Şəhid qardaşlar: Ali təhsilli, subay- 27 YAŞI TAMAM OLAN İSLAM ƏHMƏDOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNDİ…-FOTOLAR – YENİLƏNİB – (6)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan İslam İlqar oğlu Əhmədovun doğum günüdür.

İslam Əhmədovun bu gün 27 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, İslam Əhmədov 1994-cü ilin sentyabr ayının 19-da sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Orta məktəbi qurtardıqdan, ali təhsilini bitirdikdən və Əsgərliyini başa vurduqdan bir müddət sonra yenə həyatını, taleyini hərblə, Ordu ilə bağlayıb.

O, MAXE kimi Orduda fəaliyyət göstərib/İkinci Vətən Müharibəsinin ilk günündə də döyüşlərə atılıb və elə sentyabrın 27-də də Füzuli istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib.

İslamgil ailədə iki uşaq, iki qardaş olublar.

Qardaşı Əli Əhmədov da hərbçi, İkinci Vətən Müharibəsinin iştirakçılarından və Şəhidlərindən biri olub.Əli də hərbçi-kiçik çavuş kimi müharibənin elə ilk günü, sentyanrın 27-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə Şəhidlik məqamına ucalıb.

Hər iki qardaş ey gündə, sentyabrın 28-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunublar.

Hər ikisi də ölümündən sonra bir neçə medalla təltif ediliblər.

Şəhid qardaşlardan Əli nişanlı, İslam subay olub.

Bu ilin avqust ayının 26-da Şəhid qardaşların ev-muzeyi və xatirə lövhəsinin açılışı olub.

Bu gün Cənnətdəki ilk ad günü ilə bağlı İslam Əhmədovun Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Eyni zamanda, ziyarətdən sonra Şəhidin doğum günü, mövludu ilə bağlı mərasim keçiriləcək.

Ziyarət və mərasimdə Şəhidin anası Sevinc xanım, qohumları, yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər və digərləri iştirak edəcəklər.

Ziyarət zamanı Şəhidin, Şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək.

Mərasim zamanı isə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək.

Sonra Şəhidin, Şəhid qardaşların adına ehsan süfrəsi açılacaq.

Məkanı cənnətlik, Cənnətdəki ilk ad günü mübarək olsun!

Nur içində yatsın, nur içində yatsınlar!

Allah anasına və yaxınlarına səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

00:00

***

19 sentyabr 2021-ci il, saat 10:40

“Günəşli” yaşayış məhəlləsi, Şəhid qardaşların ev-muzeyi, Mingəçevir…

11 ay 8 gündür boş qalmış çarpayılar…

Hər iki oğlunu, hər iki övladını Vətən yolunda Şəhid vermiş Qəhrəman ana…Sevinc ana…

Təsəlli üçün söz belə acizdir…Sözün bitdiyi yer…

10:50

***

Lerik və Bakının Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərinin, daha iki Şəhid qardaşın yaralı, dərdli, həm də Qürurlu, Məğrur valideynləri…

Eyni gündə Şəhid olumuş İman və Bəhram Məmmədzadə qardaşlarınin valideynləri-Həcər ana və Elman ata…

Bir-biri ilə həmdərd, bir-birinə dəstək olan Şəhid valideynləri…

11:18

***

İman və Bərham Məmmədzadələrin atası Elman Məmmədzadə: “Onlar Qələbə və Zəfərin, Qalibiyyətin Qəhrəmanları, Şəhidləridir

Saat 11:30-da Cənnətdəki ilk ad günü ilə bağlı İslam Əhmədov və Şəhid qardaşı Əli Əhmədovun Mingəçevir Şəhidlər Xiyabanındakı məzarlarının ziyarəti başlayıb.

Ziyarətdə Şəhidin anası, yaxınları, Mingəçevir sakinləri, Şəhid qardaşlar-Bəhram və İman Məmmədzadələrin valideynləri, digər Şəhid ailələri, Qaziləri, din xadimləri və məktəblilər iştirak ediblər.

Şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib.

Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Eyni zamanda, məktəblilərin ifasında İkinci Vətən Müharibəsinə, Şəhidlərə aid şeirlər səsləndirilib.

İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədzadə çıxış edərək, cəmi Şəhidlərin Qələbə və Zəfər Şəhidləri olduqlarını bildirib.

Qeyd edib ki, Şəhidlər Azərbaycanın və bütövlükdə Türk Dünyasının başını uca etdilər, 32 ildən sonra qanlı münaqişəyə son qoydular.

Onun sözlərinə görə, İslam və Əli Əhmədovlar da daxil olmaqla, Şəhidlər Azərbaycana, Türk Dünyasını Qələbə və Zəfər qazandırdılar.

“Ona görə Şəhid analarına üz tutaraq deyirəm ki, ağlamayın, göz yaşı tökməyin, başınızı uca və dik tutun. Çünki həm sizlər Qəhrəmanlarsınız, həm də övladlarınız, Şəhidlərimiz Qəhrəmandırlar. Onlar Qələbə və Zəfərin, Qalibiyyətin Qəhrəmanları, Şəhidləridir”.

Ziyarət təxminən bir saat çəkib.

Daha sonra Şəhidlərin ev-muzeyində, anasının yaşadığı evdə İslam Əhmədovun Cənnətdəki ilk ad günü ilə bağlı mərasim başlayıb.

12:59

***

Mərasimdə Şəhidin yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, “Nur” Dəstək Qrupunun üzvləri və digərləri iştirak edirlər.

Həmçinin, Əli və İslam Əhmədovların müəllimləri və iş yoldaşları mərasimə qatılıblar.

Onlar Şəhid qardaşların anası Sevinc xanıma və əzizlərinə səbr diləyiblər

Mərasimin sonunda Şəhid qardaşların adına ehsan veriləcək.

14:23

***

Mərasimdə Dövlət himni oxunub və səsləndirilib.

Sonra çıxışlar edilib.

Şəhidlərin anası Sevinc xanım çıxış edərək, belə bir gündə onu tək buraxmadıqları, ona dəstək olduqları üçün mərasim iştirakçılarına minnətdarlığını bildirib.

O, Şəhid övladını-İslamı Cənnətdəki ilk doğum günü ilə bağlı təbrik edib.

Bu zaman mərasimdə duyğulu anlar yaşanıb, mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyib.

Daha sonra Şəhid analarından-Nəhayət xanım, Ümmü xanım, Saqibət xanım, Şəhid qardaşların atası Elman bəy və digərləri çıxış ediblər.

Mərasində Şəhidlərə həsr olunmuş mahnılar da ifa edilib.

Sonda isə Şəhidlərin adına ehsan verilib.

14:23

***

FOTOLAR:

16:13

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Mingəçevir-Bakı-Mingəçevir

Etikxeber.az

Read Previous

“Oğlum Şəhid olanda əllərimi yuxarı qaldırıb Allahıma yalvardım ki, mənim qəddarlaşmağıma, xasiyyətimin sərtləşməsinə imkan verməsin…İndi daha da mülayim, daha da yumşaq xasiyyətliyəm…”-TƏK ÖVLADINI-ELMAR İBRAHİMOVU ŞƏHİD VERMİŞ VƏ TƏK-TƏHNA YAŞAYAN ÜMMÜ İBRAHİMOVA – ŞƏHİD ANASI İLƏ MARAQLANAN OLACAQMI? – FOTOLAR – YENİLƏNİB

Read Next

Evin-ailənin tək oğlu, iki medallı-ŞƏHİD RƏŞİD HƏMİDOVUN 22 YAŞI TAMAM OLDU – MƏZARI ZİYARƏT EDİLDİ, CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir