyən dövlət başçısı bu il 3 milyon tondan taxıl tədarük edilidiyini, buğda yığımında məhsuldarlığın 30 sentnerə çatıdığını qeyd etdi. “Əlbəttə ki, kənd təsərrüfatının inkişafı, o cümlədən özünüməşğulluq sisteminin tətbiqi ilə də bağlı olacaq. Bu sistem əlbəttə ki, təkcə kənd təsərrüfatı sahəsini əhatə etməyəcək”-deyən dövlət başçısı bu sektorda hər il 6 min, 7 min iş yeri yaradılmalı olduğunu da vurğuladı: “Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar”.

Həmçinin, dünyada analoqu olmayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə  toxunan dövlət başçısı mərkəzlərin inşası işlərinin davam etdirildiyini, ilin sonuna qədər iki şəhərdə – İmişli və Şəkidə yeni mərkəzlərin açılacağını, həmçinin, gələn il 4-5 mərkəzin açılmasının nəzərdə tutulduğunu vurğuladı. Eyni zamanda bildirdi ki, son məlumata görə, “ASAN xidmət” mərkəzlərinə 24 milyon müraciət olub ki, müraciət edənlərin də təxminən 100 faizi göstərilən xidmətlərdən razıdırlar və məmnundurlar.

Yəni, bunları geniş və təfsilastı ilə deməkdə məqsədim odur ki, Azərbaycan dövləti, ölkə rəhbəri son 15 ildə nəyi deyibsə, nələri hədəfləyibsə, onları da edib, onlara biri-bir nail olub. Son doqquz ayın yekunları da bunun daha bir əyani sübutu və təsdiqidir. Və bu özü imkan və əsas verir ki, son iclasda qarşıya qoyulan hədəflərə, problemli məsələlərin aradan qaldırılmasına da tam nail oluna biləcək. Çünki qüdrəttli, qətiyyətli Azərbaycan dövləti və onun iradəli, uzaqgörən və müdrik lideri var”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yeni dəyərlər”ə ehtiyac varmı?” – MİLLƏT VƏKİLİ AŞPA-DA SUAL ETDİ – FOTO

Read Next

“Paşinyan işğal edilmiş 5 rayonu da Dağlıq Qarabağın ərazisi adlandırıb ki…” – MİLLƏT VƏKİLİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir