“Rayonlara gediş-gəlişi sərbəstləşdirmək lazımdır…”-MUSA QULİYEVDƏN ÖNƏMLİ TƏKLİFLƏR

Azərbaycanda  xüsusi karantin rejiminin başa çatmasına az qalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 31-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 31-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.


COVID-19-a yoluxanların sayında əvvəlki aylara nisbətdə azalma müşahidə olunsa da, virusun nə zaman aradan qalxacağı bəlli deyil.  

Belə olan halda, karantn rejimi ləğv edilə, ya da növbəti yumşaldılma ola bilərmi?

Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu barədə Modern.az-a danışıb.

“Karantin bir sıra problemlər ortaya çıxarıb”

Komitə sədri bildirib ki, sosial məsafə və qapalı məkanlarda tibbi maska taxılmasına ciddi əməl etməklə karantin rejimi yüngülləşdirilməlidir:


“6 aydan çoxdur ki, bütün dünya ölkələri COVID-19 səbəbindən ciddi karantin rejimində yaşayır. Təbii ki, karantin rejiminin uzadılması sosial, iqtisadi və psixoloji problemlər də ortaya çıxarıb”.

“Ömür boyu izolyasiyada yaşamaq çətindir”

M. Quliyev rayonlara gediş-gəlişin də açılmasını istəyir:

“Hansı bölgələrdə yoluxma daha çox olarsa, həmin bölgələrdə karantin rejimini tətbiq etmək olar. Eləcə də, rayonlara gediş-gəlişi sərbəstləşdirmək lazımdır. Xarici ölkələrə uçuşların bərpası məsələsini isə iki ölkə arasında danışıqlara əsasən həll etmək olar. Hesab edirəm ki, həyat yavaş-yavaş əvvəlki ritminə qayıtmalıdır. Nəzərə alsaq ki, koronavirusun vaksini tam ortaya çıxmayıb, deməli, ehtiyatlı davranmalıyıq.  Hələ bilmirik ki, vaksinin tətbiqindən sonra virus özünü necə aparacaq… Hesab edirəm ki, ömür boyu izolyasiyada yaşamaq da çətindir. Bu, həm iqtisadi, həm sosial, həm də psixoloji gərginliklər yarada bilər. Təbii ki, düzgün qərarı Operativ Qərargah verəcək. Operativ Qərargah həm dünyada gedən prosesləri nəzərə almalıdır, həm də Azərbaycandakı epidemioloji vəziyyət ciddi analiz edərək karantin rejiminin yumşaldılması, yaxud da, formasının dəyişdirilməsi barədə öz fikirlərini söyləməlidir”.

“Şagirdlər ikinövbəli dərsə gələ bilər”

Parlamentari məktəblərin açılmasının da vacibliyindən söz açıb:

“Məktəblərin açılması barədə konkret bir söz deyə bilməyəcəm. Çünki o sahə üzrə mütəxəssis deyiləm. Həkim olaraq hesab edirəm ki, koronavirusdan qorunmağı önə çəkiriksə, təhsil də çox vacib məsələdir. Hansısa şəkildə uşaqlarımızı təhsilsiz qoya bilmərik. 6 ayın təcrübəsi göstərdi ki, onlayn təhsilin səviyyəsi, keyfiyyəti  ilə əyani təhsil almağın keyfiyyəti, səviyyəsi eyni deyil. Uşaqlar məktəbə təkcə təhsil və bilik almağa getmirlər. Uşaqlar həm də sosiallaşırlar, ictimailəşirlər. Vətənpərvərlik ruhu, dostluq, yoldaşlıq ənənələri formalaşır. İzolyasiya tədbirlərini uzatdıqca, gənc nəsil arasında ciddi psixoloji amillərlə üzləşə biləcəyik. Evinə qapanan uşağı adi vaxtlarda kompüter və telefonlardan ayıra bilmirik. Bir az da məktəbdən kənar tutsaq, bu da ciddi fəsadlarını verəcək. Hesab edirəm ki, bu məsələlər ölçülüb-biçilməlidir. Müsbət və mənfi parametrlər müəyyənləşməlidir. Ola bilər ki, dərslər həftədə 3 gün keçirilsin, yaxud da, siniflərdə dərslər ikinövbəli olsun. Tutaq ki, əvvəl bir sinifdə 20 şagird vardısa, indi 10 nəfər birinci, 10 nəfər də ikinci növbədə dərsə gələ bilər. Istənilən halda təhsilə başlamağın formalarını seçmək olar. Artıq dünyanın bir çox ölkələri də sentyabrdan dərslərin başlaması ətrafında fikirlərini söyləyirlər”.

Etikxeber.az

Read Previous

Ermənistanın növbəti PUA-sı-MƏHV EDİLDİ…

Read Next

Mobil rabitə şirkətinin vəzifəli şəxsinin övladının toy məclisini keçirənlər-MƏSULİYYƏTƏ CƏLB EDİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir