“Rafiq Hüseynov vəfat etdi…Diktor, aparıcı, pedaqoq…” – FİRUZ MUSTAFA YAZIR

“Onu dost məclislərində- şən və kədərli anlarda görmüşəm. Övladının yasında hönkür-hönkür ağladığının da şahidi olmuşam…”

Biz ötən əsrin 80-ci illərindən tanış idik. O vaxt Rafiq bəy məşhur bir şəxs idi. Mən “İdrak” və “İlğım” adlı elmi-populyar verilişləri aparırdım. Arada televiziyanın foyesində qarşılaşanda o, verilişlə, xüsusən verilişidə iştirak edən çıxışçıların nitqi ilə bağlı qeydlərini deyir, dəyərli məsləhətlər verirdi. 
90-cı illərin əvvəlində Rafiq televiziyaya gələn sədrlərdən birinin təhriki ilə öz sevimli işindən aralanmalı oldu. O zaman mən Politologiya İnstitunda (keçmiş Ali Partiya Məktəbində, İndiki Prezident yanında İA-da) saathesabı dərs deyirdim. Orada Rafiq Hüseynovla rastlaşdım. Sən demə o da həmin təhsil ocağında pedaqoji fəaliyyətlə məşğul olurmuş. Orada daha tez-tez ünsiyyətimiz olurdu. Yüksək mədəniyyətli, savadlı, sadə, ziyalı bir insandı. Yaxşı musiqi və yumor duyumu vardı. Arada özü də musiqi ifa edər və oxuyardı.

Yeri gəlmişkən, kiçik bir xatirəmi də bölüşmək istərdim. Bəlkə də sizə təəccüblü görünə bilər, mən həyatda sintezator ifa edən ilk “musiqiçi” kimi Rafiqi görmüşəm. Yadımdadır, günlərin bir günü AzTv-nin foyesində bir xeyli adam toplaşmışdı ki, onların da çoxu hansısa verilişdə iştirak etməyə gəlmiş müğənni və aktyorlar idi. Mən də yaxınlaşdım.

Rafiq Hüseynov qarşısındakı alətdə musiqi ifa edirdi. Hamı maraqla onu dinləyirdi. Musiqi başa çatdı. Oradakılar əlçaldılar. Sonra adamların bir çoxu bu tanış olmayan musiqi aləti barədə məşhur aparıcıya yerbəyerdən suallar verməyə başladılar. Yadımdadır, rəhmətlik Yaşar Nuri gülə-gülə dedi:

-Rafiq bu gedişlə sən müğənnilərin çörəyinə şərik olacaqsan… Alə, nə əntiqə şeydir, bir orkestrin işini görür. Yaxşı, bir bizə izah elə görək, bu qəribə şeyin adı nədir?

Rafiq ciddiləşib dedi:

-Düzü, mən özüm də bu alət haqda az məlumatlıyam. Bir onu bilirəm ki, adı sintezatordur. Odur, bir baxın, elektrik naqilinə qoşulub. Elə buna görə də adına elektrik musiqi aləti də deyirlər. Yaşar demişkən, bu, bütöv bir orkestri əvəz edir. Mən indi burada məşq etdim. Gələcəkdə bir konserti, bir toyu bircə alətlə yola vermək olacaq…

Hamı güldü.

Rafiq çox kövrək adam idi. Mən onu dost məclislərində- şən və kədərli anlarda görmüşəm. Övladının yasında hönkür-hönkür ağladığının da şahidi olmuşam.

Allah rəhmət etsin!

Firuz MUSTAFA,

Etikxeber.az

Read Previous

“Bu xəttin açılışı ilə regionun tarixinə qızıl səhifə yazılır…” – DEPUTAT – FOTO

Read Next

“Bu,Azərbaycanın bir neçə illik deyil, uzun illər maraqlarına xidmət edəcək” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir