“Real Madrid” komandası UEFA Çempionlar Liqasının ikinci yarımfinalçısı oldu – FOTO

Aprelin 18-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin digər oyununda “Real Madrid” komandası “Bavariya”nı iki oyunun nəticəsinə görə 6:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Etikxeber.az xəbər verir ki, ilk oyunda Münxendə “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olan “Bavariya” cavab qarşılaşmasında dönüş yaratmaq üçün təşəbbüsü ələ almağa çalışıb. Lakin komandaların səylərinə baxmayaraq, birinci hissədə qapılara top vurulmayıb.

Matçda hesabı münxenlilər açıblar. Oyunun 53-cü dəqiqəsində “Real Madrid” komandasının qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Robert Levandovski adını tabloya yazdırıb – 1:0.

Bu qol oyunun tempinin daha da artmasına səbəb olub. Matçın 76-cı dəqiqəsində “Bavariya”nın cərimə meydançasına hava ötürməsindən sonra müdafiəçilərinin səhvindən istifadə edərək əla mövqe seçən Kriştiano Ronaldo topa başla dəqiq zərbə vurub – 1:1. Lakin “Real Madrid” futbolçularının sevinci cəmi iki dəqiqə davam edib. Bərabərlik qolundan iki dəqiqə sonra madridlilərin müdafiə xəttində yaranan çaşqınlıq avtoqolla nəticələnib. UEFA Çempionlar Liqasında 100-cü oyununu keçirən Serxio Ramos topu öz qapısına göndərərək hesabı “Bavariya”nın xeyrinə dəyişib – 1:2.

Matçın 84-cü dəqiqəsində münxenlilər ilk oyunda olduğu kimi, meydanda sayca azlıqda qalıblar. Kobud oyuna görə ikinci dəfə sarı vərəqə ilə cəzalandırılan Arturo Vidal meydanı tərk edib. Lakin bu, oyunda hesabın dəyişməsinə təsir etməyib və matçın əsas hissəsi “Bavariya”nın üstünlüyü ilə başa çatıb – 2:1.

Ümumi hesab 3:3 olduğundan qalibi müəyyən etmək üçün 15 dəqiqəlik iki əlavə hissə oynanılıb. Olduqca sürətli və qarşılıqlı hücumlar şəraitində keçən birinci 15 dəqiqənin sonunda – 105-ci dəqiqədə Kriştiano Ronaldo dublunu rəsmiləşdirərək oyunda tarazlığı bərpa edib – 2:2. Görüşün 110-cu dəqiqəsində “Bavariya” futbolçularını əks-hücumda yaxalayan Marselo sürətli driblinqini Kriştiano Ronaldoya ideal ötürmə ilə tamamlayıb. Portuqaliyalı ulduz isə topu uzaq küncə göndərərək özünün və komandasının üçüncü topunu “Bavariya”nın qapısından keçirib. Bu qoldan iki dəqiqə sonra topu meydanı mərkəzindən ələ keçirən “Real”ın gənc oyunçusu Marko Asensio “Bavariya”nın bir neçə futbolçusunu keçərək münxenliləri növbəti dəfə məyus edib – 4:2.

Beləliklə, “Real Madrid” iki oyunun nəticəsində görə 6:3 hesabı ilə qalib gələrək “Atletiko Madrid”dən sonra UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.

UEFA Çempionlar Liqasının digər yarımfinalçıları isə aprelin 19-da “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya Dortmund” görüşlərinin nəticəsində məlum olacaq.

Xatırladaq ki, ilk görüşdə “Barselona” səfərdə 0:3, “Borussiya Dortmund” isə doğma meydanda 2:3 hesabı ilə məğlub olub.

Etikxeber.az

Read Previous

“Nüvə stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var” – POLİTOLOQ

Read Next

Düşmən atəşkəs rejimini 125 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir