“Ruslanın valideynlərinə deyərsən ki, onun da, digər Şəhid qardaşlarımızın da qisasını artıqlaması ilə almışıq…”-BU GÜN ANIM GÜNÜ OLAN BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, İKİ HƏRBÇİ QARDAŞDAN BİRİ, XÜSUSİ TƏYİNATLI, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ SALEH MƏCİDZADƏNİN ATASI NƏRİMAN MƏCİDOV – FOTOLAR – YENİLƏNİB – (1)

Şəhidliyindən əvvəl iki dəfə danışdım…Oktyabrın 1-də və 3-də…Oktyabrın 1-də kəndimizə ilk Şəhidimiz gəlmişdi…Ruslan İbadlı…Atayam, özümü saxlaya bilmədim…Dedim ki, kəndə Şəhid gəlib, özündən muğayat ol…

Bu fikirləri bu gün-12 oktyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçən, Anım Günü olan Əfsanəvi Xüsusi TəyinatlıBiləsuvarlı, Nəsimikəndli Saleh Məcidzadəninin atası Nəriman kişi, Nəriman Məcidov dilə gətirdi…

Qeyd edim ki, bu gün Şəhidimizin Anım Gününə qatılmaq üçün səhər saatlarında Biləsuvar rayonunun Nəsimikənd kəndinə üz tutdum…

Şəhidimizin Anım məclisinə qatıldım…

Öncə Şəhidimizin ailə üzvləri-atası Nəriman kişi, müharibə veteranı qardaşı Əhliman Məcidzadə, kiçik qardaşı Əli Məcidzadə və məni Anım Gününə dəvət edən əmisi oğlu, birinci qrup müharibə-Qarabağ əlili, keçmiş MAXE, bir övlad atası Vidadi Məcidovla görüşdüm, bir araya gəldim…

Onlara Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Müqəddəs, əziz ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Bir ömür boyu Saleh də daxil olmaqla, cəmi Şəhidlərimizə və onları yetişdirən, onlara dəyər verən dəyərli Şəhid ailələrinə, Şəhid valideynlərinə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Şəhidimizin atası və doğmaları ilə söhbətləşdim, dərdləşdim…

Sözünə davam edən Nəriman kişinin dediklərindən:

“…Saleh qayıdıb mənə dedi ki, ata, Ruslanın valideynlərinə deyərsən ki, onun da, digər Şəhid qardaşlarımızın da qisasını artıqlaması ilə almışıq…Və onu da dedi ki, məndən narahat olmayın, özünüzdən muğayat olun…Axırıncı dəfə isə oktyabrın 3-də danışdıq, “hər şey yaxşıdır…”-dedi…3-dən sonra onunla danışa bilmədik…Və ayın 10-dan 11-nə keçən gecə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində Şəhid oldu…Hamı Salehin Şəhidliyindən xəbər tutsa da, mənim heç nədən xəbərim yoxuydu, mənə heç nə deyilməmişdi…Mən ayın 12-də oğlumun Şəhidin olduğunu bildim və elə həmin gün də kəndimizin qəbiristanlığında torpağa tapşırıldı (kövrəlir)…Çox qocaq, çox cəsur, çox qorxmaz oğul idi…İdmanın “Universal döyüş” növü üzrə dəfələrlə qalib olmuşdu, Azərbaycan bayrağını dalğalandırmışdı…”

Şəhidimizin atası, doğmaları ilə söhbətləşdikdən sonra Anım mərasiminə qatılan qonaqlarla, Şəhid valideynləri ilə birlikdə Salehin və Nəsimikəndili digər İkinci və Birinci Qarabağ Savaşı Şəhidlərimizin məzarlarını ziyarət etdik…

Məzarları, ruhları qarşısında baş əydik, ruhlarına dualar etdik!

Onu da qeyd edim ki, Saleh Məcidzadə 1994-cü ilin iyul ayının 16-da Biləsuvar rayonunun Nəsimikənd kəndində dünyaya gəlib…

Ailənin üç övladından, üç qardaşdan biri və evin ortancıl oğlu olub…

2000-2011-ci illərdə orta məktəbdə oxuyub…

İdmanla, “Universal döyüş” növü ilə məşğul olub…

2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib Azərbaycan Ordusunun Əsgəri kimi…

Əsgərliyini başa vurar-vurmaz yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Giziri kimi fəaliyyət göstərib…

2020-ci ilin 27 sentyabrından isə müharibəyə qatılıb, Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu 14 gün çəkib…

2020-ci ilin oktyabr ayının 10-dan 11-nə keçən gecə Cəbrayılın Daş Veysəlli kəndində qəhrəmancasına Şəhid olub…

Nəşi 12 oktyabr tarixində kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə bir, Şəhidliyindən sonra isə dörd medal“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Nəsimikənddə adını daşıyan küçə var…

Nəsimikəndin dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Böyük qardaşı Əhliman da hərbçi olub, 4 ilə yaxın Azərbaycan Ordusunda MAXE kimi çalışıb…

İkinci Vətən Müharibəsinin iştirakçılarından olub, 3 medalla təltif edilib…

26 yaşlı Saleh həm də subay olub…

Məqamı Ali və Uca, dərgahı mübarək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anım günləri olan Goranboylu 11 oktyabr Şəhidləri-TURAL QASIMOV, KƏNAN ƏLƏKBƏRLİ, SAHİL RƏSULOV VƏ KAMİL QASIMOV… – MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bu gün Anım günləri olan Bakılı, Səbailli İkinci Vətən Müharibəsi Şəhidləri-TƏK OĞUL MURAD QURBANOV VƏ AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN, ƏKİZ QARDAŞLARDAN BİRİ ƏLİ TAĞIYEV… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir