Rafael Hüseynov: AŞIQ ŞAKİRİN İNAMI

Onun ilk ustadı Bəydövüllü Aşıq Mürsəl oldu.
Bəydövül o çağlar Şamaxının iri bir kəndiydi və lap çoxdan əriyib itib, qarışıb digər kəndlərə.
Amma XX yüzilin ilk onillərində çalıb-çağırmış, kəndinin iftixarına çevrilmiş, camaatına başucalığı gətirmiş Aşıq Mürsəlin və onun kimi yaddaşlarda izi qalmış fərasətli övladların adı ilə o kənd də unudulmur, ömrünü xatirələrdə olsa da, davam etdirir.
Düz 5 il – 1937-ci ildən 1941-ci ilədək Şakir, Aşıq Mürsələ həm şəyird olur, həm oğulluq edir.
Sonra müharibə başlanır və Şakir də başqa tay-tuşları kimi əsgər paltarı geyinir. Milyonlarla can alan o dəhşətli savaş nə qədər Şakir kimi cavanları qayıdışsız apardı!..
Lakin faşizmlə ölüm-dirim mübarizəsi sayılası, bizlərçün o zamanlar Böyük Vətən Müharibəsi adlanan və 5 il sürən savaş bitəndən də 1 il sonra, 1946-da Şakir sağ-salamat qayıdıb gəlir.
El-oba, doğmaları, dost-tanışlar üçün çox darıxmışdı. Ən çox da sazdan ötrü, qələm-kağızdan sarı qəribsəmişdi.
Cəbhədən qayıdandan lap az sonra sonralar özü toy-düyünlərin bəzəyinə dönəcək Şakirə toy çalınır. Onun şad məclisində axşamları şirin-şirin söylədiyi nağıllarla, dastanlarla süsləyən Aşıq Pirməmməd çox keçmir ki, Şakirin daimi yol, sənət yoldaşına çevrilir.
Sonta onun “qüdrətli dəstə”sinə mahir balaman və zurna ifaçıları Həsrət Hüseynov, İzzətalı Zülfüqarov, xanəndə Eynulla Cəbrayılov da qatılır.
Və 30 il – 1979-cu il aprelin 10-da dünyadan köçəcəyi son günədəkAşıq Şakir sazla nəfəs alır, misilsiz sənəti ilə sevimli xalqının xidmətində dayanır.
Lap cavan yaşlarında, 1955-ci ildə Aşıq Şakir Hacıyev Kürdəmir rayonundan SSRİ Ali Sovetinə deputat seçilmiş, bugünkü dillə desək, millət vəkili olmuşdu.
Ancaq Aşıq Şakir kimi insanların millət vəkili olması hansısa dar hüdudlara, müəyyən edilmiş müddətlər çərçivəsinə sığan deyil.
O cür ölməz sənətkarların millət təmsilçisi, millət sözçüsü, millət vəkili olmaqlığı yaratdıqları var olduqca davam edir.

Adım Aşıq Şakir, mahalım Şirvan,
Yazıb-yaratmışam çox şeir-dastan.
Sözlərim ellərdə qalsın ərməğan,
Ölmərəm, inanın min il yaşaram.

Bu, Şakirin ümidi, arzusu, həm də müəyyən mənada inamı idi.
Unudulmaz kamança ustası Habil Əliyev söyləyirdi ki, Şakir nə qədər böyük olduğunu heç özü də bilmirdi.
Bilirmiş sən demə!..

Rafael HÜSEYNOV,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

“Amerikalılar Obamanın səhvlərini bağışladı, Trampa isə eyni səhv(lər)i bağışlamayacaq” – POLİTOLOQ

Read Next

Belarus Lapşinin Azərbaycana ekstradisiyasına qərar verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir