Şəhid Nofəlin anası…Şəhid İlkinin xalası…İki xalaoğlu, iki Şəhid…-KAMİL HƏMZƏOĞLU YAZIR

Bir az öncə Şəhid anası, anamız-Fatma anayla, Fatma xanımla, Fatma bacımla əlaqə saxladım…

Fatma xanım Qəhrəman Qızılhacılımın İkinci Vətən Müharibəsi Şəhidlərindən, İgidlərimizdən, Qəhrəmanlarımızdan olan 32 yaşlı, hərbi həkim, 3 gözəl övlad atası Nofəl Xaliq oğlu Nuriyevin anasıdır…

Nofəl Talış-Suqovuşan istiqamətində xidmətini-həkimlik borcunu yerinə yetirərkən Şəhidlik məqamına ucalıb…

Onun nəşini bir neçə gündən sonra gətirmək mümkün olub və oktyabrın 10-da Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Haqqın dərgahına uğurlanıb…

Məkanı cənnətlik, Məqamı uca, Dərgahı mübarək olsun!

Nofəl dəfn olunan gün gec xəbər tutdum, doğrusu, Bakıya təcili dönməli oldum…

Və məndən asılı olmayan səbəblərdən Şəhidimizin yas mərasimində iştirak edə bilmədim…

Hansı ki, kəndimizin digər Şəhidlərinin hamısının yas mərasimlərinə qatıla bilmişdim…

Və Nofəlin yas mərasiminə qatıla bilmədiyimə görə, ailəsi ilə əlaqə saxlamağa, görüşməyə bir qədər ürək etmir, utanırdım…

Amma Şəhidimizlə-Nofəlimizlə bağlı bir neçə dəfə sosial şəbəkə hesabımda və sahibi olduğum Etikxeber.az saytında yazmışdım.

Nəhayət, bu gün Şəhidimizin anası-Fatma ana ilə əlaqə saxladım…

İlahi…səsdəki Məğrurluq, Dik duruş, Əsalət…dərhal hiss olunurdu…

Əsl Şəhid anası-əsl Azərbaycan anası…

Bəli, məhz belə Məğrur, Əsalətli Ananın övladı Şəhidlik Məqamına ucala bilərdi və ucaldı da…

Şəhidlik də hər oğula, hər kişiyə qismət olan Ucalıq, Şərəf deyil…

Eləcə də Məğrur, Dik duruşlu, Əsalətli Şəhid anası olmaq hər ananın, hər qadının işi, qisməti deyil…

Bir daha qürur duydum, bir daha fəxr etdim…

Halal olsun, Fatma ana-Fatma anaya!

Qeyd edim ki, Fatma xanımın bacısı Telli xanımla eyni illərdə orta məktəbdə oxumuşuq…

Özləri də bizdən bir neçə küçə aralıda-kəndin aşağısında olublar…

Fatma xanım Şəhid anası olmaqla, həm də Şəhid xalasıdır…

Fatma xanımın dünyasını tez-vaxtsız dəyişmiş bacısının övladı da İkinci Vətən Müharibəsində Şəhidlik Məqamına ucalıb…

Şəhid balamız-24 yaşlı İlkin Səfail oğlu Vəliyev

Özü də Nofəldən cəmi 16 gün sonra…

İki xalaoğlu, iki İgid, iki Qəhrəman, iki Şəhid…

Nur içində yatsınlar!

Allah Fatma xanım da daxil olmaqla, Şəhidlərimizin əzizlərinə bir daha səbr versin!

İnşallah, kəndə növbəti gedişimdə də mütləq Fatma ana, Şəhidimizin ailəsi ilə görüşəcəyəm…Özünə də söz vermişəm…

Bir daha Allah səbrinizi versin, Fatma xanım, Fatma ana, Fatma bacım!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“O, sülh carçısıdır…”-SABİQ DEPUTAT YAZIR

Read Next

“Bu, Rusiyanın özünün ali iradəsinə hörmətsizlik, rəsmi Moskvanın bölgədəki nüfuzuna zərbədir…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir