Bir qrup Şəhid ailəsi Qazilərlə bağlı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, Milli Məclis sədrinin müavini Adil Əliyevə, Ombudsman Səbinə Əliyevaya, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ünvanlayıb.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Cənab Müzəffər Ali Baş Komandan!
Xanımlar və cənablar!
Biz-İkinci Vətən Müharibəsi Şəhidlərinin valideynləri, ailələri olaraq, Sizə (Sizlərə) müraciət ünvanlamaqda məqsədimiz Vətən yolunda sağlamlıqlarından keçmiş, sağlamlıqlarını itirmiş İkinci Qarabağ Savaşı iştirakçılarının, Qazilərimizin mövcud durumlarına diqqət yönəltmək, diqqət cəlb etməkdir. Bəli, Azərbycan dövləri, xüsusilə, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və onun ən sadiq silahdaşı, xanımlar xanımı Mehriban xanım Əliyeva hər zaman Şəhid ailələrini, o cümlədən Birinci və İkinci Qarabağ Savaşı iştirakçılarını, canlı Şəhidlərimiz olan Qaziləri diqqət və nəzərlərində saxlayırlar. Onların mənzillərlə və avtomobillərlə təmin olunması üçün hər cür addımlar atırlar. Bunlar hamımızın gözləri qarşısıında atılan addımlardır. Bu addımların hər biri də alqışa və təqdirə layiqdir.
Ancaq çox təəssüflər olsun ki, bəzi dövlət qurumları, səlahiyyət sahibləri Azərbaycan dövləti və dövlət rəhbərliyinin bu gözəl, nəcib addımlarına kölgə salmaqla, dövlətlə vətəndaşlar, Dövləti, Vətəni yolunda “uf” demədən sağlamlığını itirmiş insanlar-Qazilər arasında gərginlik, uçurum yaratmaqla, onları dövlətdən göz-görə narazı etməklə məşğuldurlar. Xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərkibindənki bəzi qurumlar-ən çox da Sosial Tibbi Ekspert Komissiyası, o cümlədən Müdafiə Nazirliyi tərkibindəki Hərbi Tibbi Komissiya müharibə iştirakçılarının, sağlamlığını itirmiş övladlarımızın, canlı Şəhidlərimizin haqqını tapdalamaqla, onları incitməklə sanki Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin bütün gözəl addımlarının üzərindən xətt çəkmək yarışına giriblər.
Eyni zamanda, bir çox yerli icra hakimiyyətləri Birinci və İkinci Vətən Müharibəsi iştirakçılarının, Qazilərimizin haqqını göz görə-görə yeyir, onlara heç qayığı və diqqət göstərmirlər. Bütün bunlar isə nəticədə özünə qəsd etmələrə, özünü yandırmalara, intiharlara gətirib çıxarır. Çox təəssüflər olsun ki, son 3 ilə yaxın müddət ərizində onlarla Qazimiz, İkinci Vətən Müharibəsi iştirakçımız özünə qəsd edib, özlərini yandırıb, intihar yolunu seçib, cavan yaşlarında həyatlarını itiriblər. Biz də bu addımları düzgün saymırıq, intihar çıxış və mübarizə yolu deyil. Ancaq əlləri, ümidləri hər yerdən kəsilən Qazilərimiz, müharibə iştirakçılarımız son addım kimi bu yolu seçir və ya seçmək məcburiyyətində qalırlar.
Bunlar isə Azərbaycan dövlətinin Qalib dövlət olaraq dünyada gözəl və müsbət imicinə xələl və ziyan gətirir. Elə bugünlərdə daha bir Qazimiz özünü yandırdı və dünyasını dəyişdi. Bu, hər birimizin yaralı, dərdli, övlad həsrətli qəlbini yenidən sızlatdı, dərin kədərə qərq etdi. Ancaq yenə də özünə qəsd, intihar etmək fikrində, niyyətində olan Qazilərimizdən, müharibə iştirakçılarından xəbərlər gəlməkdədir. Bunlar isə bizi çox və çox narahat edir. Bugünlərdə yenə daha bir Qazimizin-iki övlad atası, iki medallı və üçüncü qrup (beş illik) müharibə, Qarabağ əlili olan Goranboy rayonunun Nərimanlı kənd sakini Fuad Mahir oğlu Həsənovun hüquqları açıq-aşkar şəkildə pozulmuş, tapdalanmışdır.

Heç bir əsasa dayanmadan, heç bir tutarlı fakt göstərilmədən onun əlillik dərəcəsi dayandırılmşıdır. Axı, niyə, nə haqla, hansı əsasla? Axı, cəmi iki ilin içində eyni qurum və ya qurumlar necə bir-birinə zidd olan qərarlar verə bilərlər? Bu, nə yanaşmadır, bu, nə hörmətsizlikdir? Bu dərəcədə də laqeydik, məsuliyyətsizlik, insan taleyinə biganə münasibət olar? Bunun adı nədir? Fuad Həsənov MAXE olub, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərdə iştirak edib və döyüşlərdən birində yaralanıb, aylarla müalicə və müayinələrdən keçib, hələ də səhhətində müharibənin izləri qalmaqdadır, eyni zamanda, iki azyaşlı övlad atasıdır, xəstə anası var. İndi ona qarşı olan münasibətə, ona edilən haqsızlığa nə ad vemək olar?
Sabah o da gedib özünə qəsd etsə, intihar yolunu seçsə, bunun məsliyyətini kim daşıyacaq, kim onun ailəsinə cavab verəcək? Bu sualların cavabı veriləcəkmi?”
Müraciətdə sonra qeyd olunur:
“Cənab İlham Əliyev!
Hörmətli xanımlar və cənablar!
Ona görə Sizdən (Sizlərdən) dönə-dönə xahiş və rica edirik ki, Qazilərlə, Vətən müharibə iştirakçıları ilə bağlı məsələləri, gündən-günə böyüyən problemləri birbaşa öz nəzarətinizə götürəsiniz, öz nəzarətinizdə saxlayasınız. Məsuliyyətsiz dövlət qurumlarının və onların yerində olmayan səlahiyyət sahiblərinin yanlış, qorxulu, təhlükəli addımlarının qarşısını alasınız və səlahiyyətlərinizdən istifadə edib, bu cür addımlara görə həmin şəxslərin ölkə qanunları qarşısında cavab verməsini, cəzalandırılmasını təmin edəsəniz.
İnanır və əminik belə də olacaq, biz Yaralı, Dərdli, həm də Qəhrəman Şəhid ailələrinin bu müraciəti diqqətlə nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Allah Sizi (Sizləri), Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az