Şəhadət günlərində Anar Əliyev, Məmmədağa Səfərov, Rauf Əliyev, Vüsal Babayev və Mirhəmid Qasımlının-HƏRBİ MEMORİAL MƏZARLIQDAKI MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSLƏRİ KEÇİRİLDİ… – YENİLƏNİB – (4)

Bu gün-21 oktyabr 2026-cı il tarixində əslən Kəlbəcərli Anar Vaqif oğlu Əliyevin, Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan olan Rauf Səxavət oğlu Əliyevin, Bakı şəhərinin Nəsimi rayonundan olan Mirhəmid Nazim oğlu Qasımlının və Məmmədağa Balakişi oğlu Səfərovun Şəhadətə ucalmasından altı il keçir.

Adları çəkilən Şəhidlərin Şəhadətlərinin altıncı ilə bağlı bu gün səhər saatlarında Əbədiyyətə uğurlandıqları Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət olunub.

Şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar olunub, hər birinin məzarı başında “Quran” oxunub.

Məzarları qarşısında çıxışlar edilib.

Şəhidlərin Vətən naminə fədakarlıqlarından danışılıb.

Şəhidlərin qəlblərdə yaşadığı və yaşayacağı, unudulmadığı və unudulmayacağı dilə gətirilib.

Hər birinin ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Adları çəkilən Şəhidlərin ailə üzvləri də hər biri öz növbəsində ziyarət iştirakçılarına minnətdarlıqlarını bildirib, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını dilə gətiriblər.

Həmçinin, Şəhidlərin məzarlarını ziyarət zamanı məktəblilər, şagirdlər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarlarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim evində Şəhidlərin Anım məclisləri düzənlənib.

Şəhidlərin adlarına çay-ehsan süfrəsi təşkil olunub.

Anım məclislərində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha ruhlarına dualar edilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblillər, din xadimləri, ziyalılar, Nizami, Nəsimi, Pirallahı rayon İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, iki övladı Vətənə əmanət qalan Anar Əliyev ali-hərbi təhsilli, peşəkar hərbçi olub, polkovnik-leytenant rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsi zamanı-oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi 4 gün sonra, oktyabr ayının 25-də Hərbi Memorial Məzarlıqda dəfn edilib.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla və Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Əslən Xızılı, özü isə Bakılı, 29 sentyabr 1994-cü il doğumlu, ailənin iki oğlan övladından biri, evin sonbeşiyi, orta təhsilli və subay Mirhəmid Qasımlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə cəlb olunub.

6 gün sonra İkinci Vətən Müharibəsinə qatılıb və oktyabrın 21-də Füzuli istiqamətində Şəhadətə ucalıb.

Nəşi dörd gün sonra, 25 oktyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla və ordenlə təltif olunub.

10 may 1997-ci il təvəllüdlü olan Məmmədağa Səfərov Bakı şəhərində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək və subay oğlu, tək bacının tək qardaşı olub.

Türkiyənin Balıkəsir Universitetində oxuyan Məmmədağa ali təhsilini donduraraq, həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Döyüş yolu 25 gün çəkən Məmmədağa oktyabrın 21-də Xocavənd istiqamətində Şəhidlik məqamıma ucalıb.

Nəşi 23 oktyabr tarixində Hərbi Memorial Məzarlıqda dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla və bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailənin iki oğlan övladından biri olan Rauf Əliyev isə 1994-cü ilin iyunun ayının 4-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb.

Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnib.

2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və Aprel döyüşlərinin fəal iştirakçısı olub.

İkinci Vətən Müharibəsi zamanı-oktyabrın 21-də Hadrut istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Subay olan Rauf Əliyev Şəhidliyindən sonra bir neçə medalla və ordenlə təltif olunub.

***

Bu gün eyni zamanda, Bakı şəhərinin Pirallahı rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, 8 yanvar 1992-ci il təvəllüdlü, ali təhsilli-peşəkar hərbçi, Baş leytenant, bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli, iki qız övladı Vətənə əmanət qalan Vüsal Sübbuh oğlu Babayevin Şəhadətinin altıncı ilidir.

Şəhadətə qovuşmasının altıncı ili ilə bağlı bu gün səhər saatlarındaVüsal Babayevin də Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Onun da məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib, ailəsinə Allahdan səbr dözüm arzulanıb.

Nurlar içində yatsınlar!

13:55

***

FOTOLAR:

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhadət günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI, POLKOVNİK-LEYTENANT, İKİ ÖVLAD ATASI ANAR ƏLİYEV, TƏK VƏ SUBAY OĞUL, TƏK BACININ TƏK QARDAŞI MƏMMƏDAĞA SƏFƏROV VƏ AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ RAUF ƏLİYEV – FOTOLAR

Read Next

Şəhadətinin altıncı ilində məzarı ziyarət edilən, Anım məclisi düzənlənən-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, İKİ QARDAŞDAN BİRİ, ALİ TƏHSİLLİ RAUF SƏXAVƏT OĞLU ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir