Şəhid ailələrinin iştirakı ilə “Zəfərə gedən yol” kitabının-TƏQDİMATI OLDU – FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı Raziyə Kamilqızının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə həsr etdiyi “Zəfərə gedən yol” kitabının təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev, Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri Vaqif Vəliyev, şəhid ailələri, qazilər, veteranlar, partiya fəalları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə mərhum dövlət başçısı Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev kitabın ərsəyə gəlməsini şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Bildirib ki, Azərbaycan xalqının əldə etdiyi tarixi Zəfərin arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, xalqımızın milli iradəsi və qəhrəman Azərbaycan əsgərinin misilsiz şücaəti dayanır.

S. Ağayev qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad edərək xalqımızın tarixi arzusunu gerçəkləşdirib.

Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına aparan yolun əsas istiqamətlərindən biri olub.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi isə Zəfər tariximizin mühüm səhifəsini tamamlayıb.

Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev şəhidlərimizin keçdiyi döyüş yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib.

Qeyd edib ki, şəhidlərin həyat hekayələri gənclər üçün yalnız qəhrəmanlıq nümunəsi deyil, eyni zamanda Vətənə sədaqətin, milli həmrəyliyin və fədakarlığın canlı örnəyidir.

Daha sonra sözügedən kitabın müəllifi Raziyə Kamilqızı çıxış edərək “Zəfərə gedən yol” kitabının yaranma ideyasından danışıb.

Müəllif bildirib ki, əsəri qələmə alarkən əsas məqsədi şəhidlərimizin adlarını yalnız tarix kitablarının səhifələrində deyil, insanların yaddaşında və qəlbində yaşatmaq, onların keçdiyi şərəfli yolu gələcək nəsillərə çatdırmaq olub.

Raziyə Kamilqızı kitab üzərində işləyərkən şəhidlərimizin həyat hekayələrinin, ailələrinin xatirələrinin və Vətənə bağlılıqlarının onda böyük mənəvi təsir yaratdığını vurğulayıb.

Çıxış edən şəhid ailələri şəhidlərin keçdiyi ağır və şərəfli yoldan söz açaraq bildiriblər ki, Vətən müharibəsində qazanılan Zəfərin ən böyük qəhrəmanları şəhidlərimizdir.

Onların həyatını və əziz xatirəsini yaşatmaq, adlarını daim ehtiramla yad etmək Azərbaycan cəmiyyətinin müqəddəs borcudur.

Şəhid ailələri göstərilən yüksək dövlət qayğısına, mütəmadi sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Çıxışlardan sonra kitabın müəllifi Raziyə Kamilqızına təşəkkür ifadə olunub, bir daha şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Etikxeber.az

Read Previous

Ailənin üç övladından, iki qardaşdan biri idi…12 yaşında ata-baba yurdundan didərgin düşdü, gözünün önündə evləri od vurulub yandırıldı…1995-ci ildə-cəmi 19 yaşında isə Şəhid oldu, Milli Qəhrəman adı verildi…-BU GÜN MÖVLUDU, 50 YAŞI TAMAM OLAN ELDAR XƏLİL OĞLU XƏLİLOV – FOTOLAR

Read Next

Ailənin dörd övladından, iki qardaşdan biri, kollec təhsilliydi, müharibənin ilk günündə Şəhadətə qovuşdu, Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi oldu…İki bacının tək və subay qardaşı, idmancıydı…Cəmi 19 yaşında-2023-cü ilin sentyabrında, Antiterror əməliyyatında Şəhidlik məqamına ucaldı-SABAH BƏRDƏLİ TURQUT ZEYNALOV VƏ FÜZULİLİ ÜLVİ MİKAYILOVUN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir