Şəhid Fəxri Qəribzadənin bacısı Mehriban Əliyevaya müraciət etdi: “ATA ADINA LƏKƏ OLAN ŞƏXSİN “ŞƏHİD ATASI” STARUSUNDAN MƏRHUM EDİLMƏSİNƏ DƏSTƏYİNİZİ ƏSİRGƏMƏYİN”

Bərdə rayonunun Güloğlular kəndində yaşayan Şəhid bacısı Türkanə Qəribova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər ƏIiyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Çox hörmətli və çox dəyərli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Türkanə Qəribova Bərdə rayonunun Güloğlular kəndində yaşayıram. Dayım oğlu ilə ailə həyatı qurmuşam və dörd övlad anasıyam. Həm də Şəhid bacısıyam. Gözümün ağı-qarası, arxam-dayağım tək və nişanlılı qardaşım Fəxri Qəribzadə İkinci Vətən Müharibəsində qəhrəmancasına Şəhidlik məqamına ucalıb. Bir bacı-özü də tək bacı üçün tək qardaş itkisi nə deməkdir, bunu yəqin ki, geniş açıqlamağa, anlatmağa ehtiyac yoxdur. Həmin gündən havasızam, nəfəssizəm.

Təsəlli, təskinlik üçün qardaşımın Şəhidliyindən sonra dünyaya gələncə sonuncu övladıma Fəxrimin adını qoymuşam. Az da olsa, bununla özümü ovundurmağa çalışıram. Onu da qeyd edim ki, üç yaşının içində olan Fəxrimin dünyaya gələn gündən səhhətində ciddi problemlər, ürəyində qüsur var. Ötən müddət ərzində övladımın dəfələrlə səhhəti pisləşib, kəskinləşib, ölüm həddinə çatıb, Bakı şəhərində ağır əməliyyatdan keçib. Ancaq son aylar səhhətindəki problemlər yenidən kəşkinləşib, yenidən daha ciddi müalicə və müayinəyə, hətta cərrahi əməliyyata ehtiyacı var. Bir tərəfdən qardaş acısı, bir tərəfdən övladımın səhhəti…Çox çıxılmaz, çox dözülməz bir vəziyyətdəyəm…

Eyni zamanda onu da qeyd edim ki, ailə həyatı qurana kimi heç zaman isti yuvamız, ocağımız olmayıb. Uşaq yaşlarımızdan ata adına layiq olmayan Elmir Qəribov bizi, bizim üçün saçlarını süpürgə edən anamızı-Mehparə Qəribovanı atıb, tərk edib-gedib. Anam, anamız bizi Bakı şəhərində, şəraiti olmayan kirayə evdə, minbir çətinliklərlə, zülmlərlə böyüdüb boya-başa çatdırıb. Heç zaman ata qayğısı, ata nəvazişi görməmişiik. Hər şeyə görə tək anama-anamıza və Allahıma borcluyam, borcluyuq.

Ancaq çox-çox təəssüflər olsun ki, ata adına layiq olmayan şəxs qardaşımın Şəhidliyindən sonra xortlayıb ortalığa çıxıb. Hansı ki, bu adam qardaşımın nəşinə belə yaxın durmayıb, bunu bütün Bərdə, Azərbaycan bilir. Amma qanunlarımızdakı boşluqlardan, yerinə gələndə də təhdidlərdən, şantajlardan, digər çirkli yollardan istifadə edərək, “Şəhid atası” statusuna yiyələnib, qardaşımın Uca adından öz çirkin məqsədləri üçün istifadə edib və etməkdədir. Bu isə məni, anamı çox üzür, çox incidir, çox yaralayır. Buna onun heç bir haqqı yoxdur. Onun ata, xüsusilə, “Şəhid atası” adlandırılmağa nə mənəvi, nə hüquqi haqqı var. O, ata, ələlxüsus, “Şəhid atası” adına qara, sağalmaz ləkədir.

Qeyd etdiyim kimi, 4 övlad anasıyam, 6 nəfərlik (qayınanam və qayınatamla birlikdə isə 8 nəfərlik) ailəm var, övladımın da biri xəstə. Nə özüm də heç bir yerdə işləmirəm. Qardaşımdan sonra onun yolunu davam etdirmək, hərbçi kimi Azərbaycan Ordusunda xidmət etmək, fəaliyyət göstərmək qərarına gəldim. Qısaca şəkildə qeyd edim ki, bütün lazımi prosedurlardan keçdim, müsbət rəy aldım, amma təəssüflər olsun ki, hələ də ortada konkret nəticə yoxdur, hələ də işə çağırılmıram. Ancaq çox istəyirəm ki, bu dünyadan həm KİŞİ kimi, həm də nakam köçən qardaşımın yarımçıq qalmış yolunu davam etdirim. Bəlkə bununla özümə az da olsa, təsəlli verim, təsəlli verə bilərəm.

Bununla yanaşı, ötən 3 il ərzində qardaşımın ali ordenlərimizdən birinə (“Qarabağ”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə) təqdimatı ilə bağlı bizə dəfələrlə vədlər, sözlər verilsə də, heç bir vəd, heç bir söz tutulmayıb. Hamısı söz, vəd olaraq qalıb. Hansı ki, bunları sübut edəcək faktlarımız, video-çəkilişlər var. Qardaşım Müzəffər Ali Baş Komandanımız tərəfindən 3 medalla təltif olunub. Ancaq istəyirik ki, Haqqı olan ali ordenlərimizdən biri ilə də təltif olunsun!

Müraciətdə sonra deyilir:

“Əzizimiz, dəyərlimiz, xanımlar xanımı Mehriban xanım!

Bu müraciətimi ünvanlamaqla,Sizdən bir Şəhid bacısı və bir xəstə övlad anası kimi dörd məsələdə mənə, bizə dəstək olmağınızı xahiş və rica edirəm. Birinci xahişim övladımın səhhəti ilə bağlıdır. Çox istəyirəm və xahiş edirəm ki, bizim mənəvi və maddi durumumuzu nəzərə alaraq, övladımın səhhəti məsələsini şəxsi nəzarətinizə götürəsiniz, bu məsələdə bizə yardımçı olasınız. Qardaş itkisindən sonra onun adını yaşadan övlad itkisinə heç cür dözə bilmərəm. Ona görə Sizdən çox rica edirəm ki, dünyanın rəhm, mərhəmət və şəfqət simvolu kimi bu məsələdə dəstəyinizi əsirgəməyəsiniz.

İkinci xahişim işimlə, arzumla bağlıdır. Bu məsələnin də müsbət həlli üçün səlahiyyətlərinizdən istifadə edib, öz köməkliyinizi göstərəsiniz. Çox-çox rica və xahiş edirəm.

Üçüncü xahişim ata adına qara ləkə olan birisinin-Elmir Qəribovun “Şəhid atası” statusundan məhrum edilməsi üçün aidiyyatı qurum və şəxslərə səlahiyyətləriniz çərçivəsində göstəriş və tapşırıqlar verəsiniz və bu məsələniz müsbət həllinə nail olasınız. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş olar, həm bir Şəhid bacısı kimi mənə təsəlli, təskinlik verilmiş olar.

Dördüncü, sonuncu xahişim isə qardaşımın ali ordenlərimizdən biri ilə təltif oluması məsələsidir. Çox xahiş və rica edirəm ki, bu məsələdə də dəstəyinizi, köməkliyinizi əsirgəməyəsiniz. Qardaşımın halal Haqqı olan orden Haqqının tanınmasına nail olasınız.

İnanıram və əminəm ki, müraciətim diqqətlə nəzərdən keçiriləcək və hər dörd xahişim öz müsbət həllini tapacaq.

Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi və gözəl ailənizi, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Bu yollarda tıxacdır-BAKIDA…

Read Next

İlham Əliyev Rusiyanın yeni səfirinin etimadnaməsini-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir