Referendum, proporsional seçki sisteminin bərpası, deputatların sayının artırılması… – FƏZAİL AĞAMALI İSTİSNA ETMƏDİ

Azərbaycan Konstitusiyasında təsbit olunub ki, hər 5-ci ilin noyabr ayında parlament seçkiləri keçirilməlidir. Ancaq biz bu ilin fevral ayında növbədənkənar parlament seçkilərini keçirdik. Parlament də artıq özünün altıncı çağırış olaraq fəaliyyətinə başlayıb. Odur ki, ortada ziddiyyətli məqam var və bu məqam aradan qaldırılmalı, Konstitusiyaya dəyişiklik edilməlidir. Konstitusiyaya da dəyişiklik ancaq referendum yolu ilə mümkündür. Yəni, buna söykənib belə bir fikir söyləmişəm ki, bəli, ölkədə referendum keçirilə bilər.

Bunu Etikxeber.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

“Eyni zamanda, digər vacib söykənmiş olduğum arqument ölkə Prezidentinin mart ayının 10-da Milli Məclisdə söyləmiş olduğu kifayət qədər konseptual, proqram xarakterli çıxış, ortaya qoymuş olduğu siyasi iradədir. Çünki orada dövlətimizin qarşısında duran bütün məsələlərlə bərabər həm də siyasi sistemdə çoxpartiyalılığın yerinin və rolunun artırılması ilə bağlı mühüm fikirlər yer aldı. Artlq bunun konkret nəticələri də göründü, parlamentin rəhbərliyidə azlıqda qalan partiyalar da iştirak etdilər”-deyən millət vəkilinin sözlərinə görə, bu, başlanğıcdır.

“Dövlət başçısının siyasi fəaliyyətini kifayət qədər diqqətlə izləyən və həm də bu tarixi yaşayan bir insan kimi deyə bilərəm ki, ölkə Prezidentinin atmış olduğu addımlar daha çox perspektivə və strategiyaya hesablanır. Ona görə bu addımın-çoxpartiyalı sistemə keçidlə bağlı addımın davamı gələcək. Bəs necə gələ bilər? Düşünürəm ki, bu, məhz qarışıq seçki sisteminin yaradılması ilə təsbit oluna bilər. Yəni, majoritar da qalır, eyni zamanda, majoritarla bərabər proporsional seçki sistemi də tətbiq olunur. Həmçinin, millət vəkillərinin sayı da artırıla bilir. Beləliklə, gələcəkdə bu sistemə keçməli olsaq, 5-6 partiya və həmin partiyaların çoxsaylı deputatları ilə Milli Məclisdə təmsil oluna bilərik. Belə olarsa, parlamentdə fraksiya da yarana  bilər. Bizdə hazırda parlamentdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) sonra ən çox deputatla, yəni, 3 millət vəkili ilə təmsil olunan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır və bu səbəbdən həmin partiyadan olan deputat Milli Məclisin rəhbərliyinə secilib.

Ancaq fraksiya olarsa, onun hansısa bir formada seçmiş, razılaşdırmış olduğu namizəd həmin fraksiyada birləşən partiyaların təmsilçisi kimi Milli Məclisin sədr müavini ola bilər. Eyni zamanda, fraksiya üzvləri komitə sədri, komitə sədrinin müavinləri də ola bilər və sairə. Daha da irəli getməli olsaq, istisna etmirəm ki,  ayrı-ayrı siyasi partiyalar icra orqanlarında da, icra qurumlarında da təmsil oluna bilər və bu, bütövlükdə Azərbaycanın idarəçilik sistemində, siyasi sistemində çoxpartiyalılığı təmin edər. Bununla da, həm ölkənin idarəçiliyi, həm də siyasi yükü bir partiyanın çiynlərində olmaz. Bunun məsuliyyəti digər partiyalarla da bölüşülməlidir və heç şübhəsiz ki, belə olarsa, cəmiyyətin siyasi immunitetinin güclənməsinə çox mühüm təsir göstərər, burada ciddi və əhəmiyyətli rol oynaya bilər”-deyə, F. Ağamalı sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakıdakı Avropa çempionatı ləğv olundu – RƏSMİ

Read Next

MM-in 5 komitəsi eyni gündə-MARTIN 16-da İLK İCLASINI KEÇİRƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir