“Reallığa çevrilən Zəngəzur dəhlizi: Udan, qazanan təkcə biz deyil, onlar da olacaq”-KAMİLƏ ƏLİYEVA YAZDI

“İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Bu fikirlər Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Ölkə rəhbəri bu fikirləri qardaş və dost Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxışı zamanı dilə gətirdi.

Digər çıxışları kimi bu çıxışı, son nitqi də çox tarixi və təsirli oldu.

Azərbaycan Prezidenti istər ölkəmizi, istərsə də dünyamızı maraqlandıran, narahat edən bir çox məsələlərə toxunaraq, növbəti dəfə “Yol xəritəsi” cızdı, gələcəyə doğru hədədlərimizi, həmçinin, özünün, Azərbaycanın qətiyyətini, iradəsini bir daha nümayiş etdirdi.

Azərbaycanın İƏT-in fəal üzvü olduğunu bəyan edən dövlət başçımız bildirdi ki, bu mötəbər quruma üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır.

Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.

Xatırladıldı ki, İƏT-in mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanıb.

“Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”-deyə, qeyd edən Azərbaycan Prezidenti eyni zamanda, ölkəyə rəhbərlik etdiyi dövr ərzində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs etdi.

Vurğuladı ki, Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artıb.

Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir.

2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.

Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib.

Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb.

Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Çıxışında 2020-ci ilin əvvəllərindən dünyanı cənginə alan və hələ də davam edən koronavirus pandemiyasına toxunan dövlət başçımız bildirdi ki, COVID-19-a qarşı mübarizə ilə bağlı Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlayıb.

Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub.

Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib.

2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq.

Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır.

Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.

Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.

Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı edib.

Bunlar hamısı Azərbaycanın dünya düzənindəki nüfuzunun, çəkisinin, o cümlədən inkişafının əyani, bariz nümunəsidir.

Bunlar uğurumuz, nailiyyətimiz, fəxrimizdir.

Çıxışında artıq keçmişdə qalan Qarabağ münaqişəsinə toxunan Ali Baş Komandan bir daha qeyd etdi ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu.

44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.

Artıq tarixi Qələbə və Zəfərimizdən sonra ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, onların da ilkin nəticələri var.

Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır.

Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb.

2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq.

Yeri gəlmişkən, ölkə Prezidenti tərəfindən azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.

Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı da 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

Odur ki, dövlət rəhbəri bir daha İƏT üzvü olan dost, qardaş, tərəfdaş və qonşu ölkələrə çağırış edərək, onları artıq reallığa çevrilən Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlığıa səslədi.

Bir daha özünün və Azərbaycanın mövqeyni ortaya qoydu.

Bəli, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu yeni nəqliyyat infrastrukturu-Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək.

Və əminik ki, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər.

Bəli, biz sözümüzü dedik, mesajımızı verdik, seçimimizi etdik.

İndi qərar və seçim İƏT ölkələrinindir.

Udan, qazanan təkcə biz deyil, onlar da olacaqlar, ola bilərlər.

Bütün hallarda Qələbələr, Zəfərlər bizimlədir və bizimlə də olacaq!

Kamilə ƏLİYEVA,

Millət vəkili, BDU-nun kafedra müdiri, professor

Etikxeber.az

Read Previous

Millətçilik erməni dövlətçiliyinin real deqradasiyasına, suverenliyin itirilməsinə gətirib çıxarır…-İLYAS HÜSEYNOV YAZIR

Read Next

“Tək qardaşımı və tək övladımı Vətən yolunda Şəhid vermişəm, tək-tənha anayam…İstəyirəm ki, övladım Haqq etdiyi ordenlərdən biri ilə təltif olunsun”-ŞƏHİD EMİL ƏMİROVUN ANASI ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir