Rüfət Quliyev aeroport və idman kompleksləri məsələsində israrlıdır…

Rüfət QULİYEV: Bəzi struktur rəhbərləri  mənim təkliflərimi bir az ironiya ilə qəbul edirlər, amma nəticə etibarı ilə razılaşırlar ki, burada reallıq var, bunun üstündə işləmək olar

Etikxeber.az-ın müxbirinin suallarını millət vəkili, professor Rüfət Quliyev cavablandırır:

-Rüfət müəllim, bir müddət öncə parlamentdə çıxışınız zamanı Azərbaycandakı bəzi aeroportların və iri idman komplekslərinin icarəyə verilməsi təklifini irəli sürmüşdünüz. Həm vaxt təklifinizi təqdir edənlər də oldu, tənqid edənlər də, hətta, ittiham edənlər də tapıldı. Yenədəmi həmin fikirlərinizin, təkliflərinizin üstündə qalırsınız?

– O zaman mənə çox qəribə gəldi ki, bəzi insanlar bunu, bu fikirləri niyə tam qəbul edə bilmədilər. Mən bir də istərdim qayıdam bu fikrə ki, bunlar boş yerdən deyilməmişdi. Misal gətirə bilərəm, Batumidəki aeroportu türklər tikib, türklər də idarə edirlər. Tiflisdəki aeroportu türklər təmir edib, türklər də idarə edirlər. Afinadakı aeroportu idarə edən xarici şirkətlərdir. Deməli, Türkiyənin, İstanbulun özündə ikinci aeroport var, onu Malayziya uçuş kompaniyası idarə edir. Və onu deyim ki, dünyada bir çox belə hallar var ki, aeroportu da tikirlər, təmir də edirlər və sonda idarə də edirlər. 25 illik, 50 illik, neçə illik, o asılıdır dövlətlə icarəyə götürən şirkətin müqaviləsinə.

Mən Rusiyanı da boş yerə deməmişdim. Təsəvvür edin ki, Sankt-Peterburqda və Leninqrad vilayətində 350 mindən yuxarı azərbaycanlılar yaşayır. Onların tam yarısından da çoxu bizim Cənub zonasından olan nümayəndələrdir. Onlar orada həm işləyirlər, həm yaşayırlar,  həm də elələri var ki, müvəqqəti gedib, orada işləyirlər. Yəni, birinci elə onlar daha yaxşı, daha tez-tez istifadə edərdilər. Mən özüm Uralski Hava Yolları Şirkətinin rəhbərliyi ilə söhbət etmişdim və razılığa da gəlmişdik, yəni, birinci çarter reysini də özüm təşkil etmişdim, bilavasitə özüm məşğul olmuşdum.

Deməli, biletlər hamısı satılandan sonra təyyarənin tipindən asılı olaraq, təyyarə karqo yükü kimi götürür və hardasa 3-4 dollar arası kilosuna haqq alır. Biz o vaxt çalışdıq ki, Cənub zonasından olan sahibkarlar hansı ki, sitrus meyvələridir, başqa meyvələrdir, pomidordur, xiyardır, filandır, bunları mövsüm olmayanda Rusiyada, o cümlədən, Sankt-Peterburq və Moskvada satsınlar. Moskvada da  iki milyona yaxın azərbaycanlı yaşayır, indi orada yaşayanların nə qədəri Cənub zonasından, nə qədəri başqa zonalardandır deyə bilmərəm,  amma inanıram ki, orada da Cənub zonasından kifayət qədər adamlar var.

Buradakı-Cənub zonasındakı sahibkarlar həmin o meyvələri ora göndərə bilərlər qeyri-mövsüm vaxtı. Nəyə görə? Ona görə ki, orada meyvələrin kilosu 10-15, hətta 20 dollara qədər qalxır. İndi bunun maya dəyəri bir-iki dollar olsun, üstünə də gəlsin dord dollarlıq xərc, yenə də  aparıb orada satmaq sərf edir. Ondan başqa Sankt-Peterburqun özündə, elə Moskvada da, kifayət qədər-yüzlərlə Azərbaycan kafesi, restoranı fəaliyyət göstərir və onlar çalışırlar ki, Azərbaycan nemətlərindən-ətidir, yağıdır, nə bilim pendiridir, göyərtisidir, bunları gətirib, öz restoranlarında istifadə eləsinlər. Bunun nəyi pisdir? Mən bu sualı verirəm.

Sosial şəbəkələrdə bir hissəsi məni müdafiə elədi, o biri hissə isə tənqid elədi. Ancaq nəyə görə tənqid edirlər, bunu anlaya bilmirəm.  Məsələn, biz  1994-cü ili ən uğurlu il hesab edirik ki, çünki  Ulu öndər o vaxt “Əsrin müqaviləsi”nə qol çəkmişdi. Strateji deyil neft, qaz? Stratejidir. Bugünləri cənab prezidentin siyasətinə diqqət yetirək.  Elə Sumqayıtı götürək. Neçə dənə zavod-fabrik açılıb,  oraya yüz milyonlarla investisiya qoyulub. O strateji deyil? Neft-kimya kombinatları nəhəng, stratejidir. Bundan başqa otellər tikilir. Beş ulduzlu, beş plyus ulduzlu otellər hamısı tikilib Azərbaycan kapitalı ilə, amma  hamısı icarəyə verilib, ya da başqa bir formada verilib aparıcı Amerika şirkətlərinə. Hansı ki, burada bu otelləri idarə edirlər.  Olmaz? Niyə olmur, olar. Həm keyfiyyətdir, həm qazancdır, həm yeni iş yerləridir, həm daxili inkişafdır.

lenkoran

meclis-5

rufet

Ancaq əfsuslar olsun ki, insanlar hərdən nədənsə bəzi  fikirləri düz qəbul eləmirlər. Bilirsiniz, başa düşülməlidir ki, əgər deputat seçilibsə, o cümlədən, birinci dəfə yox, bir neçə dəfə, həmçinin, seçilən şəxs elmlər doktoru, professor, kafedra müdiridirsə, deməli, onun təfəkkürü, düşüncəsi, təkliflər var və bu hamısı da sadə insanlar üçündür. Cənab prezident yeni fikirləri həmişə dəstəkləyir və biz bu və ya digər formada biz dünya təsərrüfatına, iqtisadiyyatına inteqrasiya olunuruq.

-Siz bu yöndə fikirlərinizi özü də bəzi nazirliklərin, hökumət nümayəndələrinin iştirak etdiyi parlament komitəsinin iclasında səsləndirmişdiniz və sonra qeyd etmişdiniz ki, təklifləriniz onlar tərəfindən nəzarətə götürülüb. Ötən müddətdə bununla bağlı hansısa təmaslarınız olubmu, hökumət rəsmiləri, aidiyyatı strukturlar bunu necə dəyərləndirirlər?

– Mən öz fikrimin üstündə  durmuşam, bəzi nazirliklərin rəhbər şəxsləri ilə də söhbətlərim olub. Bizim Şeyx həzrətlərinin, Allah onun canın salamat eləsin, gözəl bir ənənəsi var, hər il  Ramazan ayında iftar məclisi təşkil edir və  başda möhtərəm cənab prezidentlə olmaqla, hər kəsi ora dəvət edir. Orada da hesab edin ki, hansısa bir formatda imkan yaranır bütün hökumət üzvləri, dövlət rəsmiləri ilə görüşməyə, söhbət etməyə.

Düzdür, bəzi struktur rəhbərləri bir az ironiya ilə qəbul edirlər, amma nəticə etibarı ilə razılaşırlar ki, burada reallıq var, bunun üstündə işləmək olar. Həmin məsələ eynilə aiddir bizim o nəhəng idman komplekslərimizə. Birini Mingəçevirdə icarəyə veriblər.  Həm  öz kommunal xərclərini ödəyir, həm büdcədən xərc gedmir, həm də insanlar orada işlə təmin olunub. Bəlkə yüzə yaxın adam orda işləyir. Həmin o yüz nəfər adam işləməsəydi,  büdcədən yenə də yüzminlərlə, milyonlarla pul gedəcəkdi.

Mənim təklifim odur ki, ələlxüsus, rayonlarda olan böyük, nəhəng idman komplekslərini, – nəzərə alaraq ki, orada qismən yerli insanlar gedib idmanla məşğul olur, onları saxlamaq şərti ilə -, bir tender formasında nəhəng firmalara icarəyə olar. Orada müəyyən çempionatlar keçirə bilərlər. Məsələn, bizdə nisbətən qış ayları yumşaqdır, elə Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın özündən müəyyən idman kompaniyaları gəlib burada öz məşqlərini, cürbəcür çempionatlar və ya konsertlər keçirə bilərlər.

Bizim rayonlarda konsertlər üçün olan yerlər o qədər də böyük deyil. Yəni, 500-700 nəfərdən böyük zallarımız yoxdur. Odur ki, həmin idman komplekslərində daha çox insanın iştirakı ilə konsertlər təşkil oluna bilər. İstər həm öz müğənnilərimiz, istər xaricdən olanlar, gəlib orada konsertlər verə bilərlər, bunları təşkil etmək olar. Həm yerli insanlar üçün  mənəvi istirahət-zövq olar, həm əldə edilən gəlirlərdən yeni iş yerləri açılar.

İş yerləri yüzlərlə açılmır ki? Bax belə – on beş-on beş, iyirmi-iyirmi və sair açılır. Bunun nəyi pisdir ki? Bu, mənim fikrimdir, bu fikrin üstündə durmuşam və duracağam da.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Birinci xanımdan Yalçın Rzazadə ilə bağlı – TAPŞIRIQ

Read Next

“Heydər Əliyev şansını əldən vermədi…” – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir