Bu gün Quba rayonundan olan və Şəhidlik Haqqı hələ də tanınmayan Aydın Əlibaba oğlu Həzrətovun Anım Günüdür.
Aydın Həzətovun bu gün Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından bir il keçir.
Etikxeber.az xəbər verir ki, Aydın Həzrətov 1993-cü ilin fevral ayının 10-da Quba rayonunun İkinci Nügədi kəndində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetində ali təhsil alsa da, həyatını Ordu, hərb ilə bağlayıb.
2013-cü ildən Azərbaycan Ordusunda fəaliyyətə başlayıb, peşəkar hərbçi olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub.
Və Tərtər-Ağdərə istiqamətində döyüşlərdən birində ağır kontuziya alıb, yaralanıb, qulağının birinin pərdəsi deşilib və eşitməsində problem yaranıb.
Amma səhhətini ikinci plana keçirib, 2021-ci ilə-səhhətilə bağlı ordudan təxris olunana qədər Azərbaycan Ordusunda fəaliyyətini davam etdirib.
İkinci Vətən Müharibəsi ərəfəsində isə səhhətində ciddi problemlər özünü büruzə verməyə başlayıb, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin aprelinəcən ağır müalicə-müayinələrdən keçib.
Beynində bədxassəli şiş aşkarlanıb və bu şiş bütün bədəninə yayılıb, iflic olub.
Ancaq əlillik məsələsi iki ilə yaxın yubadılıb, əvvəlcə 3-cü, sonra isə 1-ci qrup əlillik təyin olunub və əlilliyinə görə bir qəpik olsun belə pul almayıb.
Birinci qrup əlilliyini aldıqdan cəmi bir gün sonra, ötən ilin aprelin 28-də, cəmi 29 yaşında dünyasını dəyişib.
Aprelin 29-da isə doğulub boya-başa çatdığı İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Ordusunda fəaliyyət göstərərkən Müdafiə nazirinin əmri ilə medalla təltif olunub.
Qeyd edək ki, Aydın Həzrətov 2016-cı ildə Qazaxlı, ondan 3 yaş kiçik olan texnikum (kollec) təhsilli Ülviyyə xanımla ailə həyatı qurub.
İki övladı-bir qızı və bir oğlu dünyaya gəlib.
Qızı hazırda 6, oğlu isə 4 yaşının içindədir.
***
Aydın Həzrətovun Anım Günü ilə bağlı bu gün Hövsan qəsəbəsində yerləşən mərasim zalında məclis düzənlənib.
Xanımı tərəfindən təşkil edilən Anım mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Aydın Həzrətovun ruhuna dualar oxunub.
Çıxışlar edilib.
Çıxışlarda ailəsinə-xanımına və anasına Allahdan səbr və dözüm arzulanıb.
Aydın Həzrətovun keçdiyi, yaşadığı qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan danışlıb, Onun İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Aydın MİRZƏZADƏ: “Aydın Həzərətovun da iştirak etdiyi, yaralandığı tarixi Aprel döyüşləri Azərbaycan dövləti və xalqının, Rəşadətli Azərbaycan Ordusunun Qələbə və Zəfərə gedən yolunun başlangıcı oldu…”

Mərasimə qatılan və hər zaman Şəhid ailələrinin yanında olan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Aydın Həzərətovun da iştirak etdiyi, yaralandığı tarixi Aprel döyüşləri Azərbaycan dövləti və xalqının, Rəşadətli Azərbaycan Ordusunun Qələbə və Zəfərə gedən yolunun başlangıcı oldu.
Onun sözlərinə görə, Aprel döyüşləri bir daha Azərbaycan xalqında Qələbəyə olan inam hissini daha da artırdı və nəticədə 44 günlük tarixi İkinci Vətən Müharibəsi ilə öz məntiqi sonluğuna çatdı, düşmən üzərində böyük Zəfər əldə edidi, Azərbaycan torpaqlarının işğalına son qoyuldu.
Bu baxımdan, millət vəkili tarixi Qələbə və Zəfərimizə görə bütün Şəhidlərə, Vətən yolunda sağlamlığından keçən və dünyasını dəyişən hər kəsə, Aydın Həzrətov kimi oğullara borclu olduğumuzu dilə gətirdi.
Mərasim zamanı həmçinin, Vətənə, Şəhidlərə həsr olunmuş İlahilər, dini mahnılar səsləndirilib.
Anım mərasimdə eyni zamanda, Şəhidin adına ehsan verilib.
3 saata yaxın davam edən Anım mərasimində-ehsan süfrəsində Aydın Həzrətovun ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər şəxslər iştirak ediblər.
Məqamı Uca, məkanı cənnətlik olsun!
Nur içində yatsın!
13:40
***
FOTOLAR:















18:00
***




















19:00
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az