Şəhid Nofəl Əlizadənin atası Qənbər Qənbərov ölkə rəhbərliyinə müraciət ünvanladı: “7 İL YARIM HƏRB YOLU KEÇMİŞ ÖVLADIM-ŞƏHİDİM ALİ ORDENLƏRİMİZDƏN BİRİNİ HAQQ EDİR VƏ İSTƏYİRİK Kİ…”

Bərdə rayonunun Saatlı kəndində yaşayan Şəhid atası Qənbər Qənbərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca və Milli Məclisin üzvü Fatma Yıldırıma müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Qənbər Əli oğlu Qənbərov Bərdə rayonunun Saatlı kəndindənəm, İkinci Vətən Müharibəsi Şəhidi Nofəl Qənbər oğlu Əlizadənin atasıyam. Övladım İkinci Vətən Müharibəsi, Qələbə və Zəfər Şəhidlərimizdəndir. Nofəl mənim iki övladımdan biri, tək oğlum, arxam-dayağım idi. Həqiqi hərbi xidmət dövrü də daxil olmaqla, 7 il yarım hərb yolu keçmişdi. 6 il Daxili Qoşunların Xüsusi Təynatlısı, MAXE-Çavuş olmuşdu.

İyul-Tovuz döyüşlərindən, əfsanəvi generalımız Polad Həşimovun Şəhidliyindən sonra yenidən hərb həyatına qayıtmışdı. Və İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyabrın 28-də isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucaldı.

Nofəl həm də ailəli, iki övlad atası idi. İki övladı bizlərə-Vətənə əmanət qaldı. Övlad, tək oğul dərdi çox əzablı, çox ağrılı, çox dözülməzdir. Allah heç bir bəndəsinin başına gətirməsin, kimsəyə övlad, bala acısı yaşatmasın! Biz yaşadıq, kimsə yaşamasın! Ancaq övlad, tək oğul dərdi nə qədər çətin və ağır olsa da, Nofəlimlə, Qəhrəmanımla, İgidimlə Fəxr edir, Qürur duyuram.

Fəxr edir və Qürur duyuram ki, Nofəl kimi Vətən sevdalısı, Vətənini ailəsindən, iki övladından üstün tutan, Vətən yolunda canını fəda edən bir Oğulun, İgidin, Qəhrəmanın atasıyam. Balam da daxil olmaqla, cəmi Şəhidlərimizin məkanları cənnətlik, ruhları şad olsun!

Qeyd edim ki, Şəhidliyindən sorna övladım Müzəffər Ali Baş Komandan kimi Sizin tərəfinizdən üç medalla təltif olunub. Buna görə də Sizə öz minnətdarlığımı ifadə edirəm”.

Müraciətdə daha sonra qeyd olunur:

“Hörmətli İlham Heydəroğlu!

Müraciətimin səbəbi övladımın Şəhidliyindən iki il yarım keçməsinə və Haqq etməsinə baxmayaraq, hələ də ali ordenlərimizdən biri ilə təltif olunmamasıdır. Yuxarıda da qeyd etdiyim kimi, övladım Əsgərliyi də daxil olmaqla, 7 il yarım hərb yolu keçib. Hərbi paradda, bir sıra vacib əməliyyatlarda iştirak edib və sonda Vətən yolunda Şəhid olub. Amma təəsüflər olsun ki, bugündək Haqq etdiyi və ölkəmizin ali ordenlərindən birinə təqdim olunmayıb, ordenlərimizdən biri ilə təltif edilməyib. Bu isə bir Şəhid atası, tək oğlunu-iki övlad atası balasını itirmiş Şəhid ailəsi kimi bizi çox üzür, çox incidir.

İstəyirik ki, balamızın da orden Haqqı tanınsın. Ona görə bir Şəhid atası olaraq, Sizdən xahiş və rica edirəm ki, səlahiyyətlərinizdən istifadə edərək, övladımı Haqq etdiyi ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, şad edilmiş, həmçinin, Şəhid ailəsi olaraq, bizə az da olsa, təsəlli verilmiş olar. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, öz müsbət həllini tapacaq, Şəhidimin orden Haqqı tanınacaq!

Öncədən də Sizə minnətdarlığımı bildirirəm! Allah Sizi qorusun!”

Etikxeber.az

Read Previous

DYP-dən yolların bağlanması ilə bağlı sürücülərə-MÜRACİƏT

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir