Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin müxtəlif dövrlərində həyata keçirilən soyqırım aktları ilə bağlı yeni faktların üzə çıxarılması, bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülür.
Etikxeber.az xəbər verir ki, Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların mühüm rolu var.
Bu sahədə İnstitutda indiyədək 30-a yaxın kitab nəşr etdirilib. Erməni qəsbkarlarının son dövrlərdə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı ərəb və fars dillərində yeni bir neçə nəşr işıq üzü görüb.
Xocalı soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunda, biri ərəb və ingilis, digəri isə fars və ingilis dillərində olmaqla, iki buklet nəşr olunub.
İnstitutdan Trend-ə verilən məlumata görə, bukletlərdə 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklərdən bəhs edilir.
Bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 487 nəfərin şikəst olması, 1275 dinc sakinin girov götürülməsi, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmaması, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini itirməsi qeyd edilir.
Hadisələr barədə ətraflı məlumat təqdim edilən bukletlərdə 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı günü kimi elan etməsi, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlər, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası və s. barədə məlumat təqdim edilir.
Bundan əlavə daha öncə Azərbaycan və rus dillərində Milli Məclis tərəfindən çap olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kitabı Şərqşünaslıq İnstitutunun əməkdaşları tərəfindən ərəb dilinə tərcümə edilərək nəşr etdirilib.
Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyevadır.
Kitabda bu günədək davam edən və Qafqaz regionunda gərginliyə səbəb olan Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edilir. Kitabın ilk səhifələrində Qarabağ toponimi haqqında qısa arayış verilir, bu toponimin tarixi mənbələrdə Kür və Araz çayları arasında yerləşən əraziləri bildirdiyinə, Qarabağın tarixən Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) bəylərbəyliklərindən biri sayıldığına işarə olunur.
Burada həmçinin XIX əsrin I yarısında, Rusiya imperiyasının köməyi ilə ermənilərin İrandan və Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi və həmin ərazilərdə məskunlaşdıqdan sonra uzun illər boyu öz dövlətlərini yaratmaq cəhdlərindən danışılır. Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin Azərbaycan torpaqlarının bir hissəsində respublika yaratmağa nail olmaları, XIX əsrdə köçürülərək məskunlaşmış ermənilərin yerli Azərbaycan əhalisi ilə birgə yaşadıqları Dağlıq Qarabağ ərazisində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaq şərti ilə, 1923-cü ildə Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması, bununla kifayətlənməyən ermənilərin Sovet hakimiyyəti illərində vilayətin Ermənistan SSR-in tərkibinə qatmaq cəhdlərindən bəhs edilir.
Kitabda daha sonra Sovet dövlətinin süqutu, parçalanması ərəfəsində Dağlıq Qarabağ məsələsinin erməni separatçıları tərəfindən yenidən gündəmə gətirilməsi, bu məsələnin daha sonra Azərbaycana qarşı elan olunmamış müharibəyə çevrilməsi, müharibə nəticəsində Dağlıq Qarabağın və onun hüdudlarından kənarda yerləşən yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Bakıda 20 Yanvar qırğını, həm Ermənistanda, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 1 milyona yaxın azərbaycanlının öz dədə-baba yurdlarından qovularaq didərgin düşməsi və s. haqda məlumat verilir.
Kitabda həmçinin münaqişənin nizamlanması, həlli üçün beynəlxalq vasitəçilərin cəlb olunduğu, Azərbaycan rəhbərliyinin bu sahədə diplomatik fəaliyyəti barədə geniş məlumat verilir, regionda sabitliyin, əmin-amanlığın bərqərar olması naminə Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyi xüsusi vurğulanır.
Kitabın ərəb dilinə tərcüməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.
Etikxeber.az