SƏRT ÜZLÜ ŞAHİDLƏR – Rafael Hüseynov yazır

Dərd dərddir və hələ ki dərdin, faciənin şiddət dərəcəsini ölçən hər hansı cihaz ixtira edilməyib.

Sadə bir insanın acısı da, bir ailənin müsibəti də, bir xalqın matəmi də özlüyündə böyük dərddir və miqyasdan asılı olmayaraq hər dərd mahiyyətiylə ağır mənəvi yük olduğundan özlüyündə böyükdür. Dərdləri o səbəbdən də ağırlıq-yüngüllük, böyüklük-kiçiklik dərəcəsinə görə müqayisə etməzlər. Amma elə müdhiş dərdlər, elə nəhəng faciələr də var ki, bir insanın, bir ailənin, bir millətin başına gəlməsindən asılı olmayaraq insanlığın düçar olduğu faciələrdən sayılır və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətlər qəbilinə daxil edilir.

Dünyanın tarixi yalnız yüksəlişlərin, inkişafın, misilsiz yaradıcılıqların tarixi deyil, həm də qanlı müharibələrin, dağıdıcı savaşların salnamələridir. Xocalı Yer kürəsinin xəritəsində kiçicik bir nöqtədir. Amma bu balaca məkanda 1992-ci ilin 26 fevralında baş vermiş soyqırımı hadisəsi oranı bizim müasiri olduğumuz illər və bütün gələcək tarix üçün insanlığın diqqət mərkəzində əbədi ələm və ibrət nümunəsi kimi qalmağa məhkum etdi. Mənə Xocalı faciəsini hadisə baş verəndən bir neçə gün sonra canlı olaraq ən yaxın məsafədən seyr etmək nəsib oldu. Hansısa video, yaxud kinokadrlarda deyil, canlı insan simasında.

“Amerikanın səsi” radiosu Azərbaycan bölməsinin müdiri doktor Həsən Cavadi 1992-ci ilin ilk mart günlərində Bakıya gəlmişdi və silsilə reportajlar hazırlamağı düşünürdü. O vaxtlar mən də həmin radionun Bakı bürosunun xüsusi müxbiri idim və Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün yaranmış bu imkandan maksimal istifadə etmək üçün çalışırdım. Respublika Xəstəxanasının o vaxtkı direktor müavini Rafiq İmanovla danışaraq qonağımızla məni onlarda müalicə olunan xocalılılarla görüşdürməyi rica etdim.

Ailəsinin bütün üzvləri məhv edilmiş, ayaqyalın, nazik bir paltarda dağları aşaraq düşmən əlindən qurtulmuş, bu qaçaqaçda ayaq barmaqlarını don vurmuş bir gənc qızın çarpayısının yanında əyləşmişdik. Suallar versək də, qız danışmırdı. Elə bil nitq qabiliyyətini itirmişdi, sanki heç bizimlə bir otaqda da deyildi. Onun donuq baxışları, bir neçə gün əvvəl yaşadığı dəhşətlərin gözlərində buzlaşıb qalmış vahiməsi bizə hər şeyi əyani şəkildə göstərirdi.Yəni bu dərdin sözlə ifadəsi əslində mümkünsüz idi. Bu dərd o qədər çəkilməz idi ki, onu söz deyil, yalnız sənədlər, dəlillər nümayiş etdirə bilərdi. Və o anda həmin qızın gözləri sənəd idi, o gözlər Xocalı qətliamını əyani şəkildə canlandıran ifşaedici ekran idi.

…Azərbaycan tarix boyu istilaları da görüb, qəsblərə də uğrayıb, yadellilərin olmazın məşəqqətlərinə də dözüb. Xocalı faciəsi bu faciələr silsiləsində bir həlqədir. Lakin çox səciyyəvi həlqədir. Çünki müxtəlif əsrlərdə Azərbaycana qarşı yönəlmiş təcavüzlərin yüzdə doxsanı mahiyyətcə sadəcə işğal, torpaq, sərvət ələ keçirmək ehtirasından törəmişdisə, XIX yüzilin üçüncü onilindən etibarən Azərbaycanın Rusiya ilə İran arasında bölünməsindən, Çar imperiyasının erməniləri özlərinə Qafqazda jandarm müəyyənləşdirməsindən sonra yurdumuza və millətimizə qarşı aparılan qamarlama siyasətinə qorxunc soyqırımı məkri əlavə olundu.
Həmin siyasət o vaxtdan indiyəcən mütəmadi olaraq gerçəkləşdirilən və daim yağı qüvvələrin diqqət mərkəzində qalan bir xətdir ki, gah terror, gah deportasiyalar, gah qanlı repressiyalar və sürgünlər, gah kütləvi qırğınlarla müşayiət edilib.

Təəssüflər ki, əsiri olduğumuz gözüqıpıq, dilikəsik sovet onillərində bizə bu haqda danışmaq və yazmaq imkanı verilməmişdi.Ermənilər onlara qarşı guya türklərin 1915-ci ildə törətdiklərini iddia etdikləri uydurma soyqırımı ilə bağlı Sovet İttifaqının özündə ayrıca kitablar nəşr edə bildikləri halda, biz real tarixi faciələrimizi bəyan etmək imkanından məhrum qalmışdıq.Bizə tarixi faciələrimiz, millətimizə yönəlik erməni soyqırımı ilə bağlı həqiqətləri millətimizə və dünyaya sübutları, dəlilləri ilə çatdırmaq üçün əsr, minillik dəyişməliymiş. Geniş miqyasda məhz XXI əsrdə, 2000-ci illərdən etibarən biz bu qəmli səhifələri dünya boyunca ictimailəşdirmək fəaliyyətlərinə başladıq.

Yeni əsrin, üçüncü minilliyin lap başlanğıcında, 2001-ci ilin yanvar ayında Azərbaycan dünyanın ən mötəbər və nüfuzlu təşkilatlarından olan Avropa Şurası Parlament Assambleyasına həqiqi üzv qəbul edildi. Həmin ilin aprel ayından, Asssambleyanın yaz sessiyasından etibarən biz bu qurumda sənədlər hazırlamaq, çıxışlar etmək səlahiyyəti qazandıq.Hazırladığımız ilk sənəd isə Ermənistanın Azərbaycana qarşı onillər boyu sistemli şəkildə apardığı soyqırımı siyasəti ilə əlaqədar idi. Aprelin 22-də Böyük Britaniyadan olan deputat, daha əvvəllərdən tanıdığım cənab Con Taylor mənə yaxınlaşaraq (bu mərd, prinsipial, vücudunda terror cəhdlərindən saxlanc olan qəlpələri daşıyan obyektiv insan az sonra “lord” titulu aldı və soyadı da dəyişib Kilkloni oldu) ermənilərin 24 apreldə yayacağı təhlükəli sənəd barədə xəbər verdi, diqqətlə oxuyandan sonra imza atacağı bəhanəsi ilə götürmüş olduğu həmin mətnin surətini də mənə təqdim etdi. Məsləhət gördü ki, türkiyəli deputatları da cəlb edərək qabaqlayıcı tədbirlər görməyə çalışaq.


Bu, “Türkiyənin ermənilərə qarşı törətdiyi soyqırımının tanınması haqqında” yazılı bəyannamə idi.

Mən xəbəri Türkiyə nümayəndə heyətinə də, Strasburqdakı daimi nümayəndəliyimizə də, öz deputatlarımıza da çatdırdım.İlk reaksiya belə oldu ki, ermənilər artıq sənədi hazırlayıb, kifayət qədər də imza yığıblar. Praktik olaraq bunun qarşısını almaq mümkün deyil.Söylədim ki, həmin sənədin irəliləməsinin qarşısını almağın yolu var. Biz də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları haqqında eyni tipli sənəd hazırlayaq. Onda Assambleya bu sənədlərin ya hər ikisini müzakirəyə çıxarmalı olacaq, ya da hər ikisinin elə bu mərhələdə dayanmasını lazım biləcək.Buna da etirazlar oldu ki, ermənilərin burada əlləri uzundur, onlar imza toplaya bilərlər, bizə isə Türkiyədən başqa dəstək verən olmayacaq. AŞ PA-dakı ilk nümayəndə heyətimizin rəhbəri sonralar Azərbaycan dövlətinin Prezidenti olacaq cənab İlham Əliyev idi. Bu vəziyyət barədə ona məlumat verincə tərəddüd edənlərin, niyyətimizin uğuruna şübhəylə yanaşanların əksinə olaraq dərhal mətni tərtib etməyi tapşırdı.

Mətni hazırlamağın öz çətinlikləri vardı. Yazılı bəyannamədə, Assambleyanın Nizamnaməsinə görə, sözlərin sayı 200-dən artıq olmamalı idi. Və bu məhdud çərçivədə Azərbaycana qarşı erməni təcavüzü, sovet repressiya və deportasiyaları, soyqırımının bütün mərhələlərini əks etdirmək nə qədər çətin olsa da, bir neçə saat sonra ilk layihəni hazırlayaraq rəhbərimizə təqdim etdim. Cənab İlham Əliyev oxudu, bəyəndi və ilk imzanı da bəyannaməyə özü atdı.
İlk dəfə 2001-ci il aprel ayının 26-da ingilis və fransız dillərində nəşr edilərək yayılan, həmin ilin 14 mayında növbəti dəfə tirajlanan həmin sənəd budur:

“Ermənistanın azərbaycanlılara qarşı soyqırımının tanınması haqqında.

Yazılı bəyannamə.

Azərbaycan torpaqlarının 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə bölünməsindən başlayaraq soyqırımları Azərbaycan tarixinin ayrılmaz parçasına çevrilmişdir.“Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər 1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımı törətmişlər.
1918-ci ilin martında ermənilər Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrində azərbaycanlıları kütləvi qətllərə məruz qoymuşlar. Sovet rejiminin dəstəyi ilə Ermənistan 1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini və digər torpaqlarını ələ keçirmişdir.
Kommunist rejimi 1948-1953-cü illərdə azərbaycanlıları Ermənistanda tarixən yaşamış olduqları torpaqlarından Azərbaycana deportasiya etmişdir.
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından zorla çıxarılmışdır.
1992-ci il fevralın 26-da ermənilər Xocalının bütün əhalisini soyqırımına uğradaraq şəhəri tamamilə dağıtmışlar. Dağlıq Qarabağdakı erməni separatizmi və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi nəticəsində minlərlə insan həyatını itirmiş, 1 milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrilmişdir. Avropa Şurası Parlament Assambleyasının bütün deputatlarına müraciət edərək Assambleyanın aşağıda imza edən üzvləri Ermənistanın XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının tanınması üçün zəruri addımları atmağa çağırır”.

Hazırladığımız bu ilk və qəbul edilməsi, həmfikirlər tapılaraq imzalanması inanılmaz kimi görünən sənədin irəliləməsində bizə dəstək verənləri minnətdarlıqla xatırlamaq lazımdır. Təbii ki, Türkiyə bizimlə idi və imzaların çoxu da onlardan gəlmişdi. Sonralar Türkiyə Prezidenti olmu.Abdullah Gül o vaxt imzasını aldığım türkiyəli deputatlardan biri idi. Assambleyanın Türkiyədən olan ən qocaman və ən stajlı üzvü deputat cənab Akçalı da bizi qəlbən müdafiə edənlərdən idi. Sənədi Albaniyadan, Böyük Britaniyadan, Lüksemburqdan, Polşadan, Bolqarıstandan, keçmiş Yuqoslav respublikası Makedoniyadan, Norveçdən olan və Assambleyadakı Sosialist qrupunu, Avropa Xalq Partiyası qrupunu, Avropa Demokratları qrupunu, Liberal, Demokratik və İslahatçılar qrupunu, Avropa Solları qrupunu təmsil edən və siyasi qruplarda üzv olmayan müstəqil deputatlar – cəmi 30 nəfər imzalamışdı. Amma imza almaq üçün müraciət etdiyim deputatlar onlarla deyil, yüzlərlə olmuşdu. Hər birinə yaxınlaşır, 5-10 dəqiqə hadisələrin mahiyyətindən bəhs edir, tarixi faktları gətirir, həmfikir olmalarını rica edirdim. Hələ tək-tək deputatlarla tanışlığımız vardı. Hər imza sanki daşdan çıxırdı.

Yaxınlaşaraq imza istədiklərimdən biri Azərbaycana bədxah münasibətilə sonradan hər kəsə bəlli olan Andreas Qross idi. O, bir neçə gün əvvəl artıq erməni lobbisi tərəfindən hazırlanmış və guya türklərin ermənilərə qarşı törətdikləri qondarma soyqırımının tanınması haqqında sənədə imza atmışdı. A.Qrossa üz tutub XX əsrin əvvəlində baş verən hadisələrlə bağlı, yetərincə mübahisəli olan erməni iddiaları əsasında hazırlanmış sənədə imza atdığını xatırladaraq lap yaxın tarix içərisində cərəyan etmiş, bütün sübutları ortada olan Xocalı soyqırımının da haqqında bəhs edilən sənədimizə imza atmasını istəmişdim. Bozarmışdı: “Xocalıda baş verənlər soyqırımı deyil, müharibədə insanlar ölüb, bu, təbiidir. Ermənilərə qarşı türklərin törətdikləri isə əsl soyqırımıdır!” – demişdi.
O zamanlar AŞ PA-nın Siyasi komitəsinin sədri olan, sonralar Avropa Şurasının Baş katibi vəzifəsinə ucalan böyük siyasətçi, qiymətli şəxsiyyət, ingiltərəli Terri Devis isə təqdim etdiyim sənədi tutduğu rəsmi vəzifənin yaratdığı maneələrə rəğmən imzalamışdı.


İlk dostlarımızı, ilk açıq və qapalı bədxahlarımızı elə o vaxtdan tanımağa başlamışdıq.Bu sənəd bir tarixdir. Beynəlxalq təşkilatlar çərçivəsində hazırlanmış və Azərbaycana qarşı erməni soyqırımlarının bütün xronolojisini əks etdirən ilk sənəd. Və indi uzaqda qalmış 2001-ci ilin aprelində həmin vacibdən-vacib sənədin yaranmasına ilk növbədə cənab İlham Əliyevin qətiyyəti səbəb olmuşdu.Tarixi şəxsiyyətlərin gücü və böyüklüyü onların məhz mühüm tarixi məqamlardakı cəsarəti, çox düşünüb götür-qoy etməyə macal olmayan qəfil anlarda qəbul etdikləri qərarların uzaqgörənliyi, gələcək üçün siqləti və həlledici faydası ilə ölçülür. Prezident İlham Əliyev müstəsna azərbaycanlı, unudulmaz Heydər Əliyevin oğludur.

Heydər Əliyevə anası Heydər adını azərbaycanlılara qarşı ermənilərin XX əsrin ilk onillərində törətdikləri soyqırımları zamanı həlak olmuş qardaşının şərəfinə vermişdi. Və böyük dövlət adamı Heydər Əliyev yaxşı bilirdi ki, hansı taleyi yaşamış dayısının adını daşıyır. Prezident İlham Əliyevin də oğlunun adı Heydərdir. Və o adla bağlı şəcərə tarixçələrini Prezident İlham Əliyev də yaxşı bilir.Təfərrüatları ilə agahdır ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımları yalnız doğma millətinin deyil, bilavasitə öz nəslinin, ailəsinin də taleyindən keçir.Elə həmin səbəbdən də Prezident İlham Əliyevin qızı Leyla Əliyevanın dünya boyu gerçəkləşdirdiyi və çox uğurlu bəhrələr verən «Xocalıya Ədalət!” hərəkatı həm ən içdən gələn vətənpərvərlik duyğularının hökmü, həm də damarlarında axan qanın diktəsi kimi qavranılmalıdır.

… “Xocalıya Ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir. Xocalı faciəsini dünya boyunca bir soyqırımı olaraq tanıtmaq həqiqətdə dünya erməniçiliyinin vətənimizə və millətimizə qarşı onillər boyu apardığı soyqırımı siyasətinin anatomiyasını açmaqdır. Bu yolda əməyi olan hər insan ehtirama layiqdir. 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı erməni təcavüzü addım-addım irəlilədiyi vaxtlarda bizim ən kəsirli cəhətlərimizdən biri dünyadakı informasiya savaşında uduzmağımız idi. Əlbəttə, bunun tarixi səbəbləri vardı. Yetərincə təşkilatlanmış, qol-qanad atmış erməni lobbisi dünya boyunca, o sıradan Sovet İttifaqında da zülmə məruz qalmış, məzlum erməni obrazını yarada bilmişdi. İnanıram ki, uzaq gələcəyin işi deyil – mütləq və mütləq indiki günlərimizdə dünyanı daimi nigarançılıqda saxlayan terrorizm, narkoticarət, insan alveri kimi bəlalardan daha dəhşətli olan erməniçilik ədalət məhkəməsi qarşısında dayanmalı olacaq, Nürnberq məhkəməsi kimi bir divan Ermənistan və onun terrorçu dövlət siyasətinə də qurulacaq.

Vaxtilə mən Strasburqda, Avropa Şurası tribunasından çıxış edən keçmiş Ermənistan prezidenti Robert Koçaryana müraciətlə sual vermişdim: “Siz mətbuata verdiyiniz, rəsmən dərc edilmiş müsahibənizdə Dağlıq Qarabağda, o cümlədən Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakınızla fəxr etdiyinizi etiraf etmiziniz. Orada dinc əhali, qadınlar, qocalar, uşaqlar da amansızca qətlə yetirilmişlər. Bunlarla da fəxr edirsinizmi?” Mentalitetinə və xəbis varlığına xas olan sinizmlə sırtıqcasına cavab vermişdi ki, bu, müharibədir! Amma təpədən dırnağa slahlı erməni quldur dəstələri, başda dünyada məşhur terrorçu Monte Nelkonyanın olduğu muzdlular, Ermənistan ordusunun hissələri, 366-cı alayın əsgərləri gecənin bir aləmində sliahsız, müqavimət göstərməyə heç bir imkanı olmayan xocalıların üzərinə hücum edərək qocasına-cavanına, qadınına-kişisinə, uşağına-gəncinə baxmadan ucdantutma və ən qəddar üsullarla yüzlərlə dinc insanı qətlə yetirisə, bunun müharibəyə nə aidiyyəti var?!

Müharibə bütün mahiyyəti ilə ədalətsizlikdir, haqq nizamının pozulmasıdır. Amma hətta müharibənin də həm rəsmən yazılmış, ancaq rəsmən yazılmasa da, hamılıqla qəbul edilmiş ölçüləri, şərtləri var. Xocalı soyqırımı həm də onun isbatıdır ki, ermənçilik müharibəni də iblisdən daha amansız üsullarla apara bilərmiş.
İnsana nifrətin bunca aşırı dərəcəsi ilə zəhərlənmiş millətə, milləti bu girdaba çökdürmüş bədbeybətlərə tarix əsl qiymətini artıq verməyə başlayır və ağır cəza saatı da hökmən gec-tez yetişəcəkdir!

…Xocalı faciəsi ermənilərin və erməniçiliyin Azərbaycan xalqına qarşı sistemli soyqırımı siyasətinin bariz ifadəsi olmaqla bərabər, beynəlxalq terrorizmin ən qəddar örnəklərindən biri, insanlığa qarşı indiyəcən törədilmiş cinayətlərin ən ağırlarındandır. Bizim özümüzün düşmənlərimizi bütün ayrıntıları ilə bir qədər də yaxşı tanımağımız, dünyanın da bizim hansı düşmənlə üzbəüz olduğu¬muzu bir qədər də dəqiq bilməsi üçün mötəbər körpü olacaq cild-cild kitablara, filmlərə, sənədli və bədii əsərlərə ehtiyac böyükdür. Əlbəttə, elə kitabları oxumaq da, o cür filmlərə baxmaq da çox ağırdır. Həmin dərdləri yaşamaq və daşımaq isə təbii ki, ondan da qat-qat ağırdır. Amma o Sərt Üzlü Şahidlərin – həmin cildlərin, sənədlər toplularının, filmlərin, rəsm əsərlərinin, fotoların… erməni cinayətkarlara və onların havadarlarına vurduğu damğa daha ağırdır.

Çünki kitablar, filmlər, sənədlər, rəsmlər, nəğmələr zaman-zaman yaşayır və hər gələn yeni nəsillərə gerçəkləri yetirir.

Onların çatdırdığı həqiqətlərsə, Xocalı faciəsini törətmiş cinayətkarlara həmişə nifrət, ikrah, kin oyadacaq.

Əbədi nifrətdən müdhiş nə cəza ola bilər ki!

Rafael Hüseynov,

Akademik

Etikxeber.az

Read Previous

Quba, Qusar və Xızı rayonlarının ərazisinə-QAR YAĞDI

Read Next

Ayaz Mütəllibov dövlət və hökumət rəsmiləri ilə bir yerdə-XOCALI ABİDƏSİNİ ZİYARƏT ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir