Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına-APARILDI VƏ…- YENİLƏNİB – (1)

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonuna, polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

Etikxeber.az-ın məlumatına görə, hər iki şəhidin cənazələri ata ocaqlarında böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, hər iki şəhid sabah dəfn olunacaq.

Onu da qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

20:22

***

Şəhid P. Həşimovun cənazəsi ata ocağında böyük coşqu ilə qarşılanıb.

Cənazə namazının qılınması mərasimində minlərlə adam toplaşıb.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, hərbçilər, ehtiyatda olan zabitlər və rayon ictimaiyyəti iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı, şəhidin hərbiçi yoldaşları çıxış edərək, onun 1992-ci ildən bəri keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan, xatirələrindən danışıblar. Çıxışlarda Polad Həşimovun döyüş yolunun gənclərə nümunə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Vətən uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmur və daim əziz tutulur.

Generalın ailə üzvləri adından çıxış edən qardaşı İlham Həşimov və oğlu Davud Həşimov şəhidlə bağlı xatirələrini bölüşüb. Düz 28 il öncə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyarkən 18 yaşlı kursant Polad Həşimov Dağlıq Qarabağda baş verən müharibənin qızğın vaxtında Ağdam və Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2016-cı ildə baş verən aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2 ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2019-cu ildə ona general-mayor rütbəsi verilib. Polad Həşimovun ölümü nəinki Qəbələ rayonu, bütün Azərbaycan xalqı üçün böyük bir itgidir və o fəxr olunası qəhrəmanımızdır.

Daha sonra şəhid generalın cənazəsi Azərbaycan bayrağı altında, böyük insan izdihamında “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Qəbələdən Bakıya yola salınıb. Şəhid Polad Həşimovun nəşi sabah Bakıda İkinci Fəxri Xiyadanda torpağa tapşırılacaq.

Şəhidin bir qız və iki oğul övladı var.

Allah rəhmət etsin!

22:15, 14 iyun

***

Şəhid P. Həşimovun nəşi bir qədər öncə Sumqayıtdakı evinə gətirilib.

Səhid generalın cənazəsi Sumqayıtda böyük coşqu ilə qarşılanıb.

Etikxeber.az

Read Previous

“Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi, uzunmüddətli atəş nöqtəsi məhv edilib”-MÜDAFİƏ NAZİRLİYİ YENİ MƏLUMAT YAYDI – YENİLƏNİB – (1) – VİDEO

Read Next

“Şiddətli döyüşlər gedir…Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib…”-MÜDAFİƏ NAZİRLİYİNDƏN NÖVBƏTİ BƏYANAT, ERMƏNİSTANA MƏXSUS PAU VURULUB – YENİLƏNİB – (6) – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir