“Sənin separatçın ayrı, mənimki ayrı” prinsipi etibarsız və təhlükəlidir – POLİTOLOQ

Dövlətlərarası münasibətlərdə “mən sənə, sən də mənə” prinsipi işləyir.

Məsələn, Azərbaycan XİN Abxaziya separatçılarının keçirdiyi “prezident” seçkisini tanımadığını bəyan etdi, ardınca eyni açıqlama Gürcüstan XİN-dən gələrək Tiflisin Dağlıq Qarabağda keçirilən “bələdiyyə seçkilərinin” tanımadığı vurğulandı.

Eyni sözləri Azərbaycanla Ukrayna arasındakı münasibətlərə də şamil etmək olar.

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “yerli özünüidarəetmə seçkilərini” tanımadığını və qanunsuz hesab etdiyini bu cümlələrlə vurğuladı: “Sözügedən “seçkilər” Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini pozur və hüquqi cəhətdən etibarsızdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Bizim mövqeyimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək olmaqdan ibarətdir”.

Buna cavab olaraq eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”ə münasibət bildirib.

Leyla Abdullayeva bildirib ki, Azərbaycan XİN Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

Leyla Abdullayeva Krımın adını çəkmədən belə bir cümlə işlədib: “Azərbaycan Respublikası Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”.

Azərbaycanın, Gürcüstanın və Ukaynanın dərdi eynidir, bu 3 ölkə separatçılarla mübarizədə bir-birlərinə dəstək vermək məcburiyyətindədirlər.

“Sənin separatçın ayrı, mənimki ayrı” prinsipi etibarsız və təhlükəlidir.

Dağlıq Qarabağ Azərbaycan üçün nədirsə, Krım və Donbass da Ukrayna üçün odur.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

Parlamentdə bir gündə 3 görüş: “AŞPA dialoq üçün xeyli səy göstərib” – SƏMƏD SEYİDOV – YENİLƏNİB – (1)

Read Next

“Onun ölkəsindəkiylə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir