Şəhid ailəsi dövlət başçısına-MÜRACİƏT ETDİ

Goranboy rayonundan olan Antiterror Şəhidi Hüseyn Nəsibovun valideynləri Pərvanə Haqverdiyeva və Əfqan Nəsibov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova və millət vəkili Bədəl Bədəlova müraciət ünvanlayıblar.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-Pərvanə Rəsul qızı Haqverdiyeva və Əfqan Hüseyn oğlu Nəsibov Goranboy rayonunun Qızılhacılı qəsəbəsindənik. Üç övladımız-iki oğlumuz və bir qızımız var idi. İkinci övladımız-böyük oğlumuz, Azərbaycan Ordusunun Əsgəri Hüseyn Nəsibov 2023-cü ilin məlum Antiterror əməliyyatı zamanı Şuşa-Xankəndi istiqamətində, ayın 19-u axşam saatlarında Vətən yolunda canını fəda etdi, qəhrəmancasına Şəhadətə ucaldı. Minbir əziyyətlərlə, kasıbçılıqla, əllərimizin qabarı ilə boya-başa çatdırdığımız övladımız cəmi 19 yaşında Şəhidlik zirvəsinə yüksəldi.

Hər zamanda şəstlə, qürurla üç rəngli bayrağımızı üzərində gəzdirən, daşıyan övladımız həmin bayrağa bükülərək sonuncu dəfə ocağına-ocağımıza gətirildi, Əbədiyyətə uğurlandı. Allah kimsəyə övlad, bala, oğul acısı yaşatmasın, biz yaşadıq, artıq kimsələr yaşamasın!

Ancaq oğul, övlad, bala itkisi nə qədər ağır, dözülməz olsa da, biz Şəhidimizlə-Hüseynimizlə Fəxr edir, Qürur duyuruq. Fəxr edir, Qürur duyuruq ki, Hüseyn kimi Mərd, İgid, Qəhrəman oğulun ata-anasıyıq, valideynləriyik. Hüseyn bizim Qürurumuz, Şərəfimiz, Mənliyimzdir!

Onu da qeyd edək ki, övladlarımızdan biri-qızımız ailəli, bir övlad anasıdır. Kiçik övladımız isə orta məktəb şagirdidir. Biz hazırda Bakı şəhərinin Yasamal rayonunda qeydiyyatdayıq. Bakı şəhərində Şəhid ailələri üçün tikilmiş binlardan birində mənzillə təmin olunmalıyıq, növbədəyik. Bizə əvvəlcə ailə təkibinə görə üç otaqlı mənzillə təmin ediləcəyimiz bildirilsə də, sonradan ancaq iki otaqlı mənzillə təmin edilə biləcəyimiz deyildi. Bu isə bizə bir qədər ağır təsir elədi.

Ona görə istəyirik ki, öncədən də söz verildiyi kimi və ailə tərkibinə uyğun şəkildə üç otaqlı mənzillə təmin edilək. Çünki həmin otaqlardan birini balamızın muzeyinə çevirmək istəyirik. Bu da bizə bir təsəlli, təskinlik olardı. Bununla təsəlli, təskinlik tapmaq istəyirik az da olsa.

Cənab Prezident, Sizdən xahiş edirik ki, bu məsələdə bizə dəstək olasınız, aidiyyatı qurumlara və məsul şəxslərə göstəriş və tapşırıqlarınızı versəniz. İnanırıq və əminik ki, belə də olacaq, müraciətimiz nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə minnətdarlığımızı bildirmək istəyirik. Allah Sizi və gözəl ailənizi qorusun!

Etikxeber.az

Read Previous

“Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır”-ŞAMŞAD MİRZA – FOTO – YENİLƏNİB

Read Next

Övladı hərbi xidmətdə, sərhəddə qətlə yetirilmiş ana Mehriban Əliyevaya müraciət ünvanladı-ÖVLADINA ŞƏHİDLİK STATUSUNUN VERİLMƏSİNİ İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir