Azərbaycanda Xocalı soyqırımı ilə bağlı hazırlanacaq qanun layihəsinin təsnifatı açıqlandı
Noyabrın 28-də Milli Məclisdə (MM) “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı olub.
MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, layihə MM tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq: “Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”.
N. Səfərovun sözlərinə görə, etnik təmizləmə cinayəti dünyanın heç bir ölkəsinin qanunvericiliyində əksini tapmayıb: “Biz bunun hüquqi bazasının əldə edilməsinə artıq çox yaxınlaşmışıq və bu qanun layihəsində ortaya qoyacağıq. Bundan başqa, qanun layihəsində beynəlxalq cinayətlərin törədənlərin ekstradiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq. Hətta qanun layihəsində o da əks olunacaq ki, yuxarıda göstərilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansı cinayət təqiblərinin həyata keçirməsi və sair mümkün ola bilər”.
“Azərbaycan BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müraciət etməlidir”
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müraciət etməlidir. O, qeyd edib ki, indiyə qədər Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb: “Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Biz BMTTŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır”.Q. Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.
MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə cavabında bildirib ki, Azərbaycan 1997-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib: “Mən açıq deməliyəm ki, bu məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika ilə bağlıdır. Hətta belə fikir var ki, bu, regional xarakter daşıyan məhkəmədir və ancaq Afrika üçün yaradılıb. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır”.
Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə, N. Səfərov deyib ki, bu imkan həmişə mümkündür: “Belə cinayətlər törədildikdə bu kimi orqanlar yaradıla bilər. Ancaq mütləq və mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır. Yəni nəzəri cəhətdən bunu da istisna etmək olmaz”.
“Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”
“Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”. Bunu da çıxışında AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib. O, xatırladıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir: “Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var! Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik”.
S. Seyidovun fikrincə, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır: “Amma bu gün reallıqdan çıxış edərək bildirim ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız bir halda beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi məsələləri tamamilə neytrallaşdırıb ədalət axtarmaq çox çətin və mürəkkəb bir məsələdir”.
“Xüsusi xidmət orqanları bu işlə məşğul olmalıdır”