“Şəhid, Qazi ailələri ilə gündəlik ünsiyyətdəyəm, bir nəfər də olsun peşmançılıq çəkən, “kaş ki, olmayaydı” deyən vətəndaş tapa bilməzsiniz”-BƏHRUZ MƏHƏRRƏMOV

Millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin son-11 dekabr tarixli iclasında pandemiya şəraiti ilə əlaqədar gündəlik ətrafında çıxışlar olmadığı üçün çıxışını yazılı təqdim edib.

Etikxeber.az həmin çıxışı təqdim edir: 

“İkinci Vətən Müharibəsində bütün Azərbaycan kimi, təmsil etdiyim Biləsuvar da şərəflə, böyük rəşadətlə iştirak etdi, Qəhrəman rayon adına layiq olduğunu bir daha isbatladı. 

Bu gün Biləsuvarda yeganə ümidini – tək övladını Vətənə şəhid verən ailələr var.

Fəlc olmuş anasını xəstəxanada, qoca atasını evdə tək qoyub cəbhəyə yollanan igidlərimiz var.

Ailənin yükünü çəkən yeganə şəxs olsa da cəbhədə əmək qabiliyyətini itirən qazilər var.

Yaralanıb hospital düşsə də, sağalmamış israrla yenidən cəbhəyə qayıdıb şəhid olan igidlərimiz var Biləsuvarda. Baxmayaraq ki,  pandemiya Biləsuvarda güzəranımıza ciddi təsir edib, baxmayaraq ki, yaz və yay aylarında içməli və suvarma suyunun olmaması Biləsuvarda xoşagəlməz vəziyyət yaradıb, habelə,illərdir yığılıb qalmış başqa problemlər kifayət qədərdir, lakin Vətən müharibəsi dövründə bir dəfə də olsun şikayət eşitmədik.

Bu gün deputat olaraq Şəhid, Qazi ailələri ilə gündəlik ünsiyyətdəyəm, bir nəfər də olsun peşmançılıq çəkən, “kaş ki, olmayaydı” deyən vətəndaş tapa bilməzsiz. Şəhidin anası “Vətən sağ olsun!” deyir, qazi atası “oğlum vətənə qurbandır!” deyir. Bax budur Biləsuvar!

Bu milli qeyrətə, bu igid kimliyə görə mən seçicilərimə təşəkkür etmək istəyirəm. Biləsuvar insanına təşəkkür etmək borcum olduğu kimi bir də camaata verdiyim bir söz var,  onların adından təşəkkür borcum var. Cənab Prezident sentyabrın 30-da və noyabrın 11-də hospitalda qazilərimizlə görüşdə bəyan etdi ki, bundan sonrakı fəaliyyətində şəhid ailələri və qazilərimizin qayğıları bundan sonra şəxsən onun öz nəzarətində olacaq, bu, bütün ölkədə, o cümlədən bizim Biləsuvarda insanlara ruh verdi, şəhidimizin, qazimizin gözü arxada qalmadı.

İki gün öncə, Biləsuvarın 10-a yaxın qəhrəman ovladı cənab Prezident tərəfindən “Vətən müharibəsi Qəhrəmanı” adına və “Qarabağ” ordeninə layiq görüldü. Bu dəyəri verdiyinə görə cənab Ali baş komandana Biləsuvar adından təşəkkür edirəm.Vətən müharibəsi şəhidlərinin ailələri adından ikinci təşəkkürü Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna etmək istəyirəm.

Bu gün Biləsuvarda elə şəhid ailəsi yoxdur ki, onlara Heydər Əliyev Fondunun nümayəndələri baş çəkməsin, dərdli ürəklərin dərdinə şərik olmasın.

Ən dəyərli varlığı – övladını itirən şəhid ailəsinin dünya malında gözü yoxdur.

Lakin bu qayğı milyonlara dəyər. Bu diqqət şəhid ailələrinə  ruh verir, dövlətin ilk gündən onların yanında olmasını göstərir.

 Əminəm ki, cənab Prezidentin və hörmətli Mehriban xanımın bu istiqamətdə fəaliyyəti digər strukturlar üçün mayak və yol xəritəsi olacaq, şəhid ailələri və qazilərimiz daşıdıqları layiqli ada uyğun münasibətlə əhatələnməkdə davam edəcək”.

00:29, 12 dekabr

Etikxeber.az

Read Previous

Ölkə Prezidenti və Birinci vitse-prezident Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİ… – FOTO-VİDEO – YENİLƏNİB

Read Next

Daha 4268 yeni yoluxma-DAHA 43 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir