“Səhər açılar-açılmaz Şəhidlər Xiyabanına, həm Turalın, həm Musanın məzarı üstünə getdim… Yuxumu mollaya danışdım, dedi ki, Turalın məzarının baş hissəsindən aşağısınacan su tök…Mən də elə etdim, məzarını yudum, bəlkə ona, özünə də agah olar…”-ŞƏHİD ANASI – KAMİL HƏMZƏOĞLU YAZDI – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

Mingəçevir Şəhidləri: Hər gün analarının yuxusuna girən Şəhid qardaşlar-Tural və Musa Həsənovlar, ölümündən 4 ay sonra övladı dünyaya gələn Məhəmməd Məmmədli-TALIŞDAN, SUQOVUŞANDAN DAŞALTIYACAN DÖYÜŞ YOLU KEÇƏN ŞAHMAR SEYİDOV…

(Yazının davamı: Üçüncü-sonuncu hissə)

İki oğul, İki Şəhid, hər gün yuxusunda Musa ilə Turalı görən Nəhayət ana, özünə yer tapa, özünü ovundura bilməyən Tapdıq dayı…

Mingəçevirin Şəhidlər Xiyabanından ayrılıb sonra Şəhid qardaşların-Tural və Musa Həsənovların evinə, ailələrinə baş çəkməyə yollandıq, yollandım…

Əvvəlcə Turalın evini, ailəsini-iki igid balasını-babasının adını daşıyan Tapdığı və Hüseyni ziyarət etdik, etdim… 

Şəhidimizin balaları, fotolarda atalarını axtaran körpələr…

Hər gün evlərinin yaxınlığındakı Şəhidlər Xiyabanını ziyarət edən-ata üzünə həsrət qalan, həsrət qoyulan gül balalar…

Gələcəyin İgidləri-ataları, əmiləri kimi…

 Daha sonra Turalın ata ocağını (həm də qardaşı Şəhid Musanın evini) ziyarət etdik, etdim…

Şəhidimizin atası Tapdıq kişi və anası Nəhayət xanımla, Şəhidimizin həyat yoldaşı, övladları – dilli-dilavər Ruqəyya və İnci ilə görüşdük, görüşdüm…

Bir daha dərdli, ancaq Qürurlu, Məğrur Şəhid ailəsinə başsağlığı verdim, verdik…

Şəhidimizin anası Nəhayət xanım:

“Gecə Tural yenə yuxuma girmişdi…O, üzr istəyirəm, çimməyi, hamamlanmağı çox xoşlayırdı, təmizliyinə çox fikir verirdi…Yuxuda dedi ki, mama, axı, mən neçə vaxtdır çimmirəm…Sanki yuxum ərşə çəkildi, yerimə qor doldu…Səhər açılar-açılmaz Şəhidlər Xiyabanına, həm Turalın, həm Musanın məzarı üstünə getdim… Yuxumu mollaya da danışdım, dedi ki, məzarının baş hissəsindən aşağısınacan su tök…Mən də elə etdim, məzarını yudum, bəlkə ona, özünə də agah olar (gözləri dolur)…

O gün olmur ki, ikisi də yuxuma girməsinlər…Ataları da heç cür dözə, özünə yer tapa bilmir…Hər gecə yuxudan hövlank oyanır, ürəyi tıncıxır, özünə yer tapa bilmir…Bəli, Şəhid-Şəhidlər ata-anası kimi qürurluyuq, başımız ucalardan ucadır, amma dözmək də çox çətindir….İki oğul, ikisi də Şəhid…İkisi də ailəli, ikisinin də gənc, cavan, başsız, sahibsiz qalan yoldaşları, körpə balaları…Özün də bilirsən ki, Musanın bir qızı-İnci də anadangəlmə qüsurlu, xəstədir…Gəl indi bu yükü çək, daşı…Çox çətindir, çox…”

Yenə sözlər düyünlənib boğazımızda, boğazımda qalır…

Nə deyəsən, nə təsəlli verəsən ki, az da olsa, yaralı, dərdli ürəklərə su səpilsin…

Birtəhər özümü toparlayıb, həm Nəhayət xanıma, Nəhayət anaya, həm də dərdini içində yaşadan Tapdıq kişiyə, Tapdıq dayıya, Şəhidimizin-Musa balamızın həyat yoldaşına bir daha başsağlığı verdim, bir daha səbr dilədim…

Həm Tural, həm Musa-bütün Şəhidlərimiz Qürurumuz, Fəxrimizdirlər!

Nur içində yatsınlar, nur içində yatın, Şəhidlərim!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

06.02.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

“Daha güclü Azərbaycan naminə atılacaq addımlar və ya…”-ELDƏNİZ SƏLİMOVUN YAZISI – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

Read Next

“Qarabağ müharibəsi ilə həmyaşıd idi…”-SABİQ DEPUTAT MÜBARİZ İBRAHİMOVDAN YAZDI – (BİRİNCİ HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir