Hər zaman Fəxrlə, Qürurla deyirik ki, Şəhidlər bizim And Yerimiz, Baş Tacımızdır…
Hər zaman onlara borclu olduğumuz, onların borcundan çıxa bilməyəcəyimizi dilə gətiririk…
Amma çox zaman bunlar pafosdan, sözdən o yana keçmir…
Və çox təəssüflər olsun ki, bəzən də Şəhidlərimizin uca adından, uca məqamından sui-istifadəyə cəhd edilir, hətta fırıldaq, dələduzluq məqsədilə istifadə edilir…
Konkretləşdirmiş olsaq, bir neçə ay öncə Naftalanlı (həm də Goranboylu və Şuşalı) İkinci Vətən Müharibəsi Şəhidi Bəxtiyar İlqar oğlu Aslanovun adından dələduzluq məqsədilə istifadə olunub…
Belə ki, Naftalandan olan “F” adlı (məhkəmə qərarı, hökmü olmadığı üçün adını tam açıqlamırıq) bir qadın özünü bəzən Şəhidin-Bəxtiyar Aslanovun ailə üzvü, bəzən isə Şəhidin bacısı kimi təqdim edərək, iki vatsap qupu açıb, “piramida lotereya” oyunu təşkil edib…
Və xeyli sayda insanı (təxminən 733 nəfəri) bu oyuna cəlb edib, onları pullarını mənimsəyib…
Hətta pullarını mənimsədiyi və ya mənimsədikləri insanlar arasında Şəhid ailələləri də var…
Sonra bir gün bu məsələ-dələduzluq faktı, əməli Şəhidin anası Tünzalə xanıma, Tünzalə Zöhrabovaya gəlib çatıb…
O da bir Şəhid anası olaraq, həmin vaxtdan bu məsələnin, övladının adına ləkə gətirən dələduzluq faktının üstünə düşməyə başlayıb…
Bir yandan tək oğul acısı-itkisi yaşayan ana, indi də balasının adı ilə oynanılan çirkin oyuna, dələduzluq faktına görə böyük ağrı, stress yaşamalı olub…
Və bu ilin əvvəllərindən-fevral ayından bu yana aylardır bu məsələnin, daha doğrusu, övladının adından istifadə edilən dələduzluq faktının qanuni şəkildə araşdırılması, başda da “F” adlı şəxs daxil olmaqla, bu işdə əli, barmağı olanların aşkarlanması, cəzalarına çatması üçün döymədiyi qapılar, ağız açmadığı səlahiyyət sahibləri qalmayıb…
Məsələdən də demək olar ki, Naftalan şəhər rəhbərliyinin, ölkənin bütün hüquq-mühafizə orqanlarının-Respublika Baş Prokurorluğunun və digər aidiyyatı qurum və səlahiyyət sahiblərinin xəbəri var…
Əlində məlum dələduzluq əməli ilə bağlı xeyli sayda faktlar, vatsap yazışmaları olan Şəhid anası ölkənin Baş Prokuroru Kamran Əliyev, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin səlahiyyətli şəxsləri, Naftalan şəhər Polis Şöbəsinin rəhbərliyi ilə dəfələrlə görüşüb, bir araya gəlib…
Ancaq hələ də ortada bir nəticə yoxdur, hələ də Şəhidin adından dələduzluq məqsədilə istifadə edən şəxs və şəxslər öz qanuni və layiqli cəzalarını almayıblar…
Bunlar isə tək və subay oğlunu Şəhid verən, övladının nəşini aylar sonra torpağa tapşıran Yaralı, Dərdli Ananı daha da və dərindən yaralayır, üzür, incidir…
Qeyd etdiyimiz kimi, Şəhid anası dərdi, acısı azmış kimi, indi də balasının uca adı ilə oynanılan oyunun, dələduzluğun dərin acısını yaşayır…
Şəhid anası deyir ki, onun başqa heç nə maraqlandırmır, bircə istəyi idur ki, balasının adı ilə oyun oynayan, dələduzluq edən və ya edənlər, insanları aldadanlar öz qanunu və layiqli cəzalarını alsınlar…
“Bəli, həm övlad itirmişəm, Vətən yolunda tək oğlumu Şəhid vermişəm, böyük acı yaşayıram üç ildir, həm də balamın adı ilə oynanılan oyun, dələduzluq əməli məni dərindən yaralayır, üzür…Çox təəssüflər olsun ki, aidiyyatı qurumlar bu məsələyə səthi yanaşırlar… Aylardır yollarda, qapılarda qalmışam…Bunlara dözə bilmərəm…Çünki ortada Şəhidimin adı, Uca məqamı var…O, məni bağışlamaz ilk növbədə…Ona görə istəyirəm ki, bu məsələ ictimailəşdirilsin, bu dələduzluq əməlində əli olan hər kəs öz qanuni və layiqli cəzasını alsın…Mən buradan bir daha ölkənin hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə, ölkənin ali rəhbərliyinə müraciət edirəm, səslənirəm…Hər birindən xahiş edirəm ki, bu məsələdə Şəhid anasının yanında olsunlar, Şəhidimizin, Şəhidlərimizin adı ilə oyun oyanılmasına imkan verməsinlər, dələduzluq əməlinin ifşa olunması və burada bağmağı olan hər bir kəsin qanunlarımız qarşısında cəzalamdırılmasını təmin etsinlər, Yaralı, Dərdli Ana qəlbinə az da olsa, su səpsinlər…”-deyə, Şəhid anası dilə gətirib…
Bəli, artıq sözə, əlavə izahata ehtiyac qalmır…
Ümid edir və inanırıq ki, aylardır davam edən-uzanan bu məsələyə son qoyulacaq, Şəhid adı ilə dələduzluq əməlinə yol verən şəxs və şəxslər öz cəzalarını alacaqlar…
Ümid sonda ölür deyirlər…
Allah ümidlərimizi ölməyə qoymasın!
P.S. Bu məsələdə adıkeçən hər bir kəsi dinləməyə, onların da mövqeyini işıqlandırmağa hazırıq!
Etikxeber.az