“Şiddətli döyüşlər gedir…Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib…”-MÜDAFİƏ NAZİRLİYİNDƏN NÖVBƏTİ BƏYANAT, ERMƏNİSTANA MƏXSUS PAU VURULUB – YENİLƏNİB – (6) – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin (MM) Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:


“Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”-deyə, sonra qeyd olunub.

Həmçinin, qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. 

Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

09:41

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.  

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı  bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

***

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Müdafiə Nazirliyindən yeni verilən məlumata görə, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

12:58

***

“İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ön xətdə jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular – mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhid olan hərbi qulluqçuların ailələrinə dərin hüznlə baş sağlığı veririk. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub. Hazırda vəziyyət gərgin olaraq qalır. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Xalqımızı əmin etmək istəyirik ki, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Həmişə olduğu kimi ordumuz müzəffər yürüşünü davam etdirəcək və onun böyük ruh yüksəkliyi ilə düşmənin başını əzməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam etdiriləcəkdir.Təkcə hərbi qulluqçularımızın deyil, bu ərazidə yaşayan mülki əhalinin də əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan xalqı orduya inanır və güvənir”.

14:38

***

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

– polkovnik Mirzəyev İlqar Anzor oğlu;  

– mayor Əhmədov Namiq Hajan oğlu;  

– mayor Novruzov Anar Gülverdi oğlu;  

– gizir Zeynallı İlqar Ayaz oğlu;

– gizir Babayev Yaşar Vasif oğlu;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!


Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir.


Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

15:00

***

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır. Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur”– deyə, məlumatda qeyd olunub.

16:11

***

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu gün saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.

20:11, 14 iyul

***

“Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə  həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar”.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir:

“Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

Etikxeber.az

Read Previous

Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına-APARILDI VƏ…- YENİLƏNİB – (1)

Read Next

“Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə edilməsi barədə yayılan məlumat dezinformasiyadır”-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir