Rafael Hüseynov yazdı: “QARASI ÇOX SON FOTO”

Bilirdim ki, Azərbaycan foto sənətinin ən əvəzsiz ustalarından olan Hüseyn Hüseynzadə lap çoxdan ağır xəstədir. 

Anlayırdım ki, bu acı xəbəri hər növbəti gündə eşidə bilərəm.

Lakin heç istəmirdim ki, o gün yetişsin. 

Hərçənd xeyli müddət idi ki, ömrü boyu həyatdan gözəl anları tutaraq əbədiləşdiməyi bacaran bu insançün yaşanan hər yeni gün əzab-əziyyət demək idi.

Hüseyn Hüseynzadə Azərbaycan fotoçuluğunda o zaman parlamışdı ki, bu meydanda əsas söz sahibi başqa millətdən olanlar idi. 

Və insanı da, şəhərimizi də, abidələri, tikililəri və təbiəti də özünəməxsus bədiiliklə görüb əks etdirməyə qadir, Rubinçik kimi mahirləri də diksindirməyi bacaran Hüseyn Hüseynzadə çıxdı ortalığa.

Ənənəvi olaraq bəlli fotoqrafların imzaları ilə nəşr edilən fotoalbomların neçəsi Hüseyn Hüseynzadənin müəllifliyi ilə buraxılmağa başladı. 

huseyn

huseyn-1

Bilməyənlər bilsin ki, həmin dövrdə – 1960-1970-ci illərdə həmin sahədə elə amansız rəqabət vardı ki, üstün sənətlərindən savayı yaxşı arxaları, əlaqələri, təsir imkanları olanlar heç vəchlə onların söz sahibi olduğu bu əraziyə digərinin qatılıb qabağa çıxmasına asanlıqla macal verməzdilər. 

Hüseyn bu uğura böyük sənətinin danılmaz gücü ilə nail olmuşdu.

Foto sənətinin hər janrında usta idi, lakin portret yaratmaqda qabiliyyəti məxsusi idi.

İşıq- kölgə keçidlərindən məharətlə istifadə etməklə o fotoportretləri rəssam işi səviyyəsinə qaldırırdı.

1970-lərdə, 1980-ci illərin əvvəllərində Hüseyn fotoda janqlyorluqlarını edərək füsunkar bədii lövhələr yaradanda indiki növbənöv fotoşop fəndləri hələ gələcəkdə idi.

Həsən Turabovun son dərəcə ifadəli bir portretini çəkmişdi. Alaqaranlıq fonda siqaretin tüstüsü o qədər canlı görsənirdi ki, az qala tütünün qoxusunu da hiss edirdin.

Bir dəfə rəhmətlik Həsən Turabov zarafatla dedi ki, Hüseyn məndən əvvəl siqaretin portretini çəkib. 

Əlavə də elədi ki, neçə dəfə ürəyimdən keçib siqareti tərgidim. Amma hər dəfə Hüseyn çəkən fotoda siqaretin tüstüsünün necə cazibəli burulduğunu, necə dumana çevrildiyini yadıma salanda təzədən çəkmək həvəsim yaranıb.

Xatırlayıram camaat arasında “Molokan bağlı” deyilən tanış məkandakı xudmani emalatxanasında uzun söhbətlərimizi, yeni kitablarım üçün şəklimi çəkməsini.

Elə gözəl yaradırdı ki, 20-30 fotosunun təxminən hamısı canayatan olurdu. 

Adətən portret çəkən bir fotoqrafın 30 kadrından 3-4-ü babat alınanda artıq bu yaxşı nəticə sayılır.

Hüseyndəsə, təxminən çıxdaş ediləsi kadr olmurdu. Hərəsi bir cür gözəl idi. 

Hüseyn insan kimi də saf, səmimi, həlim təbiətli bir varlıq idi. 

Rəngli fotolardakı misilsizliyi öz yerində, ancaq mən onu ağ-qara çəkilişlərdə göstərə bildiyi çalar bolluğuna görə tam müstəsna sayırdım.

Nə heyf ki, öz ömrünün sonluğunun qara rəngləri çox, həm də tünd oldu…

Allah o dünyasını versin!

Rafael HÜSEYNOV,

Akademik, Millət vəkili

Etikxeber.az

Read Previous

Şəkidə baş vermiş hadisə – PREZİDENTİN XÜSUSİ NƏZARƏTİNDƏDİR – YENİLƏNİB

Read Next

37 ilin deputatı, Qorbaçovun qənimi Məlikov, İsmayılov, 20 noyabr şəhidləri VƏ YA SONUNCU SSRİ XALQ DEPUTALARI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir