“REİNA” İSTİNTAQINDAKI ZİDDİYYƏTLƏR: QATİL NİYƏ AZADLIQDADIR?! – DEPUTAT

 

Dünən mediadan “Reina” qətliamında adı keçən terrorçunun foto və videolarını izlədim. Qənaətim belədir: Belə naşılıqla, “astagəlimliklə” nəinki cinayətkar, heç toyuq tutmaq olmaz!

Ziddiyyət -1

İstintaqın dediyi (və göstərdiyi): Terrorçu binanın giriş nöqtəsindən ata-ata gəlir, məkana daxil olur, öldürdüyünü öldürür, yaraladığını yaralayır, daha sonra rahat şəkildə bayıra çıxır, taksi saxlayır, taksi adamı aparmaqdan imtina edir, qatil əsəbi şəkildə üz döndərib başqa maşın axtarır. Və…error.(davamı yoxdur)

40-nı öldürüb, 100 –nü yaralayan birisi bütün proses boyunca onun əsəblərinə toxunan yeganə subyekti – taksi şoferini niyə sağ buraxaydı ki? Adam ümumiyyətlə o boyda zırıltıdan sonra əlini – qolunu sallayaraq hansı ağıl, məntiq və gözlənti ilə taksi saxlayaydı ki? Aylardır xüsusi təlim keçəndən sonra (istintaq belə deyir) iz itirmək üçün tək deyil də, ailəsi ilə bərabər Konyaya sığınmağa qədər ölçülü-biçili bir plan cızan terrorçu kamera “kayd”larını, gur tıxacı, saniyə etibarilə mühasirəyə düşmə perspektivini niyə nəzərə almayaydı ki?

İstanbula yaxşı bələd olanlar bilir: “Boğaz”ın alt yolunun (hansı ki, “Reina” yerləşir) paralel küçəsi gecəqonduların bol olduğu dar dəzlizlərdən ibarətdir. Hətta dünyanın düz vaxtı, gecə saatlarında belə Şişli istiqamətindən Ortaköyə enən taksilər adətən həmin dolanbaclarla sahilə çıxırlar. O zaman sual olunur: Qatil terrordan sonra qaçmağı düşünübsə, niyə bir küçə o yana adlamayıb + taksini kameraların addımbaaddım olduğu mərkəzi küçədən sifariş verib? Və ümumiyyətlə çox maraqlıdır: Bu yekəlikdə qətliamın təşviqediciləri, terror trayektoriyasını öncədən + mm dəqiqliklə təyin edən GÜCLƏR həqiqətənmi unudublar ki, qatil məkandan uzaqlaşacağı halda onu aparmağa maşın lazımdır və…terrorçunu taksi ümidinə qoymaq olmaz?

Ən nəhayət: istintaq hansı dəlil-sübutla o qənaətə gəlib ki, taksinin imtina etdiyi adam elə məhz terroru törədən adamın özüdür?
Əvvəla söhbət terrorçudan deyil, terror qrupundan gedir. Bu boyda qətliam bir adamın işi deyil. Üstəlik, unutmayın ki, qlobal cinayətlərin ssenarisi yazılarkən “tətikçi”nin də duruma adekvat psixologiyası nəzərə alınır. O tək olsaydı, mütləq özünü “yandırardı”! Bir cinayətkar sağ qalma ümidi ilə 800 nəfərin içinə təkbaşına girə bilməz! Girməz! Ən azından psixoloji durumu buna imkan verməz! Yalnız kamikadzelər üçün bu hal istisnadır! Bəşəriyyət tarixində belə analogiya, belə president yoxdur!

Burada 3 nəzəri ehtimal var:

1) Həmin şəxs öncədən planlanan qurbandır. Fəqət, özünün də bundan xəbəri yoxdur. Məsələn, əlinə silah verirlər ki, bunu filan yerə çatdırmaq lazımdır və…eyni anda hadisə törədilir. Adam da yeganə şübhəli kimi (həm də dəlil-sübutla) girir “içəri”.

2) Terrorun davamı üçün razılaşdırılmış kamikadzedir. Ələ keçsə özünü partladacaqdı.

3) Yoldan keçən sıradan bir şəxsdir. Sadəcə panikayaya düşüb, özünü şübhələndirib, nəzarətə alınıb.

Ziddiyyət – 2

Terrorun əsas şahidlərindən biri DJ Abdullah Canın istintaqa verdiyi ifadədən sitat: “Mən işə gələrkən 3 qatlı polis yoxlamasından keçdim. Orada elə bir təhlükəsizlik mühiti vardı ki, havada quş belə uçsaydı gözdən yayınmazdı”

Bəs necə yayınıb? Ümumiyyətlə, təqdim olunan video həqiqətənmi “Reina” qətliamı ilə bağlıdır? Diqqətlə baxın: Adam, əlində silah gəlir. 5 saniyəlik var-gəldən sonra gözətçini kürəyindən vurur. Və…yenə error! (davamı yoxdur)

3 qatlı güvənlik həmin an neyləyirdi bəs? Hara qeyb olmuşdu? Üstəlik, hamısı birdən?

Əgər terrorçu həqiqətən də bir nəfər olubsa + tək olmasına rəğmən 40 nəfəri öldürüb 70 nəfəri yaralayıbsa, 3 qatlı polis koridorunu adlamağı, hələ üstəlik əkilməyi də bacarıbsa, o zaman Türk İstihbaratının funksiyası nədən ibarətdir? Nə işə baxır onlar?
“Kurtlar vadisi”nin, “Kara Sevda”nın ssenaristləri qədərdəmi deyillər?

Ziddiyyət-3

İstintaqın təqdim etdiyi fotolarda bu günə qədər 3 yerdəyişmə var. Son olaraq uyğur əsilli Qırğızıstan vətəndaşının üzərində dayanıblar. Hətta artıq şübhəli şəxsin pasportu belə “TRT World” kanalı ilə nümayiş olunub, ailəsi dindilirib, təhqiqat hərəkətləri aparılır və s.
Yaxşı bəs “Şaxta baba” söhbəti nə idi? Nə vaxt “vurdu”, nə vaxt əynini dəyişdi, nə zaman kameraya poz verməyə macal tapdı, hansı arada yır-yığış edərək sanki cinayət məkanından deyil də oteldən çıxıbmıştək çıxdı adam?

Gözündə eynək də yoxdur. Bu qədərmi naşıdır? Naşı olsa Türkiyənin bütün istintaq orqanlarını 48 saat boyunca barmağına dolaya bilərdimi?

Dubaydan ta Moskvaya qədər – hər yerdə üz maskaları satılır. Qiyməti də 30 min dollar. Düzdür, təyinatı başqadır, amma daha çox kriminal çevrənin tələbatını ödəyir və ən peşəkar ekspertiza + foto-kamera belə onu natural sifətdən ayırd edə bilmir.

21-ci əsrdə heç bir peşəkar qatil kamera ilə gözlük (“qlazok”) kimi davranmaz. Davransa qatil olmaz!

Və bir daha təkrar edirəm: Terrorçu ya yaralılara kömək edənlərin ya yaralıları təcili yardım maşınına daşıyanların ya da elə həmin YARALILARIN (izi tam itirmək üçün qatilin özünə atəş açması da istisna deyil) arasındadır. Buna zərrə qədər şübhəm yoxdur…

Elşən Musayev,

Millət vəkili

P.S. Tanrı Türk qanına susayan şərəfsizlərin bəlasını versin!

Etikxeber.az

Read Previous

Yeni hökumətin tərkibi elan edilib

Read Next

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir