Rüstəm Usubov da yola salındı-BAŞ PROKURORUN YENİ BİRİNCİ MÜAVİNİ VƏ MÜAVİNLƏRİ MƏLUM OLDU, BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI – YENİLƏNİB

Baş Prokurora yeni müavinlər təyin olunub.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib.

Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

N. Rəcəbov, həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər E. Məmmədov Lənkəran, E. Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar.

N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.

***

Baş Prokurorluq yeni təyinatlarla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Etikxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 21 may 2020-ci il tarixli Sərəncamlarla Baş prokurorun birinci müavini R. Usubov və Baş prokurorun müavini N. Əsgərov tutduqları vəzifədən azad ediliblər.

Dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə onlara “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Dövlət başçısının imzaladığı sərəncamlarla E.Məmmədov Baş prokurorun birinci müavini, E. Camalov müavini, N. Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

E. Məmmədov 1993-cü ildən prokurorluq orqanlarında işləyir. O, Azərbaycan Nəqliyyat prokurorluğunda böyük müstəntiq və şöbə prokuroru, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror-kriminalist, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Gəncə şəhər prokurorunun müavini və Lənkəran rayon prokuroru vəzifələrində çalışıb.

E.Camalov 1992-ci ildən prokurorluq orqanlarında işləyir. Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Baş Prokurorluğun idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.

N.Rəcəbov 1989-cu ildən prokurorluq orqanlarında işləyir. O, Qazaxıstan Prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat, Kadrlar və Dövlət ittihamının müdafiəsi üzrə idarələrində prokuror, prokuror-metodist və böyük prokuror, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində çalışıb. 2015-ci ildə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir.

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb.

N. Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir.

1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

Etikxeber.az

Read Previous

Elçin Rzayev Vilyam Hacıyevin, SABİQ DEPUTATIN KÜRƏKƏNİ İSƏ NİZAMƏDDİN QULİYEVİN YERİNƏ TƏYİN OLUNDU, PREZİDENT HƏR İKİ İCRA BAŞÇISINI VİDEOFORMATDA QƏBUL ETDİ, “ELƏ ETMƏLİSİNİZ Kİ, İNSANLAR SİZDƏN RAZI QALSIN”-DEDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir…”-XİN-DƏN NÖVBƏTİ AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir