Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehparə Qəribova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, o cümlədən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova müraciət ünvanlayıb.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Cənab nazir!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mehparə Süleyman qızı Qəribova Bərdə rayonunun Güloğlular kəndindənəm. İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anasıyam. Fəxri mənim təkbaşına, minbir çətinliklərlə, 2 yaşından Bakıda kirayələrdə, şəraitsiz evlərdə böyütdüyüm iki övladımdan biri idi. Fəxri mənim təkcə övladım deyil, həm də atam, qardaşım, dostum, sirdaşım, arxa-dayağım, gedib-gələn nəfəsim, döyünən ürəyimiydi. Onsuz özümü heç cür təsəvvür edə bilmirdim.
Hər iki övladımı-qızımı, həm də Fəxrimi vətənpərvərlik ruhunda böyütmüşdüm. Əsl Vətən sevdalısı idi Fəxrim. Vətənpərvərlik ruhunda böyütüdüyüm, Vətən sevdalısı olduğu üçün də tək anasını, tək bacısını deyil, Vətənini, Torpağını, doğma Qarabağını üstün tutdu. Azərbaycan Ordusunun hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsi zamanı ilk saniyələrdən Vətəninin müdafiəsinə, qanlı döyüşlərə atıldı, 14 günlük şərəfli döyüş yolu keçdi və 2020-ci ilin oktyabr ayının 10-da azad olunmasında iştirak etdiyi Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid oldu, canını Vətəninə fəda etdi.
Fəxridən, tək və toyuna hazırlaşdığım nişanlı oğlumdan sonra əzab-əziyyətlərlə dolu həyatım yenidən və daha dəhşətli dərəcədə alt-üst oldu. Arxa-dayaqsız, nəfəssiz, susuz-havasız qaldım. Sevincim də, gülüşüm də, təbəssümüm də Fəxrimlə getdi. Ancaq nə qədər ağır, dözülməz və əzablı da olsa bala, tək oğul dərdi, yenə ayaqlarım üstündə dayanmağa, sınmamağa, əyilməməyə çalışdım. Çünki Fəxrimin məndən başqa kimsəsi yoxdur, Onun ruhunun, xatirəsinin yaşaması və yaşadılması üçün çətin də olsa, yaşamalıyam. Bu, balamın ruhu qarşısında mənim borcumdur.
Fəxrimdən sonra, 2021-ci ilin fevralında tək qızımın-Türkanə Qəribzadənin dördüncü övladı, üçüncü oğlu dünyaya gəldi. Adını Fəxri qoyduq. Balaca Fəxri bəlkə də bu gün mənim yaşam səbəbim, ayaqda qalmaq gücümdür. Ondan güc alıram. Ancaq balaca Fəxrim dünyaya gələndə anadangəlmə ürəkqusurlu oldu. Anadan olan günündən bugünəcən müalicə və müayinələrdədir, dəfələrlə ölümlərdən dönüb, bir neçə dəfə ağır əməliyyat keçirib. Səhhətilə bağlı Fəxrimə əlillik dərəcəsi təyin edilib iki il öncə.
Bu yerdə qeyd edim ki, Azərbaycan qanunları ilə balaca-nəvəm Fəxrini artıq oğulluğa, övladlığa götürmüşəm. O, mənim həm nəvəm, həm də oğlum, övladımdır. Onun anası artıq qızım deyil, mənəm. Qeyd etdiyim kimi, Fəxrimin səhhətində ciddi problemlər hələ də var, davam edir. Ona təyin edilən iki illik əlilik müddəti artıq başa çatıb. Çox istərdim ki, balaca Fəxrimə-Şəhid qardaşı Fəxrimə səhhətilə bağlı ömürülük əlillik təyin olunsun.
Onu da deyim ki, bir xeyli müddət öncə qızım Türkanə balaca Fəxrimin səhhəti, növbəti dəfə əməliyyatı ilə bağlı Analar anası, Xanımlar xanımı, dünyanın rəhm, mərhəmət və şəfqət simvolu Mehriban xanım Əliyevanın birbaşa qəbulunda olub. Yəni, bunları qeyd etməkdə məqsədim odur ki, balaca Fəxrimin sağlıq durumu hər an təhlükəlidir. Bu baxımdan tək və nişanlı oğlunu Vətən yolunda Şəhid vermiş bir Ana kimi Sizdən xahiş edirəm ki, bu məsələdə dəstəyinizi əsirgəməyəsiniz, balaca Fəxrimə ömürlük əlillik təyin edilməsinə yardımçı olasınız.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətim, balaca Fəxrimin səhhət durumu nəzərə alınacaq və onu ömürlük əlillik təyin olunacaq.
Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm!”
Etikxeber.az