Şəmsəddin Hacıyev Muxtar Nağıyevlə, Sədaqət Vəliyeva Ramin Vəlibəyli ilə, Aydın Hüseynov Qafar Əliyevlə, Məlahət İbrahimqızı Azər Süleymanovla, Vüqar Rəhimzadə Hüseynbala Mirələmovla, HİKMƏT BABAOĞLU YENİDƏN ALQIŞ HƏSƏNOĞLU İLƏ ƏVƏZLƏNDİ VƏ… – YENİLƏNİB – (2)

Yeni Azərbaycan Partiyası (YAP) Bakı rayon təşkilatlarına yeni sədrlər təyin olunub.

Etikxeber.az-ın məlumatına görə, YAP İdarə Heyətinin bu gün keçirilmiş iclasında Muxtar Nağıyevin Səbail rayon təşkilatının, Azər Süleymanovun Nəsimi rayon təşkilatının, Qafar Əliyevin Qaradağ rayon təşkilatının, Ramin Vəlibəylinin Nizami rayon təşkilatının, Bəxtiyar Nəbiyev Yasamal rayon təşkilatının, Namiq Əhmədovun Xəzər rayon təşkilatının, Vüqar Seyidlinin Suraxanı rayon təşkilatının, Samir Vəliyevin Nərimanov rayon təşkilatının, Vüqar Rəhimzadənin Xətai rayon təşkilatının, Vüsar İsmayılovun Binəqədi rayon təşkilatının, Misirxan Vəliyevin Sabunçu rayon təşkilatının, Emil Abasovun isə Pirallahı rayon təşkilatının sədri təyin olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Muxtar Nağıyev sabiq rektor və keçmiş millət vəkili Şəmsəddin Hacıyevlə, Azər Süleymanov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ilə, Qafar Əliyev millət vəkili Aydın Hüseynovla, Ramin Vəlibəyli millət vəkili Sədaqət Vəliyevayla, tanınmış jurnalist, eks deputat Vüqar Rəhimzadə yazıçı-dramaturq, sabit millət vəkili və YAP-dan xaric edilən Hüseynbala Mirələmovla əvəzləniblər.

Yeni sədrlərin bir çoxu indiyə qədər sədr müavinləri vəzifələrini icra ediblər.

Həmçinin qeyd edək ki, M. İbrahimqızı hələ təxminən iki ay öncə YAP-ın Nəsimi rayon təşkilatının sədri vəzifəsindən getmiş və bununla bağlı açıqlama yaymışdı.

Eyni zamanda qeyd edək ki, axırıncı qurultaydan sonra YAP-ın şəhər və rayon təşkilatlarının sədrləri artıq seçki yolu ilə, təyinatla müəyyən olunurlar.

Ümumiyyətlə, bundan sonra YAP-çı millət vəkillərindən heç biri hakim partiyanın rayon və ya şəhər təşkilatının sədri vəzifəsini tuta bilməyəcək.

16:12

***

Millət vəkili Hikmət Babaoğlu isə parlamentdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə seçilib.

Bununla da bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

16:57

***

Eyni zamanda, sabiq deputat Alqış Musayev (Həsənoğlu) yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub.

YAP İdarə Heyətinin bu gün keçirilən iclasında belə qərar qəbul edilib.

Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu idi.

Qeyd edək ki, A. Həsənoğlu əvvəllər də uzun müddət qəzetin baş redaktoru olub.

Xatırladaq ki, A. Həsənoğlu (Musayev) Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin birbaşa göstərişi ilə baş redaktorluqdan uzaqlaşdırılmışdı.

17:05

***

YAP Mətbuat Xidmətinin yaydığı məlumatda isə bunlar qeyd olunur:

“Sentyabrın 10-da Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib.

İclasda ilk olaraq Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi haqqında məsələyə baxılıb. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu barədə məlumat verdikdən sonra hər bir əsasnamə ayrı-ayrılıqda müzakirəyə çıxarılaraq təsdiq olunub.  

Sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsinə baxılıb və Hacıbala Abutalıbov, Şəmsəddin XanbabayevTağı Əhmədovun YAP Veteranlar Şurasına üzv qəbul edilməsi haqqında qərar qəbul edilib.

İclasda növbəti məsələ isə Bakı şəhərinin rayonları üzrə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi olub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırılmalıdır. Eyni zamanda Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz. Bütün bu tələblərdən irəli gələrək YAP-ın yerli təşkilatlarına yeni sədrlərin seçilməsi ehtiyacı yaranıb. İclasda məsələ müzakirə olunub və Nağıyev Muxtar Teymur oğlu Səbail rayon təşkilatına, Süleymanov Azər Abdul oğlu Nəsimi rayon təşkilatına, Nəbiyev Bəxtiyar Eyvaz oğlu Yasamal rayon təşkilatına, Vəliyev Samir Əhməd oğlu Nərimanov rayon təşkilatına, Rəhimzadə Vüqar Gəncəli oğlu Xətai rayon təşkilatına, Vəlibəyov Ramil Vaqif oğlu Nizami rayon təşkilatına, İsmayılov Vüsar Qəşəm oğlu Binəqədi rayon təşkilatına, Vəliyev Misirxan İzzət oğlu Sabunçu rayon təşkilatına, Seyidov Vüqar Səməndər oğlu Suraxanı rayon təşkilatına, Əhmədov Namiq Məcid oğlu Xəzər rayon təşkilatına, Əliyev Qafar Məmməd oğlu Qaradağ rayon təşkilatına, Abasov Emil Tofiq oğlu Pirallahı rayon təşkilatına sədr təyin olunublar.

İclasda sonra Yeni Azərbaycan Partiyasının təsis etdiyi “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktorun təyin edilməsi məsələsi müzakirə olunub. Qeyd olunub ki, uzun illər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışmış Milli Məclisin deputatı Hikmət Məmmədov YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici müəyyən edilib. Buna görə də “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktorun təyin olunması zərurəti yaranıb.

Müzakirələrdən sonra Alqış Musayevin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. 

İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra YAP üzvlüyündən xaric edilmiş şəxslər haqqında YAP rayon (şəhər) təşkilatlarının qərarları təsdiqlənib və YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub.

Məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Azər Badamov, Elmar Qasımov, Hikmət Məmmədov, Musa Quliyev, Bayram Aslanov, Bahar Muradova, Tafiq Cahangirov, Eldar İbrahimov, Anar İsgəndərov və Rəşad Mahmudov çıxış edərək qeyd ediblər ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Ramiz Göyüşovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb, eyni zamanda cəmiyyətimizdə hiddətlə qınanılıb.

Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı yolverilməzdir. Ramiz Göyüşov bu qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə  görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq  Ramiz Göyüşovun YAP sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.

Sonda cari məsələlər müzakirə olunub”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2508 yeni yoluxma-DAHA 37 ÖLÜM…

Read Next

“Elələri var idi ki, dörd vəzifə daşıyır, həm də partiyanın rayon və ya şəhər təşkilatının sədri vəzifəsini icra edirdi…”-MM-İN KOMİTƏ SƏDRİ YAP İDARƏ HEYƏTİNİN SON İCLASINDA VERİLƏN QƏRARLARI ŞƏRH EDƏRKƏN BELƏ DEDİ, İSLAHATLARIN, YENİLƏNMƏLƏRİN QAÇILMAZ OLDUĞUNU BİLDİRDİ – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir