Əmək və sosial komitəsinin gündəliyi məlum oldu-İKİ İCTİMAİ DİNLƏMƏ VƏ TURİZMLƏ BAĞLI QANUN LAYİHƏSİNİN HAZIRLIĞINI SÜRƏTLƏNDİRMƏK NƏZƏRDƏ TUTULUR

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin 6-cı çağırış parlamentdə ilk iclasının gündəliyi məlum olub.

Etikxeber.az-ın məlumatına görə, martın 16-da keçiriləcək iclasın gündəliyinə üç məsələ daxil edilib.

Birinci məsələ komitənin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, ikinci məsələ “Turizm haqqında” qanuna dəyişiklik, 3-cü məsələ isə Azərbaycanla Bolqarıstan Hökuməti arasında Sazişin təsdiqlənməsi məsələsidir.

Sözügedən komitənin yeni sədri Musa Quliyev saytımıza açıqlamasında bildirib ki, qanunvericilik işləri planına ilk olaraq 3 məsələnin salınması nəzərdə tutulur.

“Bunlar əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər barədə, eləcə də, tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icra vəziyyəti ilə bağlı ictimai dinləmənin keçirilməsi, həmçinin, “Turizm haqqında” yeni qanunvericiliyin hazırlanması məsələsidir. Bunlar hər üçü vacib məsələlərdir. Bildiyiniz kimi, turizmlə bağlı yeni qanun layihəsi üzərində bir neçə ildir ki, işlər gedir. Bu yöndə yeni, təkmil qanuna ehtiyac var. Odur ki, qanunvericilik işləri planına həm adıçəkilən iki məsələ ilə bağlı ictimai dinləmələrin keçirilməsi, həm də turizmlə əlaqədar qanunvericiliyin hazırlanması istiqamətində işlərin davam etdirilməsi məsələsini salmağı düşünürük. Bununla belə, təbii ki, komitə üzvlərinin təklifləri də olacaq və onlar da nəzərə alınacaq”-deyə, M. Quliyev qeyd edib.

Gündəlikdəki ikinci məsələ-“Turizm haqqında” mövcud qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsidir ki, orada turistlərlə bağlı elektron viza, elektron sifariş məsələlərinin reallaşdırılması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Naxçıvanlı təltif olundu-MƏMMƏDOV VƏZİFƏSİNDƏN ÇIXARILDI – SƏRƏNCAMLAR

Read Next

Koronavirusla bağlı-ÖLKƏDƏ FÖVQƏLADƏ VƏZİYYƏT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir