“Şəhid olmamışdan beş-altı gün əvvəl anası ilə danışmış və demişdi ki, artıq ayağımız Kəlbəcər torpağındadır, iki postu almışıq…”-ŞƏHİD ATASI ƏMİRASTAN NAĞIYEV – SABAH ŞƏHİD VÜSAL NAĞIYEVİN 31 YAŞI TAMAM OLUR

Dünən-növbəti dəfə kəndimizin (Qızılhacılının) qəbiristanlığını, ikinci Şəhidlər xiyabanını ziyarət etməyə getmişdim.

Ziyarəti başa vurub, foto-çəkilişləri yekunlaşdırıb, evə dönməyə hazırlaşırdım, birdən gördüm ki, 5 nəfər Şəhidlər xiyabanına, məzarlardan birinə tərəf-İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Əmirastan oğlu Nağıyevin qəbrinə doğru gedir…

Şəhidimizin anası, atası, həyat yoldaşı, xalası və övladlarından biri…

Evə dönmək fikrindən daşındım, özümü toparlayıb, birtəhər Şəhidimizin atasına yaxınlaşaraq, həm başsağlığı verdim, həm də ondan Şəhidimizlə bağlı bəzi məlumatlar almağa çalışdım…

Şəhidimizin dərdli, amma məğrur atası bildirdi ki, iki gün sonra, ayın 10-da 31 yaşı tamam olacaq oğlu Vüsal orta məktəbi bitirdikdən sonra həyatını hərblə bağlayıb. 31 yaşının, 31 illik ömrünün 13 ilini hərbi xidmət daxil Orduda keçirib, ta ki, Şəhadətinəcən…

Son 4 ildə hərbi rabitəçi işləyib, İkinci Vətən Müharibəsi başlayan kimi, ərizə yazıb kəşfiyyata keçib və İkinci Qarabağ Savaşının ilk günündən, ilk saniyəsindən də cəbhədə, döyüşlərdə, ən çətin bölgələrdə olub…

Talışın, Suqovuşanın azad olunması uğrunda vuruşub, qəhrəmanlıqlar, igidliklər göstərib, ad-san qazanıb…

Sonra Kəlbəcər-Murov istiqamətində olub, vuruşub, döyüşüb və oktyabrın 30-u axşam, ağır döyüşlərin birində Şəhid olub.

“Şəhid olmamışdan beş-altı gün əvvəl – bu, həm də onun sonuncu danışığı oldu – anası ilə danışmış və demişdi ki, ana, gözünüz aydın olsun, artıq ayağımız Kəlbəcər torpağındadır, iki postu almışıq, ermənilərdən təmizləmişik, inşallah, yaxın günlərdə Kəlbəcəri tam azad edəcəyik…Ondan sonra bir daha Vüsalla əlaqə saxlamaq, danışmaq mümkün olmadı. Ayın 30-u axşam isə qardaşım zəng etdi ki, Vüsal Şəhid olub…Vüsal, oğlum olduğu üçün demirəm, ayrı bir oğuluydu, tayı-bərabəri yox idi…Fikri-zikri də ancaq torpaqlarımızın azad olunmasındaydı…O, ancaq Vətən, torpaq üçün yaşayırdı…Və torpaq, Vətən uğrunda da canını fəda etdi, Şəhidlik məqamına ucaldı…Bir ata üçün danışmaq nə qədər çətin olsa da, ancaq fəxr və qürur hissi duyuram ki, Vüsal kimi oğulun, İgidin atasıyam…Onun döyüşdüyü yerlərdən çəkdiyi videolara baxdıqca, dəhşətə gəlirəm, fəxr edirəm ki, belə bir oğlum var, belə bir İgidim olub…”-deyən 65 yaşlı Əmirastan kişi, Əmirastan dayı özü də Qazi, Birinci Qarabağ Savaşının iştirakçılarından, qəhrəmanlarından olub.

Atalar məsəlində də deyildiyi kimi, ot kökü üstə bitər… Bəli, Vüsalın timsalında bu məsəlin nə qədər həqiqət olduğu göz önündədir…

İki azyaşlı övlad, iki oğlu atası olan Vüsal öz kəndlərində-Buzluqda deyil, Qızılhacılı, bizim kəndin qəbiristanlığında, ikinci Şəhidlər Xiyabanında dəfn olunub-oktyabrın 31-də…

Vüsal ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalına layiq görülüb…

Qeyd edim ki, Vüsalgil ailədə 4 uşaq, 3 qardaş, 1 bacı olublar…

Amma qardaşlarından biri bir neçə il öncə, cəmi 21 yaşında-vaxtsız və faciəli şəkildə həyatını itirib…

Vüsalın böyük-34 yaşlı qardaşı da hazırda Vətənin xidmətində, Vətənin keşiyindədir, Kəlbəcərdədir…

3 övlad atasıdır və ailəsi tezliklə onun tərxis olunmasını, evinə, doğmalarına dönməsini gözləyir.

Şəhidimizin atası həm də sən demə, rəhmətlik atamın yaxın dostu imiş…

Mən də bunu dünən ilk dəfə öyrənmiş, bilmiş oldum…Həm mən, həm Əmirastan dayı-hər ikimiz bundan çox sevindik…

Şəhidimizin məzarı başında xeyli söhbətləşdik, dərdləşdik…

Həm Əmirastan dayıya, həm iki gənc, cavan oğul itirmiş Şəhid anasına, həm də Şəhidimizin həyat yoldaşı və xalasına bir daha dərin hüznlə başsağlığı verdim, “Şəhidimizin məzarı nurla dolsun, məkanı cənnətlik olsun, nur içində yatsın!”-dedim…

Sabah Şəhidimizin, İgidimizin, Talış, Suqovuşan, Murov Fatehinin-Vüsal balamızın doğum-ad günüdür…

Yaşasaydı, 31 yaşı tamam olacaqdı…Amma…

Şəhadətindəki ilk ad günü, ilk ad günün mübarək olsun, Vüsal balamız!

Az yaşadın, amma mənalı, KİŞİ kimi yaşadın, ad-san, silinməz iz qoyub getdin, cəmi 31 yaşında Haqqın Dərganına yürüdün, qovuşdun…

Dərgahın, məqamın Mübarək və Uca olsun!

Allah rəhmət etsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu rayonda İkinci Vətən Müharibəsi iştirakçıları və Qazilər-ZİYARƏT EDİLDİ – FOTOLAR

Read Next

Füzulidən, Cəbrayıldan, Hadrutdan tutmuş Qubadlıya, Şuşaya, Laçın dəhlizinəcən döyüş yolu keçmiş-“ŞUŞA” MEDALLI NEMƏT MÖVSÜMOV!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir