Ramana-Maştağa avtomobil yolunda işlər yekunlaşıb

Bakı şəhəri, Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekunlaşıb.

“Azəravtoyol”dan Etikxeber.az-a verilən məlumata görə, uzun müddətdir ki, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 11 km-dir.

Yenidən qurulan yol Heydər Əliyev prospekti – Mərdəkan və Zabrat – Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.

Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr təşkil edirdi. Tikinti işləri çərçivəsində yolun eni 8,5-10 metrə qədər genişləndirilib. Bura 7-7,5 metr olan iki hərəkət zolağı və hər bir istiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1,5 metr enində piyada səkiləri daxildir.

Yenidənqurma işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə isə yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb. Ümumilikdə 41,3 min kubmetr torpaq işi görülüb, 46,7 min kubmetr karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilib. Daha sonra köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb və 2 qat ( 7+5 sm ) olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min kvadratmetrə yaxındır.

Ramana-Maştağa avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min kvadratmetr istinad divarı və 14,2 min kvadratmetr yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 13 min p/m yeni səki daşları düzülüb. Bütün bu işlərə paralel olaraq yol boyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Ümumilikdə 400 metr qaz və elektrik xətti, 450 metr isə rabitə xətti yoldan kənarlaşdırılıb. Yol boyu zəruri olan yerlərdə 108 ədəd 9 metr hündürlüyündə birqollu dirək olmaqla yeni işıqlandırma sistemi də quraşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 22 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin 4 min kvadratmetr yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Ümumiyyətlə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85,6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.

Etikxeber.az

Read Previous

Hava sabah yağmursuz olacaq

Read Next

Əliyevdən Nişaniyə: “Münasibətlərin inkişafı mənafelərimizə xidmət edəcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir