“Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi heç də üçhakimiyyətlilik demək deyil, çünki…”-AYDIN MİRZƏZADƏ BƏZİ MƏSƏLƏLƏRƏ AYDINLIQ GƏTİRDİ

Aydın MİRZƏZADƏ: ” Xüsusi karantin rejimi ilə bağlı gələcəkdə sosial paketin genişlənməsi, böyüməsi, daha böyük insan kütləsini əhatə etməsi tamamilə mümkündür”

Etikxeber.az-ın suallarını millət vəkili Aydın Mirzəzadə cavablandırır:

– Aydın müəllim, bəzi imkanlı vətəndaşların xüsusi reyslərlə xarici ölkələrə istirahətə getməsi fonunda, rayonlarla əlaqəli və nisbətən imkansız təbəqədən olan insanların o bölgələrə hələ də getmələrinə icazə verilməməsi bu gün bir çoxları tərəfindən ayrı-seçkilik kimi qiymətləndirilir, etirazlarla qarşılanır. Buna ilk növbədə münasibətinizi bilmək istərdik.

– Bilirsiniz, koronavirus tarixdə birinci dəfədir ki, bütün bəşəriyyəti ağır problemlər qarşısında qoyur. Əvvəlki pandemiyalar müəyyən regionları əhatə edirdi və müəyyən dövrdən sonra problem həll edilirdi. Ancaq indi hələlik problemin həlli görünmür. Hələ ona qarşı peyvənd tapılmayıb. Ona qarşı hansı addımlar tam səmərə verib, bu, hələ indiyə qədər müəyyənləşməyib. Hər ölkə özünün təcrübəsini yaradır və bu təcrübədən irəli gələn növbəti addımlar müəyyənləşir.

May ayında belə fikirləşirdilər ki, iki aylıq karantin bəsdir, liberallaşma etməklə, insanlar özlərini qorumaqla bu problemi həll etmək olar. Amma əksinə oldu. Ona görə də dövlət məcburən yenidən sərt karantin rejimi tətbiq etdi. Hər şey nəticələrdən, hər şey bu və ya digər siyasətin tam nəticə verəcəyindən asılıdır. Bəlkə də gələcəkdə buna da icazə veriləcək, biz bunu bilmirik. Amma indiki dövrdə çox təəssüf ki, sərt karantin rejiminin qaydalarına hamının riayət etməsi vacib sayılır.

-İnsanlar həm də karantin rejimi ilə bağlı sosial vəziyyətlərinin getdikcə ağırlaşmasından şikayətlənirlər, daha geniş, hamını əhatə edən növbəti sosial paketin ortaya qoyulmasını istəyirlər. Belə bir paket olacaqmı, gözlənilirmi?

– Bunların hamısının üzərində düşünülür, hamısı fikirləşilir. İnsanlara elə gəlməsin ki, səlahiyyətli şəxslər bu problemlərdən və yaxud, gedən müzakirələrdən xəbərsizdirlər. Bu anda hamısı üzərində düşünülür, fikirləşilir və hesab edirəm ki, hər bir qərarda ilk növbədə insanlar düşünülür. Ona görə gələcəkdə sosial paketin genişlənməsi, böyüməsi və sairə tamamilə mümkündür. Yəni, zaman-zaman biz bunu hakimiyyət tərəfindən edildiyini və bütün bunların cənab Prezidentin Operativ Qərargaha verdiyi tapşırıqlarda- insanların sosial vəziyyətin nəzərə alınmasını bilirik, görürük.

-Son zamanlar həm də Səhiyyə Nazirliyi ilə TƏBİB arasında düzgün koordinasiyanın qurulmaması, pərakəndəliyin olması insanlarda qıcıq, etiraz yaradır…

– İş burasındadır ki, Azərbaycanda artıq iki səhiyyə qurumu var. Səhiyyə Nazirliyi bu gün xəstəxanalar və müalicələrə cavabdeh deyil. İnsanlar köhnə ənənə ilə hələ də Səhiyyə Nazirliyindən bunu tələb edirlər. Bütün səlahiyyətlər bu gün əslində TƏBİB-də də yox, İcrabi Tibbi Sığorta Agentliyindədir. TƏBİB Tibbi Sığorta Agentliyinin bir qoludur. Hansı ki, bütün xəstəxanalar, bütün müalicələr ondadır. Yəni, bu baxımdan, kim hansı sahəyə cavabdehdirsə, onunla bağlı cəmiyyətə məlumatlarla çıxması normal bir haldır.

-Bu, artıq iki yox, üçhakimiyyətlilik deyilmi?

– Xeyr, üçhakimiyyətlilik deyil. Dünyanın hər yerində Səhiyyə Nazirliyi var və bir də Tibb Sığorta Agentliyi. Dünya hər yerində bu, mövcuddur. Bu Azərbaycanda da tətbiq edilir. Səhiyyə Nazirliyi tədricən ancaq lisenizya verən və yaxud, hansısa məsələyə dair mövqe bildirən bir oqrana, dövlətin səhiyyə sahəsində siyasətini apara bilən bir təşkilata çevriləcək.

Necə ki, Energetika Nazirliyi ayrı-ayrı enerji sahələrinin birbaşa fəaliyyəti ilə məşğul olmur, ancaq onları əlaqələndirməklə, dövləti təmsil etməklə məşğuldur, Səhiyyə Nazirliyi də bu gün müalicə ilə məşğul olmur. Dövlətin, sadəcə, bu sahədə siyasətini aparır. Konkret olaraq müalicə ilə bağlı, konkret olaraq bu məsələlərdə insanların problemini həll etmək səlahiyyəti isə bu gün TƏBİB-dir və o da öz üzərinə düşən vəzifəni yerinə yetirir. 

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev “Azərenerji”nin yenidən qurulan “8-ci km” yarımstansiyasının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Read Next

“Bundan artıq və bundan sərt daha nə deyilməlidir ki, “kar qulaqlar” eşitsin, “kor gözlər” görsün, “lal dillər” danışsın?!”-DEPUTATDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir