Rəsmi Bakıdan Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün yekununa dair-AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.

Bildirilib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

“Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.

Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.

Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib”, – açıqlamada qeyd edilib.

Etikxeber.az

Read Previous

“Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək…”-AZƏRBAYCAN PREZİDENTİ – YENİLƏNİB

Read Next

“Hər şey yaxşıdır, məndən narahat olmayın…”-deyən Mingəçevirin sonuncu dörd Şəhidindən biri Cavid Ceyhun oğlu Əliyev-BU GÜN ŞƏHİDLƏ VİDA MƏRASİMİ KEÇİRİLDİ, NƏŞİ ƏBƏDİYYƏTƏ UĞURLANDI – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir