Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Səbuhi ilə axırıncı dəfə Şəhidliyindən iki gün öncə-sentyabrın 18-də danışmışdım…Heç bilməzdim ki, bu, oğlumla sonuncu danışığımız olacaq…
Bunları həm Xaçmazlı, həm Şamaxılı, həm də Abşeronlu Antiterror Şəhidi Səbuhi Hüseynovun atası Məhbub Üzeyir oğlu Hüseynov dilə gətirib…
Qeyd edim ki, bu gün-13 noyabr 2024-cü il tarixində, günorta saatlarında Antiterror Şəhidi Səbuhi Hüseynovun Saray qəsəbəsində yaşayan valideynləri-anası Sevda xanım və atası Məhbub Hüseynovla görüşdüm…
Eyni zamanda qeyd edim ki, Səbuhi Hüseynovun valideynləri ilə bir neçə dəfə yol yodaşı olsam da, bir neçə dəfə Şəhid məclislərində-tədbirlərində bir araya gəlsəm də, onlarla ilk dəfəydi Şəhidimizin ocağında görüşürdüm…
Şəhidimizin valideynlərini, ocağını ilk dəfəydi ki, ziyarət edirdim…
Ziyarət zamanı öncə Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm dilədim…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Şəhidimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…
Bir ömür boyu Səbuhi də daxil olmaqla, cəmi Şəhidlərimizə borculu olduğumu, bir toplum olaraq, borclu olduğumuzu söylədim…
Heç zaman onların borcundan da çıxa bilməyəcəyimi, çıxa bilməyəcəyimizi söylədim…
Təxminən iki saata yaxın çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim…
Az da olsa, onlara təsəlli verməyə çalışdım…
Onu da qeyd edim ki, ana tərəfdən Xaçmazlı, ata tərəfdən isə Şamaxılı, Adnalı olan Səbuhi Hüseynov 2002-ci ilin mart ayının 27-də Xaçmaz şəhərində dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və evin ortancılı olub…
Bacısı Sevinc xanım bir övlad anasıdır, qardaşı Üzeyir Hüseynov isə hazırda 8-ci sinifdə oxuyur…
Səbuhi orta təhsilini 2008-2019-cu illərdə Xırdalan şəhərində yerləşən tam orta məktəbdə alıb…
Orta məktəbi bitirdikdən sonra Türkiyədəki universitetlərdən birinə qəbul olunsa da, sonradan təhsilini yarımçıq dayandırıb və 2022-ci ilin aprelində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib…
Və hərbi xidmətinin başa çatmasına cəmi 11 gün qalmış-2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun Əsgəri kimi Antiterror əməliyyatına qatılıb…
Və sentyabrın 20-də Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Şəhidliyi xəbəri isə həmin gün saat 16:00 radələrində atasına bildirilib…
Nəşi Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
21 yaşlı Şəhidimiz həm də subay olub…
Hazırda Xaçmaz rayonunda adını daşıyan küçə var…
Bu yerdə qeyd etmək yerinə düşər ki, Şəhidimizin ailəsindən hazırda heç kim heç bir yerdə işləmir və onların işlə təmin olunması lazımdır…
Allah Şəhidimizin məqamını Uca, dərgahını mübarək etsin!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az