Şəhid Vüsal Nağıyevin bacısı Cəmalə Nəcəfova-PREZİDENTLƏ BİRİNCİ VİSTE-PREZİDENTƏ MÜRACİƏT ETDİ, ONLARDAN KÖMƏK İSTƏDİ…

Şəhid Vüsal Əmirastan oğlu Nağıyevin bacısı, 3 övlad anası Cəmalə Əmirastan qızı Nəcəfova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Goranboyun, (Baş Qışlaq-Buzluq kəndlərinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar hərbçi, 3 medallı, iki övlad atası Vüsal Əmirastan oğlu Nağıyevin bacısıyam. Biz ailədə 4 uşaq-3 qardaş, tək bacı olmuşuq. Qardaşlarımdan biri-Arzuman Nağıyev illər öncə çox faciəli şəkildə dünyasını dəyişib. Digər qardaşım-hərbçi Vüsal Nağıyev isə İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb. İndi cəmi bir bacı, bir qardaş qalmışıq.

Qardaşım Tural da İkinci Vətən Müharibəsinnin iştirakçılarından olub, hazırda da Orduda fəaliyyətini davam etdirir. Bir bacı üçün üç qardaşdan ikisini itirmək çox böyük faciə, çox böyük dərd, çox böyük əzabdır. Allah heç bir bacının başına belə bir dərd, belə bir müsibət gətirməsin. Çəkiləsi dərd, müsibət deyil. Övlad, iki oğul dərdi hamımızın, xüsusilə, anamızın belini büküb, qamətini əyib. Bu dərdlərlə, bu itkilərlə, bu acılarla heç ovunmaq mümkün deyil.

Bir neçə ay öncə isə başımıza daha bir müsibət gəlib. Birinci Qarabağ Müharibəsinin əsl savaşçılarından, İgidlərindən, Qəhrəmanlarından, Goranboy qartallarından olan, ali təhsilli, bir neçə ay öncə təqaüdə çıxan atam Əmirastan Nağıyev Şəhid qardaşımın qayınatasını, həm də dayımı maşınla vurub öldürüb. Atam həmin vaxt çox əsəbi, çox gərgin bir durumda olub, bu hadisədə həm də bir növ təhrik olub.

Bu haqda geniş danışmaq, yazmaq istəmirəm, mənim üçün çox ağır və çox əzablıdır. Bu hadisədən sonra ailəmiz pərən-pərən olub, hamımız çox pərişan haldayıq. Anam öz evində, öz ocağında qala bilməyib, mənim yanıma gəlib, aylardır, mənim-bizim yanımızda qalır. Anam gözümün önündə əriyə-əriyə gedir. Bu isə bir övlad kimi məni çox üzür, çox incidir”.

Müraciətdə sonra deyilir:

“Çox hörmətli İlham Heydəroğlu!

Əzizimiz və dəyərlimiz Mehriban xanım!

Müraciət etməklə, rəhm və mərhəmət sahibi olan Sizlərin, hər ikinizin nəzərinə, diqqətinə bir xahişimi, bir ricamı çatdırmaq istəyirəm. Atam artıq bir neçə aydır həbsdədir və səhhəti də heç yaxşı deyil. Şəkər xəstəliyindən, yüksək qan təzyiqindən əziyyət çəkir. Ona görə Birinci Qarabağ Savaşı iştirakçısı, Şəhid atası olduğunu, iki övlad itirdiyini, iki oğul acısı daddığını, yaşadığını, yaşını, səhhətini, keçdiyi yolu nəzərə alaraq, Atamın istintaqını öz nəzarətinizə götürəsiniz, onun üzləşdiyi, yaşadığı durumun yüngülləşdirilməsi istiqamətində səlahiyyələrinizdən istifadə edib, müvafiq addımlar atasınız.

Düzdür, hələ istintaq davam edir, məhkəmə prosesi hələ başlamayıb, indidən nəsə demək, nəsə istəmək bir qədər düzgün olmaz. Amma başqa çarəm, çarəmiz yoxdur, dözə bilmirəm, dözə bilmirik, ümidim, ümidimiz Allaha və Sizlərədir. Atamın bağışlanmasını, yenidən ailəsinə-bizlərə qovuşmasını istəyirəm. Çox rica və xahiş edirəm ki, bu müraciətimə xüsusi həssaslıqla yanaşınız və onu nəzərə alasınız.

Öncədən də Sizlərə, hər ikinizə dərin minnətdarlıq və təşəkkürümü bildirirəm. Allah Sizləri, Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Daha 755 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Read Next

MM-in növbəti iclası 20-də olacaq-34 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir