“Rafiq Əliyev, Kamal Abdulla və … AXC Konfransının qonaqları idi…” – EKS-SPİKER DAHA NƏLƏRƏ İŞIQ SALDI? – YENİLƏNİB

7 yanvar 1990

AXC-nin lll Konfransının 2-ci günü…

zəruri qeyd: 

5 yanvar və 6 yanvarda yazdığım statuslar FB-da və bir çox saytlarda paylaşılıb, bir çox şərhlər yazılıb, əksəriyyət bu statuslarda deyilənləri bəyənib, həqiqət olduğunu təsdiq edib. Diqqət göstərən hər kəsə təşəkkür edirəm.
Bəzi dostlar bunları mənim memuar yazmağa başlamağım və ya hazırlaşmağım kimi qiymətləndirib. Belə deyil, bunlar memuar deyil. Sadəcə FB-un “bu gün” funksiyası mənə belə bir ideya verdi ki, burda yazdığımız və ya oxuduğumuz statuslar hər il dönümündə qarşımıza çıxır, amma biz axı fb-dan əvvəl də yaşamışıq, nələrsə etməyə çalışmışıq, nələrisə görmüşük. Bəlkə onları da yada salaq?!
Ona görə də #Filanıncıilinbugünü haştaqını istifadə etməklə mənim üçün önəmli olan günləri, hadisələri status şəklində qeyd etmək qərarına gəldim. Və janrın tələbinə uyğun olaraq yadımda olan hadisələri çox qısa, mümkün qədər qısa yazmağa çalışıram, yoxsa yaddaşımda həkk olunan bir çox hadisə ayrıca kitaba yetəcək qədər mürəkkəbdir. Yazmaqla bitməz. Mən burda sadəcə o hadisələri punktirlə qeyd edirəm.

Əgər yazdıqlarım kimin üçünsə yenilikdirsə, əla! 
Kiminsə yaddaşını təzələyirəmsə, bu da gözəl!
Kimsə ya ilhama gəlib, ya da fərqli baxış sərgiləmək istəyib öz yanaşmasını ortaya qoyacaqsa, bu lap əla!
Hər zaman dediyim kimi, tarixini bilməyən xalq, amneziya xəstəliyinə düçar olmuş insan kimi onun-bunun əlində oyuncağa çevrilə bilər.
Odur ki, tariximizi yazaq, öyrənək, müzakirə edək!

Nə isə, mətləbə keçək.

AXC-nin lll Konfransının 2-ci günü də 1-ci gün kimi çox gərgin şəraitdə keçdi. Açıq danışsaq, əslində gerçək bir xaos vardı zalda. Bunun bir çox səbəbləri vardı, mən ikisini qeyd edim.

Birincisi, o zalda Azərbaycanın ən passionar insanlarının bəlkə 70-80 %-i toplaşmışdı. Az qala hər biri bir ölkəni, bir bölgəni, bir sahəni idarə etmək gücündə olan liderlik keyfiyyətlərinə və ya iddialarına malik insanlar idi. Əksəriyyəti yüzlərlə, bəziləri minlərlə, bəziləri isə onminlərlə insanı təmsil edirdi. Hamı danışmaq, öz təkliflərini səsləndirmək, proseslərə yön vermək istəyirdi. 70 il susmağa məcbur edilən xalqın nümayəndələri DANIŞMAQ və EŞİDİLMƏK istəyirdi. Hər kəs, hətta AXC üzvü olmayanlar da cəbhəni ÖZ təşkilatı hesab edirdi. Geniş demokratik əsaslarla qurulmuş AXC-nin rəhbərliyi heç kimin söz haqqını boğmaq istəmirdi. Buna görə də hətta təşkilatın lideri Əbülfəz Elçibəy və konfrans sədrliyinə seçilmiş ən populyar ziyalılar da toplantını idarə etməyə çətinlik çəkirdilər.
İkincisi, dünən qeyd etdiyim kimi, martda parlament seçkiləri keçiriləcəkdi və ölkəmizdə müdhiş nüfuz sahibi olan AXC-nin qalib gələcəyi şübhəsiz idi. İflasa uğramış Sovet kommunist rəhbərliyi və Moskvadan qorxan Azərbaycan rəhbərliyi bunun qarşısını almağın mümkün yollarını axtarırdılar. Çünki AXC-nin parlamentdə əksəriyyət əldə etməsi Qarabağın müdafiəsi və Azərbaycanın SSRİ-dən ayrılması istiqamətində legitim qərarlar və addımlar demək idi. Bu isə SSRİ-nin parçalnmasını şərtrləndirəcəkdi. Bu real perspektivin qarşısını almaq məqsədi güdən kommunistlər üçün ən asan yol AXC-ni parçalamaq, eyni zamanda və ən azı yanlış hədəflərə yönləndirmək idi. Kommunist nomenklatura və KQB həm hərəkatdakı öz adamları vasitəsilə, həm də hərəkatda, cəbhədə rəhbər mövqe tutmaq üçün hər cür avantyuraya hazır olan iddialı şəxslərin yanlışları ilə AXC Konfransının işini pozmağa, toplantının zəruri və gerçəkçi qərarlar qəbul etməsinin qarşısını almağa, rəhbərliyə ancaq özləri barədə düşünən insanların, təsadüfi adamların seçilməsinə nail olmağa çalışırdı. 
Konfransdakı atmosferi hiss etmək üçün dəyərli ziyalımız Ədalət Tahirzadənin “Meydan” xronikasını oxumağı tövsiyyə edirəm. O öz gördüklərini və qeydə ala bildiklərini yazıb. Mən isə yadımda qalanı, prosesin mahiyyətini, əsas trendləri yazmağa çalışıram.
Zərdüşt Əlizadə başda olmaqla solçular cəbhədən ayrılaraq Sosial Demokrat qrupu yaratmaq niyyətində idilər və bunu açıq bəyan etdilər. Əslində bir sıra başlıca məsələlərdə onların yanaşmaları bizim mövqeyə yaxın idi, onlar bizə dəstək versələr proseslərə intellektual yanaşma, hərəkatı dinc yolla parlament seçkilərində qələbəyə aparmaq daha rahat olardı. Amma onlar öz yollarını seçdilər. Onların bu qərarı faktiki olaraq hakimiyyətin cəbhəni parçalamaq, hərəkatı radikallaşdıraraq repressiyalara yol açmaq planına xidmət etdi. Əlbəttə Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə pataloji nifrəti bəlli idi, amma hər halda onların qərarını impulsiv hesab etmək, hakimiyyətin kursu ilə üst-üstə düşməsini təsadüf kimi qiymətləndirmək çox çətindir.

“Radikallar”ın fəaliyyəti fərqli idi. Onlar lap əvvəldən AXC-ni və konfransı nəzarətə götürməyə çalışırdılar. Hətta 20-30 nəfərlik xüsusi mühafizə dəstəsi təşkil etmişdilər, eyni rəngli (səhv etmirəmsə göy) kostyum geyinmiş bu dəstəyə Rövşən Cavadov rəhbərlik edirdi. Dəstə Etibar Məmmədova tabe idi. Təsəvvür edin ki, onlar hətta bizim zala daxil olmaq və zaldan çıxmağımıza da nəzarət etmək iddiasında idilər. Təbii ki, bu alınmadı, alına da bilməzdi, bizim nüfuzumuz və bölgələrdən gələn qətiyyətli və fədakar konfrans nümayəndələrinin sərt mövqeyi bizim toxinulmazlığımızı təmin edirdi.

abul

Zalda dəvət olunmuş və olunmamış xeyli qonaq var idi. Qaragüruhçular da var idi. Onlardan bəziləri səmimi, bəziləri öz kuratorlarının tapşırığı ilə “radikallar”la birgə hərəkət edirdi. Atmosferi tam hiss etməyiniz üçün bir nyuansı da yazım: açıq görünməsə də zalda xeyli silahlı adam vardı. Qarabağdan, sərhəd bölgələrindən gələnlər bunu nümayiş etdirməsələr də, qaragüruh nümayəndələri silahlı olduqlarını bəzən hiss etdirməyə çalışırdılar. Bizim tərəfdarlardan bəziləri də onları dədə-baba qaydasında başa salmağa çalışdılar ki, “liberallar”ı “intelligent” görüb çox əl-ayaq açmasınlar.

Azərbaycan KP-nın Mərkəzi Komitəsindən də qonaqlar var idi. O dövrdə KP MK-də kifayət qədər intellektual şəxslər də çalışırdı. Onlardan bir neçəsi- prof. Rafiq Əliyev, prof. Kamal Abdulla və digərləri AXC Konfransının qonaqları idi. Onlardan biri konfransın kuluar söhbətlərində fikir mübadiləsindən sonra düşüncəli bir əhval-ruhiyyə ilə etiraf etdi ki, bizim üçün ən təhlükəli olan siz “liberallar”ın mövqeyidir. Onları başa düşmək olardı. Çünki bizim mövqeyimiz AXC-nin rəhbərliyi, elmi idarəetməsi, dinc kütləvi hərəkat vasitəsilə xalqın tam qələbəsinə yönəlmişdi.

Konfransın ikinci günü biz yeddilərin daha bir neçə nümayəndəsi çıxış etdi. Onlar mövcud vəziyyəti dəqiq təhlil etməklə, AXC-nin yaxın dövrdə əsas fəaliyyət istiqamətlərini təqdim etməklə mövqeyimzi daha da güçləndirdilər.Artıq edə biləcəyimiz etmişdik. Qalanı konfrans iştirakçılarının iradəsinə qalmışdı. Söhbət ondan getmirdi ki, biz həqiqətləri söyləməklə vicdanımızı rahatlamışıdq və kənara çəklimək niyyətində idik. Məsələ bu idi ki, biz Qarabağı qorumaq və müstəqilliyə nail olmaq üçün hansı addımların atıla biləcəyi, xalqımızı dəyə biləcək zərbələrdən, təhlükələrdən qorumaq üçün isə hansı addımlardan çəkinmək gərəkdiyini aydın şəkildə ortaya qoymuşduq. Etiraf edim ki, konfrans öncəsi bir neçə taktiki variant hazırlamışdıq və variantlardan biri mövqeyimiz qəbul edilməzsə AXC rəhbərliyindən çəkilmək, başqa bir təşkilat yaratmaq idi. Lakin konfransın gedişində müşahidə etdik ki, qaragüruhçular və onlardan faydalananlar toplantının demokratik prosedurlar əsasında getməsinə imkan verməsələr də konfrans nümayəndələrinin əksəriyyəti bizim mövqeyə üstünlük verir. AXC-nin güclü bölgə təşkilatlarından Zaqatala, Sabirabad, Lənkəran, İmişli, Göyçay, Qazax, Ağstafa, Xaçmazdan və s. seçilən konfrans nümayəndələri Arif Hacılı, Qurban Məmmədov, Rahim Nuriyev və bir çox başqaları bizi dəstəklədikərini bəyan edirdilər və çox fədakarlıqla çalışırlılar ki, konfrans demokratik prosedurlara uyğun davam etsin. Əksəriyyətin mövqeyinə əsaslanaraq biz AXC-dən istefa vermədik, sadəcə olaraq bəyan etdik ki, yeni İdarə Heyətinə namizədliyimizi irəli sürməyəcəyik. Bununla da mübarizəmizin məqsədinin AXC-də rəhbər vəzifə tutmaq deyil, AXC-nin doğru üsullarla doğru hədəflərə irəliləməsi olduğunu sözdə deyil, əməldə nümayiş etdirmiş olduq.

Bizim mövqeyimiz və sağlam, necə deyərlər “sort” cəbhəçilərin fəaliyyəti və fədakarlığı nəticəsində iki önəmli uğur əldə edildi. Əvvəla, AXC Nizamnaməsinin sərtləşdirilməsinə, təşkilatda və hərəkatda demokratiyanın məhdudlaşdırılmasına, avtoritarizmin güçlənməsinə yönəlmiş, “radikallar” və onların hüquqşünas dostları tərəfindən hazırlanıb təqdim edilmiş iki layihənin qarşısı alındı.İkincisi, konfransda açıq səsvermə ilə, “basməmmədi” seçkilərin qarşısı alındı. Konfrans xüsusi qərarla AXC-nin Məsclisinə səlahiyyət verdi ki, İdarə Heyəti 8 yanvarda Məclisin toplantısında gizli səsvermə ilə seçilsin. Məclsin toplantısı barədə söhbəti isə sabah- 8 yanvar 2018-də edərik…

***

elçibəy-SABİR-RÜSTƏMXANLI

İSAA-3

“…Ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı…”

8 yanvar 1990
AXC-nin Məclis sessiyası.

Mətləbə keçməzdən əvvəl qeyd edim ki, gözlənilidiyi kimi son günlər yazdıqlarım kifayət qədər maraq doğurub. Hadisələrin bilavasitə iştirakçıları da, yaxın tariximizlə maraqlananlar da fb-da və saytlarda şərhlər yazırlar, əsasən yazdıqlarımı təsdiq edirlər, bəzən əlavələr edirlər, bəzən nəyisə dəqiqləşdirməyi xahiş edirlər. Əksəriyyət mövzunun çox maraqlı olduğunu və davam etdirilməsini istəyirlər.
AXC İH-nin o zamankı üzvlərindən də şərh edənlər var. Sağ olsunlar, Hikmət Hacızadə və Nemət Pənahlı da rəy bildiriblər və faktiki olaraq dediklərimi təsdiq ediblər. Xüsusən Nemət Pənahlıya təşəkkür edirəm. Mən yazarkən hər bir ifadəmi diqqətlə seçirəm, həqiqəti yazmaq azdır, həm də başqa mövqelərdə olanların mənliyinə, heysiyyətinə toxunmamağa çalışıram. Nemət Pənahlı isə özünəməxsus səmimiyyətlə “radikalların” mövqeyini tam açıb ortaya qoyub. Təbii, hər zaman olduğu kimi yalan-palan danışmaqdan da özünü saxlamayıb. Məsələn deyir ki, “AXC-nin Təşəbbüs Qrupuna adım Əbülfəz bəy tərəfindən salınmışdı.” Belə deyil, etiraf edim ki, N.Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı.

Beləliklə, 8 yanvar 1990-cı il… AXC Məsclisinin sessiyası. Toplantıda iştirak etmədiyim üçün bu yazım daha qısa olacaq. Bir etiraf da edim ki, erməni təbliğatı və təcavüzə hazırlığı 1988-ci ilin fevralında birbaşa hərəkətə keçdiyi gündən sonra 1990-cı ilin 8 yanvarı həyatımda ən sakit və rahat günlərdən biri oldu. Evdə idim, heç yerə çıxmadım, istirahət etdim. Doğrusu, məclisdə nə baş verdiyi ilə də xüsusi maraqlanmadım. Düşünürdüm ki, İH-nə namizədliyimizi verməmişik, bizi seçməyəcəklər. Artıq xalq hərəkatına rəhbərlik edən AXC-nin sıravi üzvü olacam və tarixi qərarlara görə də məsuliyyət daşımayacam. Fikirləşirdim ki, bir neçə gündən sonra dostlarla görüşərəm, qurmaq istədiyimiz təşkilat barədə məsləhətləşmələri davam etdirərik. Hesab edirdim ki, quraçağımız təşkilat AXC-yə alternativ və ya rəqib olmamalıdır. Sadəcə Əbülfəz bəylə hər zaman danışdığımız kimi Azərbaycanda çoxpartiyalı plüralist demokratik cəmiyyət olacaq, bizim partiya da ictimai-siyasi məkanda öz yerini tutacaq.
Amma necə deyərlər, sən saydığnı say, gör fələk nə sayır…

Dediyim kimi Məclisin işində iştirak etmədiyim üçün şahid ifadələrinə əsaslanacam.
Dövrün salnaməçisi Ədalət Tahirzadə də məclis barədə çox qısa yazıb, çünki Məclis qapalı keçirilmişdi və o da orda iştirak etməmişdi.

Ə.Tahirzadə yazır:
“8 yanvar 1990. 
Dünən konfransda yaradılmış AXC-nin yeni Məclisi bu gün Cəbhənin öz qərargahında yığışaraq 14 nəfərlik yeni İdarə Heyətini seçib. Üzvləri bunlardır:
Arif Paşayev, Vurğun Əyyubov, Dilarə Əliyeva, Etibar Məmmədov, Kərbəlayı Əlikram Əliyev, İsa Qəmbərov, Yusif Səmədoğlu, Pənah Hüseynov, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Firidun Səməndərov,Hikmət Hacızadə.
İkinci mərtəbədə Məclisin yığışdığı böyük iclas zalı bizim “Azadlıq” qəzeti yerləşən mərtəbədə və lap qonşuluğumuzda olduğu üçün tez-tez baş çəkib yeni məlumatlar toplayırdıq. Buraya “əsl”cəbhəçilərdən başqa kənar adamları buraxmırdılar, ona görə də “öz” jurnalistlərimizdən savayı bura qalxanlar az idi. Məclisin gedişi ilə maraqlananlar içərisində Neməti də gördüm — seçilmədiyini biləndə yaman pərt olmuşdu”.

Axşam hardasa saat 11-də ev telfonuma zəng gəldi. (Ev telefonu yazıb güldüm, başqa hara zəng gələsiydi, mobil telefon yox idi ki, o zamanlar. Gənclər, görürsünüz də, necə ağır şəraitdə yaşayıb çalışmışıq))). Zəng edən Fəzail Ağamalı idi. O da məclisin üzvü idi və sessiyada iştirak etmişdi. Fəzail müəllim məni təbrik etdi, dedi ki, ən yüksək səslə İH-nə seçilmişəm. Doğrusu təəccübləndim, dedim ki, necə yəni seçiblər, axı mən namizədliyimi irəli sürməmişəm və heç kimə belə bir səlahiyyət verməmişəm. Dedi ki, Məclisin qərarı belə oldu. Sonra da Ə.Tahirzadənin qeydlərində adı çəkilən hər kəsin neçə səslə seçildiyini, seçilməyənlərin də neçə səslə İH-dən kənarda qaldığını bir-bir diktə etdi, mən də kağız-qələm götürüb qeydiyyat apardım. F.Ağamalı özünün də namizəd olduğunu, amma seçilmədiyini qeyd etdi.

Bu zəngdən 30-40 dəqiqə sonra Pənah Hüseyn və Arif Hacılı bizə evə gəldilər. Məclisin nəticələrindən xəbərdar olduğumu bilib bu dəfə onlar təəccübləndi. Fəzail Ağamalının zəngini deyəndə güldülər və onun Məclisə rəhbərlik etmək cəhdinin qarşısının necə alındığını danışdılar. Ətraflı söhbət etdik. Pənah bəy və Arif bəy konfrans iştirakçılarının əksəriyyətinin bölgələrə geri döndüyünü, “radikallar” və qaragüruhun yenə toplantıda qarışıqlıq yaradıb məqsədlərinə nail olmağa çalışdıqlarını, aparıcı məclis üzvlərinin böyük səyləri və iki saatlıq mübarizədən sonra zalda yalnız məclis üzvlərinin qalmasına nail olduqlarını, Məclis sədrliyinə Tamerlan Qarayevin seçilməsini və onun toplantını Nizamnaməyə və demokaritik prosedurlara uyğun aparmağa çalışdığını, keyfiyyətli gizli səsvermə keçirildiyini, AXC-dən ayrıldıqlarını bəyan etmiş solların (Z.Əlizadə, L.Yunus, Ə.Hümbətov) ümumi konsensusla namizəd siyahısına daxil edilmədiyini, “liberalların” və ”radikalların” namizəd siyahısına daxil edildiyini, bizdən Canbaxış Umudovun, onlardan Nemət Pənahlının seçilmədiyini və bir çox başqa təfərrüatı danışdılar.
Yaxın gələcəklə bağlı əsas mövzuları da müzakirə etdik.

Mənim üçün ayıdn olan həm də bu idi ki, “istirahətim” bir günlük imiş, həyat və mübarizə isə davam edəcək. 
İH-nin yeni heyəti barədə bir neçə kəlmə deyim. Biz 6 nəfərlə yenə də İH-də aparıcı qüvvə olaraq qaldıq. Yeni seçilənlərdən Sabir Rüstəmxanlı, Dilarə Əliyeva, Vurğun Əyyubov və Firidun Səməndərov kifayət qədər tanınmış ziyalılar idi. Sonradan da təsdiq olunacağı kimi onların hər biri öz xarakteri, öz dünyagörüşü ilə fərqlənsələr də müzakirəyə açıq, öz mövqelərini arqumentli şəkildə təqdim etməyi bacaran, başqalarının da mövqeyinə, arqumentlərinə diqqət və hörmətlə yanaşmağı bacaran təcrübəli insanlar idi. Arif Paşayev AXC özünümüdafiə batalyonlarının ən nüfuzlu təmsilçilərindən biri idi, əsasən bölgədə öz bilavasitə fəaliyyət sahəsi ilə məşğul olacaqdı. Cəmiyyətdə tədricən təşkilatlanmağa başlayan islamçıların nümayəndəsi kimi İH-də olmağın qürurunu yaşayan Kərbəlayı Əlikram Əliyev isə bizim hamımızla yaxşı münaisbətlərə malik idi və kifayət qədər məsuliyyətli və konstruktiv fəaliyyət göstərəcəkdi. 
Bu heyət 1991-in yayına – AXC-nin l qurultayına qədər fəaliyyət göstərəcək, əlindən gələni edəcəkdi.
“Radikallar”ın iki nümayəndəsi isə lll Konfransdan və Məclisin sessiyasından sonra əslində yalnız formal olaraq AXC üzvü kimi fəaliyyət göstərdilər. Onlar artıq öz yollarını ayırmışdılar…

29 yanvara qədər daha bir neçə yazım olacaq.

İsa QƏMBƏR,

Eks-spiker

Etikxeber.az

 

 

Read Previous

Qərargah: Alpinistlərin hərəkət marşrutu və ehtimal olunan digər ərazilər yoxlanılıb

Read Next

Prezident RO-RO terminalının açılışına qatıldı – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir