Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakini, Şəhid bacısı Məhməzər Nəsrəddin qızı Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Elm və təhsil naziri Emin Əmrullayevə və Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevə müraciət ünvanlayıb.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Məhməzər Nəsrəddin qızı Məmmədova Goranboy rayonunun Qızılhacılı qəsəbəsindənəm. Ailəliyəm, iki oğlan övladım var. Biri ailəli, biri isə subaydır. Həm də Şəhid bacısıyam. Qardaşım Kamil Nəsrəddin oğlu Məmmədov Birinci Qarabağ Savaşının Şəhididir. Mən eyni zamanda, müharibə veteranının, İkinci Qarabağ Savaşının iştirakçısı olmuş İgid, Qəhrəman bir oğulun anasıyam. Ali təhsilli oğlum İkinci Vətən Müharibəsinin iştirakçılarından, Vətən üçün canını əsirgəməyənlərdən olub. Qeyd etdiyim kimi, ikinci övladım-Orxan Saleh oğlu Eminov ali təhsillidir.
2014-2020-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) təsil alıb. Ali məktəbi bitirdiyi gündən, 2020-ci ilin yayından da hərbi həkim kimi fəaliyyət göstərməyə başlayıb. Bir Vətən sevdalısı, bir hərbi həkimi kimi də İkinci Vətən Müharibəsinin ilk günündən son gününəcən, tarixi Qələbə və Zəfərimizəcən ən ağır, ən qaynar bölgələrdə olub, ölümlərdən dönüb, xeyli sayda övladımızın həyatını xilas edib. Müharibədən sonra isə Şuşa şəhərində hərbi həkim fəaliyyətini davam etdirib. Son aylar isə Bakı şəhərində yerləşən Hərbi Hospitalda çalışıb.
Eyni zamdanda, 2022-ci ilin yayında ATU-nun dörd illik rezidenturasına qəbul olunub. Həmçinin, müharibədə iştirakına görə Müzəffər Ali Baş Komandanımız kimi Sizin müvafiq sərəncamlarınızla “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Müharibə veteranıdır.
Çox təəssüflər olsun ki, səhhəti ilə bağlı bu ilin aprelində hərbi xidmətdən təxris olunduqdan dərhal sonra rezidenturada təhsilini davam etdirməsinə son-xitam verilib. Heç bir əsas da gətirilməyib.
Çox hörmətli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!
Bu müraciəti ünvanlamaqla Sizdən bir xahişimi və ricamı etmək istərdim. Bu da övladımın rezidenturada təhsilini davam etdirməsi ilə bağlıdır. Övladım dəfələrlə bu məsələ ilə bağlı aidiyyatı, müvafiq qurumlara müraciət etsə də, ona heç bir əsaslı, doğru-düzgün cavab, izahat verilməyib, bu məsələ heç cür əsalandırılmayıb. Əslində ortada əsaslandırılası bir məsələ də yoxdur. Çünki hərbi xidmətdən təxris olunmağın rezidentura təhsilini davam etdirib-etdirməməyə heç bir aidiyyatı yoxdur. Heç bir normativdə də, heç bir əsasnamədə də belə bir məsələ nəzərdə tutulmur.
Odur ki, bir Azərbaycan xanımı, bir Şəhid bacısı və bir Qəhrəman, müharibə veteranı anası kimi Sizdən övladımın rezidenturada təhsilini davam etdirməsinə köməklik göstərməyinizi, bununla bağlı aidiyyatı qurum və şəxslərə göstəriş və tapşırıqlar verməyinizi xahiş və rica edirəm. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və məsələ müsbət həllini tapacaq.
Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az